Şuşaya dəmir yolunun tikintisinə nə zaman BAŞLANACAQ? – VACİB AÇIQLAMA
“Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı bildirib. Şuşaya dəmir yolunun çəkilməsinin nə zaman başlaması gözlənilir?
ARANTV.AZ xəbər verir ki, bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, işğaldan azad olunmuş ərazilərə gediş-gəlişin rahat təşkili üçün şaxəli nəqliyyat infrastrukturu qurulacaqdır:
“Artıq müasir avtomobil yollarının tikintisi icra olunur. Füzulidə beynəlxalq aeroportun tikintisi ilə bağlı ölkə başçısı tapşırıq veribdir. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Kəlbəcər və ya Laçında da ikinci aeroportun tikintisinin planlaşdırdığını və bu məqsədlər üçün ərazi seçiminin edildiyini qeyd etdi. O cümlədən dəmir yollarının çəkilişi də aktual mövzudur. Ölkə başçısı qeyd etdi ki, Horadiz-Füzuli, Füzuli-Horadiz dəmir yolu da inşa olunacaqdır. Bu məqsədlər üçün layihələndirilmə işlərinin aparılmasına ilkin olaraq 5 milyon manat pul da ayrılmışdır. Düşünürəm ki, hər bir struktur özünə verilmiş tapşırığı qısa bir zamanda icra edəcəkdir. Çünki, Şuşaya həyatın qaytarılması, ora turistlərin, qonaqların və işğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq insanların rahat gediş-gəlişi üçün imkanların yaradılması dövlətimizin qarşısında duran ən aktual məsələdir. Düşmən 30 ildir ki, işğal etdiyi torpaqlarımızda ancaq dağıtmaq , barbarlıq və vandallıqla məşğul olmuşdur. Onlar bu illər ərzində daşı-daş üstə qoymamışlar.
Çünki, bilirdilər ki, bu torpaqlar Azərbaycanındır və gec-tez öz sahiblərinə qayıdacaqdır. Biz də indi həmin əraziləri işğaldan etmişik və tez bir zamanda infrastrukturu və yaşayışı bərpa etməklə düşmənlərimizə sübut etməliyik ki, bizim üçün ölkə ərazisinin hər qarışı əzizdir”.

