Siyasət 

Qarabağda məscidlərin dağıdılması, təhqir edilməsi İslam dininə qarşı ən böyük cinayətdir – Erməni vandalizmi

Təcavüzkar Ermənistanın 28 illik işğalı dövründə Qarabağda Azərbaycana məxsus bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilib. İşğal olunmuş ərazilərdə demək olar ki, bütün məscidlər, mədrəsələr, körpülər, məbədlər dağıdılıb, xalqımızın milli mənəvi dəyərləri təhqir edilib. Həmçinin Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan edilib, təhqir edilib, dəyişdirilib və qanunsuz olaraq Ermənistana daşınıb. Bu ərazilərdə 100 000-dən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilib.

Şübhəsiz, ermənilərin bu barbarlığı adi müharibə cinayəti deyil. Erməni faşistləri işğal dövründə Qarabağda məqsədli şəkildə bütün tarixi abidələrimizi məhv edib, maddi mədəniyyət nümunələrimizi talayıb, hətta qəbirləri söküb, sümükləri belə daşıyıb aparıblar. Prezident İlham Əliyevin söylədiyi kimi, “onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər”.

Bu gün dünyanın nüfuzlu beynəlxalq nəşrləri, tanınmış elm və mədəniyət xadimləri, yazıçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mədəni irsin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı narahatlıqlarını ifadə edir və dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. İşğal olunmuş ərazilərdə ermənilərin dini və tarixi-mədəni irsə qarşı törətdiyi vəhşilikləri təsvir edərkən ingilis yazıçısı Corc Mitçel Ağdam şəhərini “ruhlar şəhəri” və “Qafqazın Xirosiması” adlandırıb: “Ağdam mədəni irsin məhv edilməsi baxımından bəlkə də ən kədərli və ən parlaq nümunədir. Bir vaxtlar tarixi abidələri ilə məşhur olan canlı bir şəhər -Ağdam, Ermənistan tərəfindən tamamilə məhv edilib və xarabalığa çevrilib”.

İşğal dövründə barbar ermənilər Şuşada Vaqifin məqbərəsini, Bülbülün ev muzeyini, Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbəni də tamamilə məhv ediblər. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri də dağıntılara məruz qoyulub, İbrahimxəlil xanın türbəsi isə tamamilə yerlə yeksan edilib. Kəlbəcər rayonunda yerləşən XIII əsrə aid Xudavəng monastırının mədəniyyət nümunələri və qədim əlyazmalar, habelə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələri Ermənistana qanunsuz olaraq daşınıb. Bununla yanaşı, Xocavənd rayonunun Azıx kəndindəki Azıx mağarasında qanunsuz qazıntılar aparılıb.

Təxminən 30 illik işğal dövründə ermənilər işğal altında olan ərazilərdə Azərbaycan xalqının irsini, İslam mədəniyyətinin izlərini silməyə çalışıblar. İnsanlıq simasını itirən bu vəhşilər xalqımıza məxsus məscidlərdə ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Eləcə də işğal olunmuş ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələrə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir. İşğal zamanı, həmçinin Zəngilan məscidi, Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin erməni vandalizminin qurbanına çevrilib. Bütün bu vəhşiliklər  təkcə azərbaycanlılara qarşı deyil, dövlətimizin başçısının dediyi kimi, bütün müsəlman aləminə, İslam dininə qarşı törədilən ən böyük cinayətdir.

Məsələ burasındadır ki, ermənilər yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərib. Belə ki, Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalıb. Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb.

Erməni vandalları insanlıq əleyhinə yönəlmiş bütün bu hərəkətləri ilə birmənalı olaraq beynəlxalq humanitar hüququn, o cümlədən YUNESKO-nun 1954-cü il Haaqa Konvensiyasını və onun iki protokolunu, eləcə də 1970-ci il Konvensiyası kimi tənzimləmə sənədlərini kobud şəkildə pozublar. Şübhəsiz, vaxtı gələndə vəhşi, murdar, insanlıq simasını itirən bu cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.

Təbii ki, 44 günlük Vətən müharibəsini parlaq Qələbə ilə başa çatdıraraq tarixi diyarımız olan Qarabağa Böyük Qayıdışı başladan, tarixən ən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkan olan Azərbaycan geniş imkanları, iqtisadi gücü, potensialı və zəngin təcrübəsi ilə qısa müddətdə bölgədəki bütün tarixi, dini abidələri, məscidləri bərpa edəcək, bu torpaqlarda əzan səsləri yenidən ucalacaq. Artıq Şuşa şəhərində məscidlərin bərpasına start verilməsi, Ağdam Cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işlərinin aparılması, Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinə başlanılması, xüsusi ilə aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın üzərində “Zəngilan məscidinin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur” sözləri yazılmış xatirə daşını məscidin divarına hörmələri bunun bariz nümunəsidir.

Daha çox xəbərlər