Sosial 

Zəfər müharibəsinin qəhrəmanları: Vətən mənim vüqarım, Vüqar mənim vətənimdir

İnsanlar, havasını udub, suyunu içdiyi, qoynunda böy atıb böyüdüyü torpağa bənzəyirlər. Bəzən birinin necə adam olduğunu öyrənmək üçün kiayyət edir ki, onun haralı olduğunu biləsən.

Vüqar da Azərbaycanımız ən qədim kəndlərindən olan, min illərin tarixi adət ənənələrini qoruyub saxlayan, yaşadan və ona əməl edən, qəhrəmanlıq tariximizin ən şanlı səhifəsinə öz adını yazmağa bacaran, təkcə ərazisinin böyüklüyü və əhalisinin çoxluğu ilə deyil , qürur duyulası tarixi zənginlikləri, bağı-bağatı, namuslu insanları, qəhrəman oğulları, elm adamları ilə daha çox iftixar ediləsi qədim Qazyan kəndində dünyaya göz açıb, burada böyüyüb, tərbiyə alıb. Bu kənd Azərbaycan elminə tanınmış elm xadimləri vermiş, Azərbaycan qəhrəmanlıq səlnaməsinə adını çoxsaylı şəhidlərinin adı ilə yazılmış, milli qəhrəman yetişdirmiş, genrallar bəxş etmiş, xalqına və dövlətinə sədaqəti ilə seçilən  insanların kəndidir.

Vətən müharibəsi günlərində düşmənin canına vəlvələ salan gənc «HAROP» Ceyhun Qurbanov, idarə etdiyi tankla düşmənin kabusuna dönmüş qazi Heydər Hüseynov,Vətən müharibəsi günlərində qəhrəmanlı tarıximizi zənginləşdirən neçə-neçə igid oğulları bu gün Qazyanının qürur mənbəyi, iftixar yeridirlər. Bu kəndin insanları beşikdən qəbrəcən doğulduğu elə, obaya laiq övlad ruhunda tərbiyə edilirlər. Bu kəndin uşaqları yaxşı dərk edirlər ki, onlar təkəcə ata analarının deyil, doğulub boya – başa çatdıqları elin, obanın, bu Vətənin övladlarıdırlar. Gərək elə yaşayasan ki, adın çəkiləndə heç kim utanmadan o, mənim yerlimdir deyə bilsin ruhunda böyüdülürlər. Vüqar da böyüdükcə təkcə öz adının deyil Qazyan sözünün məna yükünü də çiyinin daşıdığını dərk edən bir gənc, bir qəhrəman oldu.

Əslində kəndin düzgün adı “Qazian”dır . Ərəb dilində qazi “kafirlərə qarşı vuruşan döyüşçü və dəstə, qoşun başçısı” mənasını verir. Orta əsrlərdə qazilər sərhəd qoşunu, eyni zamanda dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edən qoşun növünü təşkil edən qüvvə sayılırdı.

Xalqımızın mənəvi xəzinəsi «Kitabi Dəqə Qorqud» dastanında da qazi – ərənlər mənasında işlənir. Osmanlılarda birmənalı olaraq «Qaziləri» qəhrəman döyüşçülər hesab edilir. Qızılbaş tayfaları içərisində də qazilər (qazian) tayfası vardır. Azərbaycan ərazisindəki Qubadlı, Tərtər, Ucar rayonunda, eləcədə Cənubi Azərbaycanda Qazian (Qazyan) adlı toponimlər qədim türk soyundan süzülüb gələn tayfaların adları ilə bağlı yurd yerləridir.

Qazyan coğrafi adının mənası belədir: an-məkan,yurd yeri,oba adını bildirir. «Qazi» tayfa adıdır. Qaziyan «Qazi»tayfalarının yaşadığı yer mənasını verir.

