Dövlət siyasətinin əsası: İnsan amili, insan kapitalı, vətəndaş məmnunluğu
Dövlətimizin başçısı İlham Əliyevin son sərəncamları bir daha təsdiqləyir ki, ölkə Prezidenti hər bir vətəndaşının yanında olmaqla yanaşı, onların sosial müdafiəsini gücləndirməyi prioritet məsələ kimi öndə saxlayır
Azərbaycanın dünyaya nümunə olan inkişaf modeli iqtisadi imkanların genişlənməsini və güclü sosial siyasətin həyata keçirilməsini şərtləndirdi. Azərbaycanın bu gün ən islahatçı ölkələr sırasında qərarlaşması da islahatların zamanın və dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə əsaslanır. “Doing Business” hesabatında müəyyən edilən indikatorlar üzrə Azərbaycanın mövqelərinin əhəmiyyətli dərəcədə yüksəlməsi və 190 ölkə arasında qabaqcıl yerlərdə qərarlaşması bu islahatların kifayət qədər düşünülmüş strategiyaya əsaslanmasının daha bir sübutudur. Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşaraq dünyanın ən islahatçı 10 ölkəsi sırasına daxil olub.
Azərbaycan hazırda iqtisadi baxımdan regionun ən güclü dövləti kimi bütün dünya tərəfindən qəbul olunur. Ölkəmizdə həyata keçirilən sosial islahatlar isə dövlətin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də «Güclü dövlət, yüksək rifah» prinsipinin həyata keçirilən siyasətin əsasında dayandığını təsdiqləyir. 2020-ci ildən dünyanı cənginə alan COVID-19 pandemiyasının yaratdığı iqtisadi də sosial fəsadların aradan qaldırılması istiqamətində Azərbaycanın atdığı addımlar da diqqətdən kənarda qalmır. Sosial islahatlar əhalinin aztəminatlı hissəsindən tutmuş fiziki məhdudiyyətli şəxslərə, müharibə əlillərinə və veteranlarına, məcburi köçkünlərə, şəhid ailələrinə, eləcə də bu kateqoriyadan olan digər təbəqələrə qədər böyük bir qrupu əhatə edir. Bu tədbirlər insanların rifahını yaxşılaşdırmağa hədəflənib. Çünki güclü vətəndaş güclü dövlət deməkdir. İnsan amilinə yüksək dəyər verilən, vətəndaş məmnunluğunun yüksək olduğu dövlətdən hansısa narazılıqdan danışmaq qeyri-mümkündür. Daim özünə diqqət və qayğının şahidi olan Azərbaycan vətəndaşı öz Prezidentinin ətrafında sıx birləşərək qarşıdakı ilin ondan əvvəlki ildən daha möhtəşəm, uğurlu olacağına əmindir. Çünki cənab İlham Əliyevin çıxışlarının hər birinin mahiyyətində bu amil dayanır ki, vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. İqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Azərbaycanda aparılan sosial islahatların fəlsəfəsi də elə bundan ibarətdir.
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. “Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək” söyləyən cənab İlham Əliyev bildirir ki, «ASAN xidmət», DOST mərkəzlərində fəaliyyət göstərənlərin demək olar ki, hamısı gənclərdir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcək, öz töhfələrini verəcəklər. Gənclər bilikli, savadlı, vətənpərvər və qayğıkeş olmalıdırlar. Dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət», DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsi də insan amilinə verilən dəyərdən qaynaqlanır. 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq 3 mərkəz fəaliyyət göstərir. Cari ildə isə 4 mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur. Azərbaycan dövlətinin dayanıqlı inkişafın, yüksək rifahın təmin edilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə dəstəklənməsi yeni iqtisadi və sosial inkişaf modelimizin nəticəsidir. Zamanın, dövrün tələbinə uyğun olaraq təkmilləşmə, iqtisadi imkanların artması fonunda güclü sosial siyasət, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı, özünüməşğulluq proqramının icrasına start verilməsi, bütün göstərilən xidmətlərdə şəffaflığın təminatı məqsədilə “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin yaradılması kimi biri-birindən mühüm addımlar və layihələr beynəlxalq səviyyəli tədbirlərdə əsas diqqət göstərilən məsələlər sırasındadır.
Son 17 ildə yoxsulluq təxminən 49 faizdən 5 faizə enib. İşsizlik də 5 faiz səviyyəsindədir. Dövlətimizin başçısı İlham Əliyev məhz əhalinin say tərkibinin genişləndiyini nəzərə alaraq, yeni iş yerlərinin yaradılmasının daimi proses olduğunu, bu istiqamətdə addımların davamlı xarakter almasının vacibliyini bildirir: “Bizdə mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin. Əgər nəzərə alsaq ki, indi dünyada, o cümlədən Azərbaycanda yeni texnologiyalar tətbiq olunur və bu texnologiyalar bəzi hallarda insan əməyini aradan götürür, yeni texnoloji müəssisələrin yaradılması bizim planlarımızdadır. Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq.”
