Sözün bitdiyi, gözün xəcalətdən qapandığı məkan
«Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib.»
İşğaldan azad olunan torpaqlara səfərləri zamanı gördüyü mənzərədən dəhşətə gələn Prezident İlham Əliyevin bu sözlərini canlı müşahidə edən Azərbaycandakı diplomatik korpusun nümayəndələri, xarici jurnalistlər Ağdamı Xirosima ilə müqayisə edərək erməni vəhşiliyini, barbarlığını, qəddarlığını XXI əsrin faciəsi adlandırdılar. Vətən müharibəsi davam etdiyi müddətdə dünyanın tanınmış 30-dan artıq KİV-lərinə, televiziya kanallarına müsahibələrində Ermənistanın dağıdıcılıq missiyasının işğalçı ölkənin dövlət siyasəti olduğunu faktlarla açıqlayan Prezident İlham Əliyev bildirirdi ki, ayaqları dəyən yerləri xaraba qoyan ermənilərin genetikasında dağıdıcılıq, barbarlıq milli keyfiyyət kimi nəsildən- nəsilə keçərək milli xarakterə çevrilib.
Bu günlərdə yerli media və qeyri-hökumət təşkilatları rəhbərlərinin (QHT), bloqerlərin, ictimai fəalların Ağdama səfəri və müşahidələr əsasında yazılanlar, açıqlamalar anamız qədər sevdiyimiz torpağa bağlılıq, yanarlılıq baxımından daha kövrək, yanğılı idi. İnanılmaz dəhşəti görən, « insanın tüstüsünü təpəsindən çıxaran» misalına uyğun keçirdiyi hissləri sözlə ifadə etməyə çətinlik çəkən həmkarlarımızın qeyd etdikləri kimi, bu yerdə mənzərəni təsvir etməkdə sözün qüdrəti belə gücsüzdür. Bayquş xislətli ermənilərin özlərindən sonra xaraba qoyduqları, doğma nəfəsə ehtiyac duyan dağıdılmış evlər, «daşdan səs çıxdı, məndən səs çıxmadı» müdrik kəlamına uyğun lal divarlar həqiqi mənada sözün bitdiyi, gözün xəcalətdən qapandığı yerin canlı tablosu idi.
…Dünya tarixində itmiş, yer üzündən silinmiş, daşı-daş üstə qalmayan, yalnız kiçik işartıları ilə vaxtı ilə yaşayış məskənləri olduğu bilinən şəhərlər olub. Vezuvi vulkanının lavaları altında qalan Rompey, Herkulanum, Stabiya şəhərlərinin minlərlə sakini yanıb, kül oldu. «İbrətlə bax, ey könlüm, bu aləmə gəl bir an, eyvani-Mədaini ayineyi, ibrət san» yazan mütəfəkkir şair Əfzələddin Xaqaninin «Mədin xərabələri» qəsidəsi insanlıq üçün ibrət dərsidir. Şair «Hər bülbülü bir bayquş, hər nəğməni növhə» misrası ilə bülbülü susduran bayquşu, nəğməni əvəz edən növhəni şər qüvvə kimi təqdim edir. Ermənilər də bu qəbildən olan bayquş niyyətlidir. Bu yerlərin xarı bülbülünü qanlı əlləri ilə susduran ermənilərin törətdikləri əməllər göstərdi ki, xaraba aşiqliyi bu millətin dəyişilməz genefondunun əsas «sərvətidir.»
…Xocalı soyqırımına məruz qalan insanların ilk pənah yeri olan Ağdam elə o vaxtdan düşmənə göz dağı idi. Sonradan rayonun işğal olunmuş ərazilərində daha dəhşətli qırğınlar törədərək «güllənmiş şəhər»dən hayıfını çıxan daşnaklar demək olar ki, daşı-daş üstə qoymayıblar. Bu da təbiidir. Ən qatı terrorlarda adı çəkilən erməniliyin fəlsəfəsində bütün dünya od-alov, qan, öldürülmüş insanların cəsədləri içərisində təsvir və qəbul olunur. Təkcə Ağdamı deyil, 30 il işğal altında saxladıqları Azərbaycanın bütün ərazilərində qanla yoğrulmuş «fəlsəfələrinin» tablosunu yaradan erməni təfəkkürünə görə, təkcə canlılar deyil, gözlə görünən hər şey məhvə məhkumdur.
Amma artıq mənzərə dəyişir. Şanlı zəfərimizdən sonra doğmalarının isti əllərinin hərarətini hiss edən bu divarlar indi uçuq-sökük , lal-dinməz deyil, lay divar kimi dayanıblar. Yaralarının sarılacağı günü gözləyən torpaqlarımız kimi daşı-daş üstə qalmayan evlərimiz, tarixi abidələrimiz, ziyarətgahlarımız da yenidən «doğulacaqları» günün həsrətindədirlər. Düşmənin yox etməyə çalışdığı daşımız, torpağımız, yolumuz, qurutmaq istədiyi bulaqlarımız, çaylarımız canlanır. Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edən Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır: «Odur ki, biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq…Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var.»
Nə qədər çətin, məsuliyyətli olsa da , Vətənə vurulmuş yaralar sağalacaq. Ağdamın «ağ damları» yenə boy-boya verəcək, əvvəlkindən daha gözəl görkəm alacaq. Bu əminlik bizə babalarımızdan qalan torpağa sahib çıxmaq, onu qorumaq, əkib-biçmək əmanətidir. Vətəni düşməndən xilas edənlər onu qorumağı da bacarırlar. Bu, özgüvənlik bizə babalarımızdan yadigar qalan, əsatirlərdə yaşanan sərvətinə sahiblənmək bacarığından, inamından qaynaqlanır.
…Torpaqları daim yağı düşmənin hücumuna məruz qalan ölkənin əhalisi qorunmaq üçün qala kimi möhkəm divar tikməyi qərara alır. Amma divarın hörgüsü başa çatmamış uçurmuş. Həmin yerin tanınıb bilinən , sayılıb-seçilən başbilənləri dünyagörmüş, əsri başa vuran bir müdrikdən məsləhət istəyirlər. Ağsaqqal deyir ki, şücaətinə arxayın olan, divara sütun ola biləcək igidlərinizi bir yerə toplayın. Bu xəbəri eşidər- eşitməz bütün ərənlər bir nəfər kimi səf tutur, sıraya düzülürlər. Bunu görən pirani deyir ki, belə igidləri olan xalqa divar lazım deyil. Bu gün Azərbaycanda düşmənin dağıtdığı evləri dirçəldəcək, sökülən divarları yenisi ilə əvəz edəcək Vətən oğulları on minlərlədir. Düşməni yuvasına qədər qovan, babaları qulağı kəsik Andranikin taleyini yaşadan Azərbaycanın igidləri nəyə qadir olduqlarını bütün dünyaya bəyan etdilər. Bildirdilər ki, Vətənimizin düşmənə sinə gərəcək qaladan da möhkəm , qüdrətli oğulları var.

