Hicran Hüseynova: Əfsuslar olsun ki, bu gün erkən yaşda nikaha məcbur edilən qızlar var
Son günlər sosial şəbəkədə və saytlarda yayılan görüntülər böyük səs küyə səbəb olub, daha dəqiq desək, az yaşlı qıza nişan mərasiminin təşkil olunması hər kəsin qınağına səbəb olub. Gürcüstanda yaşayan azərbaycanlı ailənin övladları 14 yaşlı Elnaz Məmmədova ilə xalasıoğlu 17 yaşlı Əmirxan Mehrabov nişanlanıblar. Yayılan görüntülərdən də məlum olur ki, nişan mərasimində 14 yaşlı qızın ailəsi və qohumları da iştirak edib.
Onu da qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi də hərəkətə keçib. Məsələ ilə bağlı Tibilisi şəhəri Yetkinlik yaşına Çatmayanların İşləri üzrə Departamentin sözü gedən ailəni cinayət məsulliyyətinə cəlb edib. İş üzrə araşdırmalara başlanılıb.
Bu və buna oxşar hadisələr XX əsrin əvvəllərinədək qızların zorla, erkən yaşda ərə verilməsi Şərqdə, o cümlədən, Azərbaycanda geniş yayılmış hal idi. Elə bir dövr idi ki, qızlar çox zaman 12-13 yaşında artıq kəbinli olmaq məcburiyyətində qalırdılar. Lakin sosial medianın xəbər lenti baş verən hadisələrin fonunda mövzunun əslində, hələ də aktual olduğunu diktə edir. Araşdırmalar göstərir ki, azyaşlı qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi hələ də Azərbaycanın bir sıra regionlarının acı reallığıdır. Yetkinlik yaşına çatmayan qızların məktəbdən kənarlaşdırılması və zorla ərə verilməsinə dair yetərincə fakt var. Ucqar bölgələrdə vəziyyət daha acınacaqlıdır. Hətta qızları bəzən valideynləri ümumiyyətlə məktəbə getməyə qoymur. Orta məktəbi qurtarıb ərə getməyən qız “evdə qalmış” hesab olunur və ictimai qınaq hədəfinə çevrilir. Yetkinlik yaşına çatmayan qızlar zorla ərə verilməklə həm də öz sosial hüquqlarından imtina etmək məcburiyyətində qalırlar. Belə hallar əksər vaxtlarda ailələrin dağılması və ya cinayət əməlinin törədilməsi ilə başa çatır. Qızların dini kəbinlə ərə verilməsi, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş həddən aşağı olması və bu faktın gizlədilməsi məhz bu kimi acı sonluqlara gətirib çıxarır. Hüquq müdafiəçiləri azyaşlıların evliliyinin xəstə uşaqların doğulması, məişət zorakılığı, tərəflərin fiziki-psixoloji sarsıntılara məruz qalması hallarına da səbəb olduğunu deyirlər. Onlar erkən nigah qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, qızların müstəqil ailə qurmaq və təhsil almaq hüququnun əlindən alınmasını da vurğulayır və həyəcan təbili çalırlar.

Mövzu ilə bağlı “İki sahil”in sorğusunu cavablandıran Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova qeyd edib ki, Gürcüstanda Poniçala (Soğanlıq) kəndində ötən həftə 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı dayısı oğluna nişanlanması barədə məlumatların yayılması çox utanverici bir hadisədir: “Bu, bütün cəmiyyətlər üçün dərin kök salmış stereotiplərin hələ də qalmasının bariz nümunəsidir. İki əsrdən çoxdur ki, erkən nikahların fəsadları, onun qızların gələcək həyatına, şəxsiyyət kimi yetişməsinə, təhsil almasına, ailəsinə, cəmiyyətinə faydalı və layiqli vətəndaş kimi formalaşmasına mənfi təsiri haqqında maarifləndirici işlər aparılır. Dövrümüzün tanınmış ziyalıları, maarifçiləri, hüquq müdafiəçiləri bu qanunsuz və insanlığa zidd addımın qarşısının alınması üçün mübarizə aparır. Ancaq yenə də erkən nikahlar baş verir. Baxmayaraq ki, ötən illərlə müqayisədə azalma müşahidə olunur. Ancaq bir faktın özü belə bizim üçün mühümdür. Çünki biz həmişə deyirik ki, təhsilli qadın, təhsilli nəsil, sağlam cəmiyyət deməkdir. Ancaq, əfsuslar olsun ki, bu gün təhsildən yayınan və erkən yaşda nikaha məcbur edilən qızlar var. Bizim hamımız qızların oxumasına, təhsil almasına, sənət, peşə sahibi olmasına maraqlı olmalıyıq. Həm təhsil müəssisələri, həm də müvafiq dövlət qurumları davamlı olaraq bu məsələni gündəmdə saxlamalıdır.”
H.Hüseynova təəssüf hissi ilə bildirib ki, Gürcüstanda kompakt yaşayan azərbaycanlı kəndlərində belə hallara tez-tez rast gəlinir: “Burada bir neçə məsələyə toxunmaq istərdim: birincisi, yanlış adət-ənənələr, təsəvvürlər bu gün bir çox insanların inkişaf etməsinə maneə yaradır. İkincisi, gender stereotipləri hələ də qalmaqda davam edir. Qadına, qıza münasibətin hələ də dəyişməməsi, onun ailədə, cəmiyyətdəki yeri və rolunun nəzərə alınmaması mövcud ayrı-seçkiliyi daha da dərinləşdirir. Üçüncüsü isə, bu kimi mənfi halların dini inanclara istinad etməklə, icmaya düzgün olmayan məlumatların ötürülməsidir. Bir müqayisə etməklə vəziyyəti daha aydın görmək olar. Hələ XIX əsrin sonu XX əsrin əvvəllərində Tbilisidə yaşayan azərbaycanlı qadınlar cəhalətə, savadsızlığa qarşı mübarizə aparır, müxtəlif təşkilatlar yaradır, ictimai fəaliyyət göstərir, millət vəkili seçilirdilər. XXI əsrdə isə erkən yaşda nikah məcbur edilirlər. Biz bu boşluğu aradan qaldırmalıyıq. Gürcüstanda yaşayan ziyalılarla, fəaliyyət göstərən ictimai təşkilatlarla, qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq etməklə, davamlı olaraq maarifləndirici və məlumatlandırıcı layihələr həyata keçirməliyik. Orada yaşayan azərbaycanlıların, xüsusilə də gənclərimizin Gürcüstanın ictimai-siyasi həyatında iştirak etməsinə çalışmalıyıq. İki ölkənin müvafiq qurumları bu və digər məsələlərlə bağlı birgə tədbirlər keçirilməsi də öz müsbət təsirini göstərə bilər.”