Təkcə bugünümüzün deyil, tariximizin qəhrəmanı olan Vüqar Ələkbərov sadə, əli qabarlı, süfrəsi halal çörəkli, zəhmətkeş bir ailədə dünyaya göz açıb,böyüyüb ,boya başa çatıb. Gözünü açandan, özünü dərk edəndən ailədə əməyə hörmət, vətənə sədaqət ruhunda tərbiyyə alıb. Gözünü açıb çətinlik görüb, əziyyət görüb. Həm də sevgi dolu bir ömür, mehribançılıq dolu bir həyat görüb. Atası Telmanla, anası Şainanin sevgi dolu bir dastana bənzəyən ömürlərini, qarşılıqlı hörmətin, düzgün ailə münasibətləri üzərində qurulan bir ailə modelini görüb. Görüb və anlayıb ki, xoşbəxtliyin yolu, təkcə vardan, dövlətdən, sərvətdən keçmir. Qızıldan da qiymətli olan, səmimi hislərdən, təmənnasız sevgidən, qarşılıqlı hörmətdən keçir. Elə buna görə də dərs əlaçısı, ümidli gəlcəyi olan Vüqar əsgər olmaq, vətənə xidmət yolunu tutub. Düşünüb ki,az qazanaram, düz qazanaram.Qorunandan,bəslənəndə yox  qoruyan olaram. Arxada durmaram, arxa olaram.

– Mən əslən dərbəndliyəm. Milliyyətcə ləzgiyəm.Telmanla Qazaxstanda tanış olmuşuq. Vüqar ilk övladımızdır. Vüqar olanda çox sevindik. Adını mən qoydum. Dedim ki, bu uşaq böyüyüb bizim fəxrimiz ,vüqarımız olacaq. Bizim həyata keçirə bilmədiklərimizi, arzusunda olduqlarımızı, Vüqarın reallaşdıra biləcəyini düşünürdüm . Gənc idik… romantik idik… Arzularla yaşayırdıq,- deyir, Şaina xanım.

Dərddən beli bükülmüş, çuxura düşmüş gözlərindən yaş sellənən Telmanın dodaqları titrəyir. Nəsə deməyə çalışır. Səsi çıxmır, boğulur. Titrəyən əli havada qalır. İki əli ilə üzünü qapayıb hönkürür. Elə bilirəm göy guruldayır, gözlərindən sellənən göz yaşı indi daşlanıb dəli bir çay kimi məni də qoynuna alıb aparacaq.

Mən onu min bir əzabla, kasıbçılıqla hala gətirmişdim. Kef ilə böyütməmişdim. Aruzladıqlarını ona verə bilməmişdim. Niyə belə oldu axı? Min cürə gözəl arzusu, istəyi var idi . Hamısı yarımçıq qaldı… Kasıbın övladına verə biləcəyi nəyi olur ki? Çalışırdım heç olmasa olan sevgimi, məhəbbətimi əsirgəməyim ondan… Şəhidim, igidim, arzularımın ən şirini, biz yarı yolda qoyub gerdi… Uşaq idi… balaca idi, körpə idi… Həm də çox böyük idi, Vüqarım. Bir iş görəndə yanımdan ayrılmazdı. Mənə kömək etməyə çalışardı. Əlindən gələni də, gəlməyəni də edirdi. Təki mənə kömək olsun. Təki çətinlikləri birgə qaldıraq deyə…

Bilirsiniz, kənddə bizim evimiz «Mal yolu» deyilən ərazidə yerləşir. Yağış, qar olanda bu yola heç rezin çəkməylə belə girmək olmurdu . Vüqarı kiçik yaşlarında, yağışlı- yağmurlu havada hər gün asfalta kimi kürəyimdə çıxardardım ki, üst başı bulanmasın.Üst başı ,səliqə sahmanı ilə yoldaşlarından fərqlənməsin. Kimdənsə geri qalıb utanmasın. Özüm yemirdim, onalara yedirdim…özüm geymidim, onalara geydirirdim… Sən demə fərqli imiş mənim Vüqarım. Sən demə fərqli olacaqmış mənim balam… Şəhid oldu. Vətənin bir parçası oldu…

Şainə ömür gün yoldaşına təsəlli olmağa çalışır:

-Allah bizi müküfatlandırdı. Allah bizim oğlumuzun onun yanında olmasını istədi. Vüqarı müharibəyə özüm yola saldım. Dedim Vüqar, mən bir qərib qızıyam. Bu kəndə düşən gündən özümə qarşı hörmət gördüm. Sevgi gördüm. Qayğı gördüm. İndi sən vətəni qorumağa gedirsən. Bil ki,Vətənim Azərbaycan mənim vüqarımdır, Vüqarım mənim vətənimdir.Həm özünü həm vətəni qoru. Üstümüzə qorxaq kimi, məğlub kimi gəlmə. Qalib ol gəl.Qəhrəman ol gəl. Bizi başı aşağı etmə, bu millətin yanında.  Dərdim böyükdür, qardaş. Amma Vüqarım mənim qürurum oldu. Başımı uca etdi. Vüqardan başqa cürə nə isə gözləmirdim də. Qəhrəman olacağına adım kimi əmin idim.

