Köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdə “Quş qripi”nə görə növbəti monitorinq keçirilcək
ARANTV.AZ xəbər verir ki, bir sra ölkələrdə müşahidə edilən “Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Köçəri quşların miqrasiyası nəzərə alınaraq, yanvarın 14-dən 18-dək növbəti monitorinq keçiriləcək. Dövlət Baytarlıq Xidmətindən bildirilib ki, monitorinqin köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağ göl Milli Parkında və Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək. Rəsmi məlumata görə, hazırda “quş qripi” və digər yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

