Zəfərdən başlanan yol Böyük Qayıdışa aparır
«Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağda bu yaz bolluq, bərəkət yazı olacaq
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan torpaqlara hər gəlişləri tarixi hadisə olmaqla, qısa müddətdə görülən işlərin miqyası, intensivliyi, planauyğun davam edən bərpa, quruculuq işləri ilə yadda qalır. Uzaqgörən lider, Ali Baş Komandan kimi tarixi missiyasını Zəfər paradı ilə başa vuran, Böyük Qayıdış çağırışı ilə bölgələrin dirçəldilməsi prosesini sürətləndirən Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə beşinci səfəri daha əlamətdar hadisələrlə yadda qaldı.
Bu günlərdə Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən əvvəlki səfərlərindən sonra tapşırılan işlərin gedişi ilə maraqlanan, «Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin» sözləri ilə Böyük Qayıdışın sürətlənməsi üçün tövsiyələrini verən Prezident İlham Əliyev bərpa işləri aparılan ərazilərin elektirik enerjisi, su ilə təchizatının xüsusi əhəmiyyətə malik olduğunu da diqqətə çatdırdı. Ermənistan üzərində qələbəmizdən dərhal sonra quruculuq işlərinə başlanılması, həyat qaynağı olan su və enerji ilə bağlı layihələrin həyata keçirilməsi bolluq və bərəkətin təməli deməkdir. Bu baxımdan Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi, yarımstansiyasının inşası uğurlu başlanğıcdır.
Prezident İlham Əliyev açılışında iştirak etdiyi Laçın rayonunun Güləbird kəndi ərazisində generasiya gücü 8 meqavat olan stansiyanın istifadəyə verilməsi isə təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Bu stansiyada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Kəlbəcər-Laçın ərazisi də su elektrik stansiyaları, «yaşıl enerji» zonaları baxımından əlverişli olduğundan eyni layihələr burada da davam etdiriləcək.
Güləbird Su Elektrik Stansiyasının açılışında «Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik» söyləyən dövlət başçımız Laçın və Kəlbəcər rayonlarında generasiya gücü 120 meqavat olacaq stansiyaların da bərpa olunacağını bildirir. Onların arasında ən böyük potensiala malik, İran İslam Respublikası ilə razılıq əsasında bərpa ediləcək «Xudafərin»” və «Qız qalası»” su elektrik stansiyalarıdır.
Su elektrik stansiyaları ilə paralal olaraq azad olunmuş torpaqlarda bərpaolunan enerji növlərindən istifadə ilə bağlı layihələrin həyata keçirilməsi ilə bu bölgələrin enerji ilə təchizatı tam ödəniləcək. Zəngilan rayonunda birinci pilot «ağıllı kənd”» layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcək. Sadalanan bu layihələrin həyata keçirilməsində, «yaşıl enerji» zonasının yaradılmasında iştirak edəcək xarici və yerli investorlar respublikamızı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edəcəklər. Kəlbəcər və Laçın rayonlarında külək , Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisi üçün mövcud olan böyük potensial hesabına Qarabağın «yaşıl enerji”» zonasına çevirilməsi ekoloji təhlükəsizlik üçün də vacib amildir.
İşğaldan azad olunmuz ərazilərdə quruculuq işləri enerji ilə bağlı layihələrin tətbiqi ilə məhdudlaşmır. Torpaqların minalardan təmizlənməsi işləri başa çatdıqdan sonra işğal nəticəsində yaşayış yerlərində tikililərə, abidələrə dəymiş ziyanın qiymətləndirilməsi ilə paralel digər infrastruktur layihələri də həyata keçiriləcək. Təməli qoyulan, bütünlükdə bölgə üçün vacib olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun çəkilişinin əhəmiyyətini «İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev ötən ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli Birgə Bəyanatda Azərbaycanın təşəbbüsü ilə yer alan Naxçıvan dəhlizinin bərpasını , muxtar respublikanın ölkəmizin digər rayonları ilə dəmir yolu ilə birləşməsini strateji, iqtisadi, siyasi baxımdan tarixi hadisə adlandırır. Bu dəmir yolunun Türkiyəyə qədər uzanması Bakı-Tbilisi-Qarsdan sonra qardaş ölkə ilə əlaqəmizi birləşdirəcək ikinci xətt olacaq. Nəticə etibarilə Azərbaycan Türkiyə ilə birləşir.
Bu dəhliz hələ də məğlubiyyətləri ilə barışmaq istəməyən revanşist ermənilərin qarşısında keçilməz sədd olacaq. Bu dəhlizin açılması Laçın, Kəlbəcər, Şuşa kimi digər rayonları da düşmənə satan, qorxaqcasına qaçıb gizlənib fərarilik edən AXC-Müsavat cütlüyünün xəyanətlərinə Prezident İlham Əliyevin qətiyyətli cavabıdır.
İşğaldan azad olunmuş ərazilərdə aqrar sahədə islahatların aparılması aqrar sahənin, fermer təsərrüfatlarının inkişafı baxımından da əhəmiyyətlidir. Zəngilanda olarkən Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın , qızları Leyla Əliyevanın erməni vandallarının məhv etdiyi Bəsitçay Dövlət Təbiət Qoruğunda əkdikləri çinarlar, Bəsitçaya buraxılan balıqlar yeni həyatın başlanmasının rəmzidir. Yaradılan su mənbələri hesabına rayonlarında torpaqlarımız dirçəlcək, məhsuldarlıq artacaq, kəndlilərin ailə büdcəsi möhkəmlənəcək. Qısa müddətdə 7 min hektarda əkin işlərinin aparılması bu ilki mövsümdə təqribən 20-25 min hektarda görüləcək işlər üçün təməldir. Aparılan islahatlar nəticəsində işğal dövründə ermənilərin bəhrələndiyi və ən azı 90 min hektardan götürülən məhsul xalqımızın rifahına yönələcək.
Prezident İlham Əliyevin Sərəncamına əsasən hazırlanan «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də qarşıya qoyulan vəzifələrin həlli ilə bölgələrin siması dəyişiləcək, bolluq, bərəkət yaranacaq. Sənəddə ölkəmizdə qarşıdakı on il üçün nəzərdə tutulan proqnozlar, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Belə ki, özəl mülkiyyət institutlarını gücləndirməklə xarici bazarlara çıxışın coğrafiyası genişlənəcək. Respublikamızın zəngin yeraltı, yerüstü sərvətlərindən, əmək resurslarından istifadə əlavə imkanlar yaradacaq.
«Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada – Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözləri də təsdiqləyir ki, başlanan quruculuq, bərpa işləri Qarabağın xoş günlərinə dönüş olacaq.

