Vaxtilə tərbiyə verdiyim uşaqlar bu gün silaha sarılaraq zəfər çaldılar
Yaşadığı zaman və məkanın diqtəsindən asılı olmayaraq az insan var ki, daşıdığı yük nə qədər ağır olsa da, bağlı olduğu peşəyə olan tükənməz sevgisi onu daha da böyük zirvələr fəth etməyə sövq edir. Məhz bu qəbildən olan insanların xeyirxah əməlləri, səmərəli fəalliyyəti, nəticə etibarı ilə cəmiyyətin davamlı inkişafında aparıcı rol oynayır.
Müsahibimiz Aida Əzizova, məhz qeyd etdiyimiz keyfiyyətləri özünün həyat kredosuna çevirməyi bacaran peşə sahiblərindəndir. Aida xanım 1964-cü ildə Qubadlı rayonunun Mahmudlu kəndində zəhmətkeş ailədə doğulub. Orta məktəbi bitirdikdən sonra müsabiqədən kənar M.F.Axundov adına “Rus dili və ədəbiyyat”fakultəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra təyinatla Yardımlı rayonunda rus dili müəllimi kimi fəaliyyətə başlayıb. Lakin təyinat vaxtı bitdikdən sonra o, fəaliyyətini daha məsuliyyətli, daha ağır bir peşə sahəsinə yönəldib. O zamandan bu günədək həyatını sözügedən peşə sahəsinə həsr edib. Bu və ya digər suallara müsahibimizin öz dilindən aydınlıq gətirməyə çalışdıq.
Aida xanım gerçək odur ki, əksər insanlar təbiəti etibarı ilə əmək, peşə fəaliyyətlərini asan, az məsuliyyət tələb edən sahələrə yönəltməyə meyilli olurlar. Sizi bu gün də, çalışdığınız peşə sahəsini seçməyə sövq edən hansı məqamlar olub?
Özümü dərk edəndən bəri, intellektimi, peşəmi daha çətin, lakin cəmiyyət üçün daha səmərəli ola biləcək sahələrə yönəltmək başlıca məqsədim olub. Mən Axundov adına “Rus dili və ədəbiyyat” fakultəsini bitirmişəm. Ali təhsili bitirdikdən sonra təyinatla Yardımlı rayonuna göndərildim. Təyinat vaxtı bitdikdən sonra öz ərizəmlə işimdən azad edildim. Hiss edirdim ki, amalım, məqsədim, tükənməz enerjim mənə deyir ki, özümü daha məsuliyyətli, daha çətin peşə sahəsində ifadə etməliyəm. Xalq yazıçısı, həmyerlim Süleyman Rəhimovun belə bir deyimi var: “İstedad sönərdi, əgər yaradıcı zəhmət olmasaydı, zəhmət özü səmərə verməzdi, əgər istedad olmasaydı”. İstedadın qidası nədir? Yorulmaq, usanmaq bilməyən, gecə-gündüz tanımayan, vaxt-bivaxtla hesablaşmayan zəhmət. Elə bu məqamları, prinsipləri özümün həyat qayəsinə çevirərək uzun illərdir ki, ömrümü, peşəmi uşaqlara sərf etdim. Belə ki, 1989-cu ildən bu yana Bakı şəhəri Nərimanov rayon 69 saylı körpələr evi-uşaq bağçasında, tərbiyəçi vəzifəsində çalışıram. Uşaqlarla çalışmaq insandan tükənməz səbr və ən ümdə yaradıcılıq qabiliyyəti tələb edir. Mən də mənə Tanrı tərəfindən bəxş olunmuş müəllimlik istedadıma və gərgin zəhmətimə söykənərək, çalışıram ki, uşaqlar elə kiçik yaşalarından Vətənin hər qarış torpağını sevsinlər. Onun havasının, suyunun, meşəsinin, bitki və heyvanat aləmini, habelə bütün faydalı qazıntlarının bizə bəxş etdiyi əvəzsiz rolunu dərk etsinlər.
Bu illər ərzində yorulmadan, usanmadan səmərəli xidmətiniz müqabilində dövlət tərəfindənfəaliyyətinizə verilən qiymətdən məmnunsunuzmu?
“Təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən Pedoqoji mühazirələrdə fərqləndiyimə, təhsilin keyfiyyətinin yüksəlməsi ilə bağlı əhəmiyyətli ideya və təkliflər irəli sürdüyümə görə Bakı Şəhər Baş Təhsil İdarəsi tərəfindən II dərəcəli diploma layiq görülmüşəm. 2002-2003-cü tədris ilində “Pedoqoji mühazirələr” müsabiqəsinin şəhər turunda II yer tutduğuma görə Fəxri fərmanla təltif olunmuşam. Hazırladığım yeni test üsullarından uşaqlar arasında keçirdiyimiz məşğələlərdə geniş istifadə olunur.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbəmizdə, şübhəsiz ki, siz tərbiyəçilərin də danılmaz xidmətləri var. Vaxtilə üzərlərində əmək sərf etdiyiniz, tərbiyə verdiyiniz “uşaqlar” bu şanlı qələbədə tarix yazdılar…
Fürsətdən istifadə edib bu tarixi zəfəri bizlərə bəxş edən cənab Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün əsgərlərimizə dərin minnətdarlığımı və ehtiramımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə şəfa diləyirəm. Şükürlər olsun ki, II Qarabağ müharibəsini qələbə ilə başa vurduq. Mən xoşbəxtəm ki, bu qələbədə danılmaz şücaətlər göstərən əsgərlər yetişdirməkdə mənim də payım var. Vaxtilə tərbiyə etdiyim uşaqlar bu gün silaha sarılaraq torpaqlarımızı mənfur ermənilərdən azad etdi. Bu mənada böyüməkdə olan nəslin vətənpərlik ruhunda tərbiyəsi ən vacib vazifələrdə biri olmalıdır.Vətənpərvərlik tərbiyəsini məktəbəqədər dövrdən başlamaq olduqca zəruridir. Hər bir körpəyə Vətəni sevmək, onu göz bəbəyi kimi qorumağın vacib olduğunu, yaş və anlaq səviyyələrinə uyğun aşılamaq işimizin ən əhəmiyyətli tərkib hissələrindən biridir. Bu məqam peşə sahibindən yaradıcı fəaliyyət və gərgin zəhmət tələb edir. Sevimli şairimiz Hikmət Ziyanın “Anamız Azərbaycan” şeirdən kiçik bir parça söyləməklə fikrimi daha bariz ifadə etmək istəyirəm.
Yurdumdur Azərbaycan,
Qoluyam, “qanadıyam”
O mənim doğma anam
Mən onun övladıyam.
Ona mənim atam da,
Anam da “ana”deyir.
Ona mənim nənəm də,
Babam da “ana”deyir.
Bu mənada həmişə çalışmışam ki, uşaqlar kiçik yaşlarından bizim bütün varlığımızla təbiətə borclu olduğumuz kimi, Vətənə də borclu olduğumuzu dərk etsinlər. Bilsinlər ki, Vətənin qoynunda ayaq açır, böyüyür, mətinləşir güc, qüdrət sahibi olurlar. Uşaqlar hiss etməlidirlər ki, yurdsuz-yuvasız , vətənsiz insan xoşbəx ola bilməz. Uşaqlara vətənpərvərlik duyğularını aşılamaq üçün insanın ruhunu riqqətə gətirən poeziya nümunələrindən mütamadi olaraq istifadə edirəm. Təhsil müəssiəmizdə hər gün dövlət rəmzlərimizə sevgi aşılayan şeirlər səslənir. Demək olar ki, hər il baxçamızda 20 Yanvar şəhidləri anılır. Uşaqlara bu ayda o günlərlə bağlı şeir, bayatı və mahnı nümunələri öyrədirik. Hətta 20 Yanvar günü ötüb keçsə də, boş vaxtlarda uşaqlara bayatılar öyrədirik. 20 Yanvar günü qurupda olan bütün oğlan uşaqları əsgər paltarları geyinir. Bu zaman onlar özlərini xoşbəxt sayırlar ki, əsgərdirlər.

Qeyd etdiyim şeir, mahnı nümunələri baxçamızda Soyqırm günü, martın 31-də də səsləndirilir. 28 may-Respublika Günü uşaqlara ”Torpaqdan pay olmaz” nağılı əsasında kiçik səhnəciklər hazırlayırıq. Bu da mənim çətin və gərgin əməyim nəticəsində başa gəlir. Bu gün Vətənin hər bir halal süd əmmiş övladı anlamalıdırlar ki, Qarabağ müharibəsi və 20 Yanvar şəhidləri öz canlarını, məhz doğma vətən uğrunda fəda ediblər.
Elə əsl ölməzlik el yolunda baş qoyaraq müqəddəslik zirvəsinə yüksəlməkdir. Şükürlər olsun ki, bütün bu əziyyətlərimiz yerdə qalmadı. Biz tərbiyəçilər də daxil bütöv xalq olaraq mənfur düşmən üzərində böyük qələbə qazandıq. Bu mənada xoşbəxtəm ki, bu illər ərzində mənim də çəkdiyim bütün əziyyətlərin bəhrəsini öz gözlərimlə gördüm. Lakin bu qələbənin nəticəsi bizlərdə qətiyyən arxayınçılıq hissi yaratmamalıdır. Əksinə daha böyük əzimlə çalışmalıyıq ki, düşmən üzərində qazandığımız qələbənin əbədiliyini göz bəbəyimiz kim qoruyub saxlayaq. Hesab edirəm ki, bundan sonra uşaqlarda vətənpərvərlik hissi ilə paralel, onlarda yaradıçılıq, intellekt imkanlarının artırılmasına daha çox diqqət yetirməliyik. Çünki insan kapitalını inkişaf etdirməklə daha dayanıqlı, Qlobal sahədə daha uğurlu bir ölkəyə sahib ola bilərik.
