Gündəm 

30 ilin əzabları xalqımızı sındırmadı, əksinə daha da bütövləşdirdi, gücləndirdi

Xocalı qurbanlarının qanı yerdə qalmadı, Azərbaycan Ordusu onların qisasını  döyüş meydanında aldı

«30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik,  özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik… Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!

Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi-siyasi Qələbəsi bir daha dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu nümayiş etdirdi. Azərbaycan yeni reallıqlar yaratmaqla işğalçı Ermənistanı və ona havadarlıq edən dövlətləri bu reallıqlarla barışmağa məcbur etdi.   44 gün davam edən müharibədə 300-ə yaxın kəndin, 5 şəhərin, 4 qəsəbənin işğaldan azad edilməsinə nail olan Azərbaycan 10 noyabr üçtərəfli Bəyanatının müddəalarına uyğun olaraq  Ağdamın, Kəlbəcərin və Laçının qaytarılması ilə  Qələbə tariximizi daha da zənginləşdirdi. Bu bölgələrdə həyatın bərpası istiqamətində kompleks tədbirlər planı hazırlanır, soydaşlarımızın qaçqınlıq həyatına son qoyaraq öz doğma yurd-yuvalarına qayıtmaları üçün mühüm addımlar atılır. Dövlətimizin başçısı İlham Əliyevin  qeyd etdiyi kimi,  hər kəs gücümüzü,  qüdrətimizi, iradəmizi gördü. Bu dəmir yumruq ermənilərin belini qırdı, onların başını əzdi. Bu, birlik, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da  ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik.  İradəmiz, təcrübəmiz də var: «İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!»

Bu Qələbə eyni zamanda göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri, hər kəs  bir arzu ilə yaşayıb  və bu arzu həyata keçirildi.  Artıq Dağlıq Qarabağ münaqişəsi  arxada qalıb.

Zəfər tarixini yazan Azərbaycan hərb tarixinə  yenilik kimi daxil olan  strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə az itkilər  verərək  qısa müddətdə  düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. 10 dekabr Zəfər paradında düşmənin məhv edilmiş və ya qənimət kimi götürülmüş texnikaları da nümayiş edildi.   Ermənistan  ordusu onilliklər ərzində yaradılırdı və onlara hərbi texnika pulsuz verilirdi. Amma bu müddət ərzində qurulan istehkamlar, yaradılan «güclü ordu» mifi 44 gündə darmadağın edildi. Dövlətimizin başçısı 44 gündə 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrinin hər birində bu suala cavab axtardığını diqqətə çatdırdı ki, kasıb ölkəyə belə böyük məbləğdə silah verən kimdir? Məhv edilən və qənimət kimi götürülən texnikaların qiyməti ilə işğalçı Ermənistanın maliyyə imkanları təzad təşkil edir.  Haradandır bu kasıb ölkədə bu qədər pul? Təbii ki, bütün dövrlərdə böyük dövlətlərin maraqlarının icrasında vasitəçi olan Ermənistan onlar tərəfindən silahlandırılıb, maddi və mənəvi dəstəklə əhatə olunub.

Qeyd etdiyimiz kimi, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla  həyata keçirdiyi  işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması  doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Bu müharibə göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Dövlətimizin başçısının müsahibələrində də qeyd etdiyi kimi,  ordumuz faktiki olaraq yenidən quruldu. Ordumuzun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Bu təcrübə şübhəsiz  kitablarda da, tədqiqatlarda da əksini tapacaq.

Bu gün  istər ölkə, istərsə də dünya mətbuatında qalib Prezident İlham Əliyevin müharibədə qalibiyyət qazanmaq üçün atdığı addımlar, informasiya müharibəsində Ermənistanı diz çökdürməsi geniş şəkildə təhlil edilir.  İkinci Qarabağ  müharibəsinin  44 günündə  baş verənlər dövlətimizin başçısı İlham Əliyevin  30 ilin imitasiya naminə danışıqlara son qoyub döyüş meydanında ədaləti bərpa etməsinin mahiyyətini daha dərindən dərk etməyə geniş imkan yaradır. Ermənistanın baş nazirinin sərsəm bəyanatları, münaqişənin diplomatik yolla, havadarlarının isə hərb yolu ilə həllinin mümkünsüzlüyünü bildirmələri Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu.  Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi və ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi: «Danışıqlar heç bir nəticə vermədi. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq.»

