Gənclərin toy arzusu: Nikahların sayı 2 dəfədən çox azalıb
2018-2019-cu illə müqayisədə ötən il boşanmaların sayı azalıb. Belə ki, 2020-ci ilin yanvar-sentyabr aylarında boşanmaların sayı 13 min civarında olub. Lakin əvvəlki dövrlərdə bu rəqəm illik 14-15 min idi.
ARANTV.AZ xəbər verir ki, bunu azvision-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Anlitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. O bildirib ki, boşanmalarının sayının az olmasını pandemiya ilə əlaqələndirmək düzgün deyil.
“Məhkəmələrə edilən müraciətlərə vaxtında baxılıb, qərarlar qəbul edilir. Son illərdə boşanmaların qarşısını almaq üçün tədbirlər gücləndirilib. Bundan əlavə pandemiya dövründə kişilərin evdə olması da buna müsbət təsir edir. Araşdırmalara əsasən, hətta statistikada var ki, kişilərin 31 faizi bu dövrdə uşaqlarla və ailə üzvləri ilə səmərli vaxt keçirdiklərini qeyd ediblər. Övladları ilə daha çox vaxt keçirib, onları anlayıblar. Nəticədə ailədə münasibətlər möhkəmlənir. Bu məsələlər artıq ailə institutunun möhkəmlənməsinə təsir edir. Lakin 2021-ci ildə nələr olacağını deyə bilmərik”.
E.Səfərov qeyd edib ki, nikah bağlayan gənclər bir-birilərini o qədər də yaxşı tanımırlar. Bu isə sonrada boşanma kimi problemlərlə nəticələnir. Gənclərin bəziləri problemlərdən keçsə də, bəziləri onları aşa bilmir.
“Boşanmalardan əlavə, bu gün narahatlıq doğuran məsələlərdən biri nikahların sayının azalmasıdır. Bunun bir səbəbi streotipləridir. Pandemiyaya görə şadlıq evləri fəaliyyət göstərmədiyi üçün ailələr övladlarının nikahını ertələyirlər. Nikahların toyxanalarda keçirilməsi məsələsi hələ də qaldığından gənclər ailə qura bilmirlər. Gənclərin xoşbəxtliyi ikinci plana keçib”.
Komitə rəsmisinin sözlərinə görə, 2020-ci ildə 30 mindən çox nikah qeydə alınıb. 2019-cu ildə bu rəqəm 67-70 min olub: “45 faiz ailələr stereotipləri qıraraq gənclərin xoşbəxtliyini əsas götürüb. Digərləri isə hələ də dəbdəli toy keçirməyi düşünürlər”.

