Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə verilən ödənişlər AÇIQLANDI
1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşların sosial müdafiəsi diqqətdə saxlanılır və Prezident İlham Əliyevin tapşırığına əsasən bu istiqamətdə tədbirlər ildən-ilə gücləndirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən məlumata görə, əlilliklərinin səbəblərinə görə Çernobıl əlilləri “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlar kimi iki qrup üzrə müəyyən ediliblər.
– Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə müharibə əlilləri və şəhid ailələri ilə bərabər, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin də 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təminatı nəzərdə tutulub ki, bu da onlara xüsusi qayğını təzahür etdirir.
– Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə görə aylıq müavinət (1-ci dərəcə əlilliyə görə 150 manat, 2-ci dərəcə əlilliyə görə 130 manat, 3-cü dərəcə əlilliyə görə 110 manat) və ya əlilliyə görə əmək pensiyası ilə təmin edilirlər (böyük əksəriyyəti pensiya ilə təmin olunurlar və onlara ödənilən pensiyaların minimum məbləği 260 manatdır).
– Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət verilir.
– Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə göndərilməsi və s. istiqamətlərdə müvafiq işlər aparılır.