Təbii ki, böyük Qələbəyə aparan yolda beynəlxalq səviyyədə həyata keçirilən siyasətin, diplomatik fəaliyyətin, dünya ölkələri ilə yaradılan dostluq münasibətlərinin yeri ayrıca qeyd edilməlidir. Həm ölkə daxilində fasiləsiz şəkildə təşkil edilən, dünya miqyaslı problemlərin müzakirə olunduğu beynəlxalq tədbirlər, həm də dünyanın fərqli ölkələrində keçirilən müxtəlif səviyyəli tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması, dünyanın əsas aparıcı ölkələrində və beynəlxalq təşkilatlarında fəaliyyət göstərən diplomatik nümayəndələrimiz Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynadı. Azərbaycanın hərbi və siyasi Qələbəsini təsdiqləyən 10 noyabr razılaşması da bu məqamlara işıq salır. Gərgin və davamlı təbliğat  nəticəsində bütün dünyaya sübut edildi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır.   Dövlətimizin başçısının bu müddətdə hər bir müsahibəsi  həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası baxımından xüsusi diqqət çəkdi. 30 ildə həqiqətləri görməzdən gələn dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə ölkə Prezidentinin 30-a yaxın müsahibəsi əsasında  bu reallıqları öyrənməyə məcbur oldu.  Baxmayaraq ki, 30 ilə yaxın müddətdə münaqişənin həlli üçün  möhkəm hüquqi baza mövcud idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır.

Dövlətimizin başçısı İlham Əliyev tarixi Qələbəmizdən bəhs edərkən daim bu fikri xüsusi qeyd edir ki, erməni vandalları bütün ərazilərimizdə evləri, tarixi və dini abidələrimizi, infrastrukturu darmadağın edib, tariximizi tamamilə silməyə cəhdlər göstəriblər. Dağıdılan  bütün tarixi abidələrimiz,  məscidlərimiz bərpa olunacaq.  Ölkə Prezidenti şəhidlərimizin, erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanının yerdə qalmadığını vurğulayaraq, onların qisasını döyüş meydanında alındığını, düşmənin qovulduğunu, ordusunun məhv edildiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edildiyini diqqətə çatdırır.

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsindəyik. Artıq Xocalı qurbanlarının ruhu şaddır.  Azərbaycan Ordusu dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qürurunu özünə qaytardı. Xalqımızın başı uca, alnı açıqdır. Torpaqlarımız öz tarixi sahiblərinə qayıtmaqla yaxın zamanlarda cənnət məkana çevriləcək.

Ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti tarixdir, bunu unutmağa heç kimin haqqı yoxdur. Hər bir Azərbaycan vətəndaşının borcu həqiqətlərimizin, erməni vəhşiliklərinin təbliği, Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində atılan addımlara dəstək olmaqdır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Çünki  Xocalı faciəsi təsadüfi hadisə deyil. Ermənilər və onlara havadarlıq edən dövlətlər Xocalı faciəsini törətməklə  xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin mənfur  düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. 44 günlük müharibə Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi dərs oldu.

Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.

«Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir»  bildirən  ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin  “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Son 17 ildə dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uğurlu fəaliyyətləri, səyləri nəticəsində əldə olunan diplomatik uğurlarımız göz önündədir. Məhz bu uğurlar döyüş meydanında Qələbəmizə geniş  yol açdı.  “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi» söyləyən ölkə Prezidenti İlham Əliyevin düşünülmüş    siyasətinin  nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Ötən illərdə dövlət başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib.  Onu da qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən  Qarabağ həqiqətlərinə, Xocalı soyqırımına həsr olunan kitablar müxtəlif dillərə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə çatdırılıb. O kitablar ki, burada erməni vəhşilikləri barədə faktlar danışır.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən «Xocalıya ədalət!» beynəlxalq ” kampaniyası da ermənilərin cinayətkar əməllərinin ifşasına böyük dəstək olub.

Bugünümüzün reallıqları bir daha təsdiqləyir ki, tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğat inandırıcı və qalib ola bilər. Ermənilər tarixi saxtalaşdırıb özlərinə tarix yazsalar da 44 günlük İkinci Qarabağ müharibəsinin onlara verdiyi tarix, hüquq və qürur dərsi bir daha təsdiqlədi ki, yalanın həqiqət üzərində qələbəsi mümkünsüzdür.

Daha çox xəbərlər