Ölkəmizdə həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Cənab İlham Əliyev, eyni zamanda bildirir ki, elan edilmiş və icra olunan ciddi iqtisadi və sosial islahatlar əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəltməyə imkan verir. Dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ildən başladığı təkmil sosial islahatlar öz müsbət nəticəsini verir. 2019-cu ildə 4,2 milyon insanı əhatə edən iki sosial paket icra edildi. 2020-ci ildə koronavirus infeksiyası ilə mübarizə dövründə də ölkəmizin həyata keçirdiyi sosial dəstək proqramları diqqətdən kənarda qalmadı. Cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq 10 sosial dəstək proqramı icra edilir. Bu proqramlar da əhalinin böyük hissəsini əhatə edir. İşsiz və koronavirus infeksiyası ilə mübarizə dövründə işsiz qalan insanlara 190 manat birdəfəlik yardımın verilməsi də dövlətin hər bir kateqoriyadan olan insanların yanında olduğunu, onların sosial müdafiəsini təmin etmək üçün zəruri addımlar atdığını təsdiqləyir. Əməkhaqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyur. Bu, ondan xəbər verir ki, ölkənin iqtisadi inkişafı yüksəkdir, əhalinin sosial müdafiəsi prioritetdir. Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə xüsusi fond yaradılmış və bu fonda 114 milyon manatdan artıq vəsait yığılmışdır. Digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatı 2020-ci ildən daha az itkilərlə çıxdı. Qeyri-neft sənayesi 11 faiz, orta əməkhaqqı və pensiyalar 13-14 faiz, kənd təsərrüfatı 2 faiz artıb. Neft Fondunun vəsaitləri çoxalıb. Sosial sahədə böyük tədbirlər həyata keçirilib. Bütün bunlar neftin qiymətinin aşağı düşdüyü, pandemiya, müharibə ilində baş verib. Bu, Azərbaycan dövlətinin gücünü və aparılan siyasətin düzgünlüyünü aydın göstərir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına yol açan enerji sektorunda da qazanılan uğurların miqyası böyükdür. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP istifadəyə verildi. Enerji sektorunda əldə edilən uğurlar Azərbaycanın maliyyə imkanlarının genişlənməsinə geniş yol açır ki, bu da öz növbəsində sosial layihələrin icrasını şərtləndirir. 2021-ci ilin dövlət büdcəsinin sosialyönümlülüyü də diqqətdən kənarda qalmır. Bu baxımdan ki, cari ilin dövlət büdcəsində əsas yeri quruculuq və barpa işlərinə xərclər əsas yer tutur.
2020-ci il Azərbaycanın Zəfər ili kimi tarixə yazıldı. İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər hazırlanmışdır. Şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılmışdır. Milli Qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılmışdır. Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunmuş, onun da məbləği 2000 manat olaraq müəyyən edilmişdir. Ölkəmizin iqtisadi və maliyyə imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, bütün kateqoriyadan olan vətəndaşların rifahının yüksəlməsinə xidmət edən addımların davamlı olmasını təmin edir.
Ölkə Prezidenti İlham Əliyev hər zaman sosial siyasətin davamlı olacağını bildirir və bu istiqamətdə imzaladığı Fərman və sərəncamlarla vədini konkret təsdiqləyir. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konrsepsiyasına uyğun olaraq əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək və bu günədək 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Azərbaycan bu müddət ərzində təkmil islahatları ilə həmin hədəfləri gerçəkləşdirir. Ən əsası bu gün ölkəmiz özünü dünyaya sosial dövlət kimi təqdim edib.
Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizin iqtisadi imkanları artdıqca bu insanları gündəlik həyatında özünü büruzə verir. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsi ilə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində bu vədi vermişdir ki, əmək haqqı, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Son 17 ildə bu vədin əməldə öz əksini tapması reallıqdır. Dövlətimizin başçısı İlham Əliyevin 5 fevral 2021-ci il tarixli «Əmək pensiyalarının indeksləşdirilməsi haqqında» Sərəncamı da deyilənlərin təsdiqidir. Sərəncama əsasən, cari il yanvarın 1-i tarixinə keçən il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il yanvarın 1-i tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həmçinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılmışdır. Nazirlər Kabinetinə tapşırılmışdır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Ölkə Prezidenti İlham Əliyevin bu Sərəncamı Azərbaycanda pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədini daşıyır.
Qeyd edək ki, 2020-ci ilin əvvəlində bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksasiya olunaraq artırıldı. Ümumilikdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz artdı. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 25, sosial müavinətlər 15 faiz artdı və ümumilikdə bu ödənişlər 2 milyondan çox vətəndaşı əhatə etdi. Aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatmışdır. Əvvəldə də qeyd etdiyimiz kimi, həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qorumuşdur.
Hər dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bildirilir ki, sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır. Sosial cəhətdən həssas əhali qruplarının maraq və mənafelərinə cavab verən, onlara bərabər iştirak imkanları yaradan sosial xidmətlər sistemi təmin edilməlidir.
Göründüyü kimi, Azərbaycan sosial dövlət imicini qorumaqla yanaşı, ona yeni-yeni əlavələr edir. Məqsəd ölkəmizi daha da gücləndirmək, əhalinin sosial müdafiəsini təmin etmək, bir sözlə, «Güclü dövlət, yüksək rifah» prinsipini həyata keçirilən siyasətin əsası kimi öndə saxlamaqdır.

