Qarabağ iqtisadiyyatımızda mühüm yer tutacaq
ADA Universitetində keçirilən konfrans Azərbaycanın postmüharibə dövründəki siyasətinin dünyaya çatdırılması baxımından əlamətdar idi
13 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutan “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans bir çox vacib anlarla yadda qalan oldu. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransda Prezident İlham Əliyevin verilən hər bir suala dolğun, hərtərəfli və dəqiq cavablar verməsi Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Eyni zamanda, cavablar dünya ictimaiyyətinə mesajlarla da zəngin idi.
Zənnimcə, konfransdan çıxarılan əsas nəticələrdən biri müharibənin artıq başa çatması fonunda Cənubi Qafqazda yeni inkişaf və əməkdaşlığa hesablanan baxışın formalaşmasına yaranan zərurət idi. Əlbəttə ki, keçmişi unutmaq və ya danmaq mümkün deyil. Azərbaycan xalqından Xocalı Soyqırımını, 30 ilə yaxın davam edən işğalı, ailə üzvlərini itirmiş, doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanları unutmağı gözləmək mümkün deyil. Cənab Prezidentin də dediyi kimi, bu yaddaş bizim qəlbimizdə qalacaq amma eyni zamanda biz gələcəyə baxmalıyıq. Bundan sonra iki xalqın birgə yaşayışı, iki dövlətin də iştirak etdiyi layihələrin icrası və bölgədə davamlı, dayanıqlı sülhün inşası əsas prioritetdir. Azərbaycanın bu istiqamətdə siyasəti isə məlumdur. Hətta müharibənin başladığı ilk günlərdə belə Azərbaycan Prezidenti bəyan edirdi ki, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır və onlar orada yaşamağa davam edəcəklər. Müharibənin aktiv fazası bitdikdən sonra da Azərbaycan Ermənistan tərəfinə müxtəlif şəkillərdə güzəştlər, jestlər edib amma təəssüf ki, bu tək tərəflidir. Ermənistandakı azərbaycanafobiya, türkofobiya siyasəti reallığın dərk olunmasına icazə vermir. Ermənistan bizim müharibə zamanı və sonrasındakı davranışımızı düzgün qiymətləndirməyi bacarmır. Azərbaycan isə gələcəyə hesablanmış siyasət yürüdür. Azərbaycanın hərəkətləri sadəcə jest mahiyyəti də daşımır, bu, müharibə səhifəsini çevirməklə bağlı düşünülmüş siyasətdir. Beləliklə, əminliklə deyə bilərik ki, Azərbaycan sülh istəyir. Bizim gələcəklə bağlı planlarımızda sülh, inkişaf və bölgənin hərtərəfli yüksəldilməsi var. Bununla yanaşı, əgər Azərbaycan xalqına və ya ölkəmizin ərazi bütövlüyünə qarşı təhdid hiss olunarsa biz onları məhv etməkdən çəkinməyəcəyik. Ölkə başçımızın da daim vurğuladığı kimi “Dəmir yumruq” yerindədir. Belə bir səhv addım atarsa bu səfər Ermənistan tamamilə məhv edilər.
Konfransda qaldırılan ən vacib məsələlər arasında Şuşada qalıqları tapılan “İsgəndər-M” raketi də var idi. Ölkə başçısı bununla bağlı qəti mövqe bildirərək, cavab gözlədiyini bildirdi. Maraqlısı budur ki, bu məsələdə Rusiya və Ermənistan rəsmilərinin ziddiyətli açıqlamaları var. Daha da maraqlısı budur ki, bu silahlar əslində heç Ermənistanda olmamalıdır. Çünki bu silah, adi silah deyil və ixracatının olmadığı məlumdur. Ermənistanın bu silaha malik olması bütün beynəlxalq qaydaların Rusiya tərəfindən heçə sayılması deməkdir. Bir nüans da var ki, necə olur ki, Rusiya bu barədə fikir bildirə bilir. Əgər Ermənistan azad dövlətdirsə, necə Rusiya rəsmisi onun anbarında olan silahlarla bağlı açıqlama verir. Bu o deməkdir ki, Rusiya Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinə nəzarət edir? Beləliklə, bu məsələ ilə bağlı suallar və aydınlaşdırılacaq məqamlar kifayət qədər çoxdur və Azərbaycan tərəfi cavab gözləyir. Ümid edirik ki, ən qısa müddətdə bununla bağlı Azərbaycanı da qane edən cavablar veriləcək.
Konfransda aydınlıq gətirilən məsələlərdən biri də ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyəti ilə bağlı oldu. Vurğulandı ki, Minsk qrupu həmişə təklif verən qrup olub və indiki mərhələdə də onlardan gözlənilən budur. Ancaq onlar münaqişəni həll edən qrup kimi fəaliyyət göstərə bilməzlər. Çünki, indiki halda münaqişə artıq yoxdur, həll olunub. Onlar əldə olunan kövrək sülhə zərbə vura biləcək bəyanatlardan çəkinməlidir. Əslində, Minsk qrupu ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Onlar 30 illik münaqişə dövründə konkret bir nailiyyət əldə edə bilməyiblər. Bunun səbəbi isə yəqin ki, onların bunu istəməməsidir. Nəzərə alsaq ki, Minsk qrupunun 3 ölkəsi də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir onda onların bu məsələdə bu qədər uğursuz nəticə əldə etməyi mümkün deyildi. Ancaq özləri məsələnin həlli yerinə, dondurulmasına çalışırdılarsa bu başa düşülür. Ancaq son nəticədə Azərbaycan bununla razılaşmadı və ərazi bütövlüyünü öz gücünə bərpa etdi. Azərbaycanın niyəti də bu idi. Bizim heç vaxt öz ərazilərimizi bərpa etməkdən başqa hədəfimiz olmayıb. Halbuki bunu etmək üçün dəfələrlə əlimizdə imkanlar olub. İstər 2016-cı ildə, istər 2018-ci ildə, istərsə də Tovuz döyüşlərində bunun üçün Azərbaycanın kifayət qədər imkanları var idi. Amma Azərbaycanın heç vaxt ərazi iddiaları olmayıb və bundan sonra da olmayacaq. Azərbaycan Prezidenti bunu ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldzun sualını cavablandırarkən də bildirdi. Ölkə başçısı dəqiqliklə bildirdi ki, “Biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur”.
Ölkə başçımız daha sonra Azərbaycanın gələcək inkişafı ilə bağlı olan sualı cavablandırdı və bildirdi ki, Qarabağ iqtisadiyyatımızda mühüm yer tutacaq. Qarabağın iqtisadi potensialını gözdən keçirəndə bunun mümkünlüyü daha dəqiq nəzərə çarpır. İstər qeyri-enerji sektorunda, istərsə də nəqliyyat dəhlizləri ilə bağlı Qarabağda bütün bölgənin qazanc əldə edəcəyi bir çox layihəni rallaşdırmaq mümkündür. Ancaq unutmaq olmaz ki, inkişaf üçün daxili sabitlik kifayət etmir. Eyni zamanda sərhədlərimizdən kənarda da sabitlik olmalıdır ki, bölgəyə yeni investisiya cəlb etmək mümkün olsun. Azərbaycanın əsas məqsədlərindən biri də budur. Riski minimuma endirməklə bölgəni cəlbedici hala gətirmək və uzun perspektivdə bölgənin lider ölkəsi olaraq bütün regionun inkişafına nail olmaq. Əminliklə demək olar ki, Azərbaycan buna nail olacaq. Beləliklə, Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbə regionda tamamilə yeni reallıq yaratdı. Hər kəs bu yeni reallıqla hesablaşmalıdır. İstər Ermənistan, istərsə də ona havadarlıq edən digər dövlətlər.

Xəyalə Cavanşirli,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

