Bir Vətən sevdalısının hünər dolu ömür yolu
Şanlı zəfərimizlə başa çatan Vətən müharibəsində cənnətməkan yurd yerimiz olan Qarabağın yağı pəncəsindən xilasında Lerik rayonundakı Hovil kəndində dünyaya göz açan İmaməli Elman oğlu İbrahimov da böyük hünər göstərdi.
Canından artıq sevdiyi doğma Azərbaycanının ərazi bütövlüyünün bərpası yolunda uca və müqəddəs şəhidlik zirvəsini fəth edəndə ömrünün ən gözəl, şirin cağlarını – 25-ci ilini yaşayırdı. Fəqət, həyat yolu qısa oldu, Vətəni, xalqı üçün elə bir fədakarlıq göstərdi ki, paklıq, saflıq dünyasına dönərək əbədi olaraq milyonların ürəyinə köçdü.
Vətən naminə yaşamaq İmaməlinin taleyinə yazılmışdı. Həm də düzlük, halallıq və qurub-yaratmaq vurğunu olan atası Elman kişinin el-obanın sevincini, ağrı-acısını ürəyində yaşatmaqla pillə-pilə ucaldığını görür. İnsanlığın zinəti sayılan atanın bu munis dəyərləri oğlunu Vətəninə daha sıx bağlayır. Odur ki, orta məktəbi bitirən İmaməlinin birinci amalı xalqına fayda vermək olur. Təmiz, ülvi duyğularla müstəqil həyata qədəm qoyan yeniyetmə oğlanın gördüyü işlər tez də yerini insanlar arasında mötəbər edir. Halal əməyi, müqəddəs arzuları, xeyirxah əməlləri başqalarına işıq olsa da, özü dığaların əsarətində qalan Qarabağın ağrılarına dözə bilmir. 2013-ci ildə Vətənin daşına, torpağına, havasına, suyuna qurban deyib düşməndən qisas almaq məqsədilə həqiqi hərbi xidmətə gedir.
Bəli, İmaməli ön xətdəki hərbi hissələrin birində nümunəvi qulluğu ilə seçilir. Lap kiçik yaşlardan qəlbinə hakim kəsilən Vətən sevgisi, torpaq məhəbbəti onu əsgərlərin, komandirlərin yanında başıuca edir. Cəsarəti, səmimiyyəti, saflığı da öz yerində. Həmişə Qarabağın taleyini düşünən igid əsgər bütün təlimlər zamanı yüksək rəşadət, şücaət göstərir, hərbin sirlərinə mükəmməl yiyələnir. Beləcə, köksündə əsl qəhrəman ürəyi daşıyan İmaməli yağı düşmənlə Vətənin haqq işi uğrunda döyüşə hazırlaşır…
İmaməli Vətən qarşısında borcunu verib doğma kəndinə qayıdır. Bir müddət dinc əməklə məşğul olur. Həyata ağıllı nəzərlərlə baxır, gördükləri elin, yurdun mənafeyi naminə yönəlir. Bu saf ürəkli cavan oğlanı hamı sevir, onun mərdliyinə, insanpərvərliyinə qibtə edirlər. Bütün bu sevgilər içində İmaməli isə Vətən torpaqları azad görmək arzusu ilə yaşayır. Ürəyindəki istək onu yenidən ordu sıralarına qaytarır. İmtahan və təlimlərdən uğurla keçib MAXE kimi cəbhə bölgəsinə yollanır. Nümunəvi xidməti ilə fərqlənir, həm də əsgər yoldaşlarına təlqin edir ki, Vətəni, torpağını qorumağı, onların yolunda canından keçməyi hər bir övlad özünə şərəf işi saymalıdır.
27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhə boyu yerləşən mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, müxtəlif artilleriya qurğulardan intensiv atəşə tutur. Azərbaycan Ordusu əks-hücum əməliyyatların başlayır. Canında vətənpərvərlik, yurd sevgisi qaynayan İmaməli ilik gündən düşmənlə ölüm-dirim savaşına girir və Vətən torpağının hər qarışı naminə son damla qanına qədər döyüşməyinə and içir. Bir-birindən ağır müharibə meydanlarında erməni dığaları igid Vətən oğlunun sarsıdıcı zərbələri qarşısında dayana bilmirlər. İtki verə-verə döyüş mövqelərini tərk edərək qaçırlar. Hər dəfə azad olan torpaqları görəndə İmaməlinin qollarına yeni güc gəlir, qələbələr naminə heç nədən qorxmadan irəli gedir. Cəbrayıldan Laçına qədər şərəfli bir döyüş yolu keçir. Düşmən neçə-neçə savaşın əsl qəhrəmanı olan kiçik çavuş İmaməlinin ürəyini noyabrın 8-də Laçında nişan alır. İgidin şəhadəti Azərbaycanın şanlı qələbəsi olur. Bununla İmaməli böyük bir xalqın, millətin qürur yerinə çevrilir. Dövlət də öz qəhrəman oğlunu şərəfli ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” Cəbrayılın, Qubadlının, Laçının azad olmasına görə medalları ilə təltif edir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü







