Rusiyaya pomidor və alma ixracının bərpası yerli bazarda qiymətlərə necə təsir edir?
Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində AQTA və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlərin davam etdirilməsi yerli bazara da öz təsirini göstərməkdədir.
ARANTV.AZ Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazarına istinadən xəbər verir ki, əsasən pomidorun qiymətində artım olub.
Belə ki, daha çox əhalinin üz tutduğu “8-ci kilometr” bazarında yanvarın ayının 4-dən fevralın 2-dək müddətdə “Bakı” pomidorunun 1 kiloqramının orta qiyməti 1 manat 10 qəpik olduğu halda, sonrakı müddətdə qiymət 1 manat 25 qəpiyə yüksəlib.
Həmçinin “Zirə” pomidorunun orta qiyməti də həmin dövrdə 1 manat 25 qəpikdən 1 manat 40 qəpiyədək artıb.
Bununla belə, “Çəhrayı”, “Şəmkir” adı ilə tanınan pomidor növlərinin qiyməti dəyişməyib.
Almaya gəldikdə isə ilə orta qiyməti 2 manat 25 qəpiklə başlayan “Qızıl əhmədi” yanvarın 23-dən etibarən 2 manat 75 qəpiyə yüksəlib.
Digər alma növlərində isə dəyişiklik qeydə alınmayıb.
AQTA tərəfindən fevralın 5-dək ölkə ərazisi üzrə fəaliyyət göstərən 275 pomidor, 37 alma istehsalı və ixracı ilə məşğul olan müəssisə haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiya Federasiyasının müvafiq qurumuna təqdim olunub. Təqdim olunan məlumatlar əsasında, bu günədək 51 pomidor və 37 alma istehsalı müəssisəsinə məhsulların ixracı üçün icazə verilib.

