Region Xəbərləri 

Cocuq Mərcanlıda “Qayıdış” parkı istifadəyə verilib

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, yenidən bərpa edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Qayıdış” parkı kənd sakinlərinin istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan parkda sakinlərin istirahəti üçün hər cür şərait ayardılıb.

Bəlkə bir zamanlar hər kəsə xəyal kimi görünən Cocuq Mərcanlı bu gün özünün ən gözəl çağlarını yaşayır. Amma müharibənin viran qoyduğu kəndin bərpası heç də asan başa gəlmədi. Ali baş komandan, prezident İlham Əliyevin qətiyyəti sayəsində ordumuz Azərbaycan tarixinə aprel zəfərini yazdı. Uğurlu Aprel döyüşlərində strateji yüksəkliklərin düşməndən geri qaytarılması Cocuq Mərcanlı röyasını gerçəyə çevirməyə imkan yaratdı. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Cocuq Mərcanlı kəndi bərpa edildi. Beləcə, “Böyük Qayıdış”ın təməli qoyuldu. Uzun illərdir yurd həsrəti ilə yaşayan soydaşlarımızın torpaq həsrətinə son qoyuldu.

Kənddə ilkin mərhələdə 50 fərdi yaşayış evi, məktəb binası, məscid, elektrik yarımstansiyası tikildi. Qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkildi. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 fərdi yaşayış evi, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar, uşaqların və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün süni ot örtüklü idman meydançası və digər zəruri infrastruktur obyektləri inşa edildi. Bu kənddə həyat artıq öz axarı ilə davam edir. Ermənistan silahlı bölmələri Cocuq Mərcanlını işğal edilənədək burada əsas məşğuliyyət növlərindən biri heyvandarlıq olub. Bunu nəzərə alaraq kənddə aqrar sektorun digər sahələri kimi heyvandarlığın inkişafına da diqqət yetirilir. Dövlət kənd təsərrüfatı ilə məşğul olanlar üçün də öz dəstəyini əsirgəmir.

Cocuq Mərcanlıda sakinlərin sosial rifahı üçün hər cür şərait yaradılıb. Artıq bu kəndin sakinlərinin asudə vaxtlarını maraqlı keçirmələri üçün parkı da var. Adı da “Qayıdış”… Ümumi ərazisi 1,4 hektar olan parkda dekorativ hovuz, kafe, ekranlı səhnə, futbol meydançası, uşaqlar üçün meydança, dayanacaq və sanitar qovşaq inşa edilib. Parkda yaşıllıqlar salınıb, müxtəlif növ ağac, dekorativ kollar, gül və çiçəklər əkilib. Söhbətgahlar, oturucaqlar və oyun qurğuları qoyulub.

“Qayıdış” parkının istifadəyə verilməsi münasibətlə keçirilən tədbirdə Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və ərazidəki N saylı hərbi hissənin əsgər və zabitləri iştirak edirdilər. Əvvəlcə parkla tanışlıq oldub. Tədbirdə çıxış edənlər Cocuq Mərcanlıya göstərilən dövlət qayğısından, kəndin sosial-iqtisadi inkişafı, sakinlərin məşğulluğunun təmin edilməsi və rifahının yaxşılaşdırılması istiqəmətində həyata keçirilən layihələrdən danışdılar. Kənd sakinləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdiblər. Tədbir rəngarəng konsert proqramı ilə davam etdi.

Daha çox xəbərlər