Pandemiya dövrü də səmərəli fəaliyyətinizi davam etdirmisiniz. Yutub kanalında “Gəlin birgə öyrənək” mövzusunda tərbiyəvi, uşaqların intellektual səviyyəsini artıran proqramlarla çıxış etmisiniz. Sizə stimul verən hansı bir məqam oldu ki, belə bir təşəbbüslə çıxış etdiniz?

Bir gün nəvəm Yusifin kitablarından birindən bir hekayə oxudum. Hekayənin adı “İzsiz insan” idi. Oxudum və düşündüm ki, insan elə yaşamalıdır ki, bu həyatda silinməz iz qoysun. Özüməsual verdim, bir gün mən həyatda olmayanda, baxmayaraq ki, 35 il bir müəssisədə fasiləsiz işləmişəm mənim bu həyatda cəmiyyət üçün nə kimi izlərim qalacaq. Məhz bu məqsədlə “Gəlin birgə öyrənək” Yutub kanalını yaratdım. Çalışdım ki, məktəbqədər uşaqların bilmələri üçün zəruri olan bütün bilgiləri, məlumatları onlarla bölüşüm. Hesab edirəm ki, bu məqsədimə istədiyim səviyyədə nail ola bildim. Digər tərəfdən, əgər buna qədər mənim uşaqlarla təmas, öyrətmək imkanlarım çalışdığım müəssisə daxilində idisə, bu kanal vasitəsi ilə daha böyük auditoriyaya çıxa bildim. İzləmələrdən də məlum olur ki, bu təşəbüsüm bu pandemiya dövrü lap yerinə düşüb. Demək olar ki, xeyli sayda məktəbəqədər uşaqların yeni biliklərə, məlumatlara yiyələnmələrində hamı üçün əlçatan bir imkanı gerçəkləşdirmişəm.
Ümumiyyətlə, pandemiya dövründə “Gündəm”,”Avropa”, “İnfo” və Aran tv” saytlarında müxtəlif səpkili maarifləndirici məqalələrim yayımlanıb. “Pandemiya dövründə uşaqları necə qoruyaq? Valideyinlərə zəruru tövsiyələr”, “Uşaqların tərbiyəsində nələrə üstünlük verilməlidir-Mütəxəssislərdən valideyinlərə”, “Uşaqları məktəbə necə hazırlamalı? –Mütəxəssisdən vacib tövsiyələr”, “Uşaqların milli vətənpərvərlik tərbiyəsində poeziyanın rolu-Tərbiyəçi müəllim təcrübəsini bölüşür” , “Uşaqlara vətənpərvərliyi necə öyrədək? –Tərbiyəçi müəllim açıqlayır” və ən nəhayət “Sözün sehri” qəzetində “Uşaqları pandemiyadan qoruyaq” mövzusunda yazdığım məqalələr bu qəbildəndir. Ümumiyyətlə, bu dövr ərzində onlayn formada qrupda olan uşaqlarla müntəzəm olaraq bilgilərimi paylaşdım. Nəinki, məktəbəqədər uşaqlar,
ibtidai siniflər də yararlansın deyə bu kanalı yaratdım. Hal hazırda qeyd etdiyim Yutub kanalında, təxminən 900 adda öyrədici xarakterli materiallar yerləşdirmişəm.

Geniş müsahibəyə görə təşəkkürümüzü bildirik. Gələcəyimiz olan uşaqlara son olaraq nələri arzulayırsınız?
Uşaqlarahər zamanı vətəni sevməyi, bundan sonra müharibəsiz, qansız-qadasız bir dünya arzulayıram. Arzuladığımız belə bir xoşbəxt dünyaya sahib olmaq üçün uşaqlarımızın təlim-tərbiyəsinə, təhsilinə cavabdeh olan biz peşə sahibləri daha çox məsuliyyət daşıyırıq. Çalışacam ki, bundan sonra da peşə failiyyətimdə savadlı, vətənpərvər övladlarımızın yetişdirilməsində ön cərgədə olum. Bu prinsipimə 35 illik peşə fəaliyyətimdə necə sadiq qalmışamsa, bundan sonrakı fəaliyyətimdə də sadiq qalacam.
Aran Media qəzeti