DosyeƏləkbərov Vüqar Telman oğlu 16 noyabr 1994 cü ildə Ucar rayonunun Qazyan kəndində anadan olub. 2001 ci ildə Qazyan kənd 2 nömrəli məktəbin birinci sinfinə gedən Vüqar Ələkbərov 2010- cu ildə həmİn məktəbin doqquzuncu sinfini əla qiymətlərlə başa vurdüqadan sonra Göyçay Dövlət İdarəetmə və Texnolagiya kollecinin Avtomobillərin Təmiri və Servizi fakultəsinə daxil olur. Kolleci müffəqiyyətlə bitirən Vüqar Ələkbərov 06.07.2014 cü ildə Ucar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılır.Hərbi xidmətinə Azərbaycan Respublikasının Daxili Qoşunlarında başlayan Vüqar Ələkbərov nümunəvi xidmətinə görə 2015 ci ildə «baş əsgər»hərbi rütbəsi alır. 2016- cı ilin 01 yanvarında həqiqi hərbi xidmətini başa vuran Vüqar Ələkbərov evə valideyinlərinin yanına gəlmir. Nə qədər ki, torpaqlarımız düşmən tapdağı altındadır o müddətə kimi mən də hərbi formamı çıxarmayacağam deyir və 02 yanvar 2016- cı ildən Daxili Qoşunların Bərdədə yerləşən N saylı hərbi hissəsisndə MAXE kimi xidmətə başlayır. 2017 ci ilin yanvar ayından isə xidmətini davam etdirmək üçün DQ-nin Xüsusi Təyinatlı Qüvvələrinə keçir. 2017 ci ilin 11 fevralından isə xidmətini DQ-nın Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində Gəncə şəhərində davam etdirir. 29.05 2017 ci ildə Vüqar Ələkbərova kiçik gizir hərbi rütbəsi verilərək «KORD» iriçaplı pulemyotçular dəstəsinin yarımqurup komandiri vəzifəsinə təyin edilir. 2017 ci ildə DQ-nin Baş İdarəsinin təşkil etdiyi «Əlbəyaxa Döyüşlər» üzrə keçirilən təlimlərdə xüsusi fərqlənərək 3-cü yeri tutur. 2018-ci ildə Vüqar Ələkbərov gizir rütbəsi alır. 2019 cu ildə Xüsusi Təyinatlıların yarımqurup komandiri Vüqar Ələkbərov zirehli hərbi maşına rəhbər təyin edilir. Vüqar Ələkbərov 2020- ci ilə kimi müxtəlif hərbi təlimlərdə iştirak edərək xüsusi olaraq fərqlənib. Döyüş tapşırıqlarını ləyaqətlə yerin yetirən, hərbi təlimlərdə fərqlənən, fiziki gücü ilə xüsusi olaraq tanınan Vüqar Ələkbərov DQ  XTQ-nin tərkibindən Müdafiə Nazirliyini XTQ-nin «052 YAŞMA» Əlahiddə Alayının kəşfiyyat qrupuna köçürülür. Vətən müharibəsi başlayan zaman XTQ-nin kəşfiyyat taborunda pulemyotçu köməkçisi vəzivəsini icra edən cəsur döyüşçü Vüqar Ələkbərov Kəlbəcər rayonunda yerləşən Murovdağ silsiləsinin, Hadrut, Cəbrayıl, Füzuli rayonlarının düşməndən azad olunmasında fəal iştirak edərək qəhrəmanlıq salnaməmizin şərəfli səhifəsini yazanlardan biri olub. Düşmənin 2 yüksək rütbəli zabitini, 20 dən çox hərbi qulluqçusunu məhv edərək öz adını qəhrəmanlıq tariximizin şanlı səhifəsinə yaza bilib. 12 oktyabr 2020 ci ildə Füzuli rayonunun Ağcakənd istiqamətində gedin dğyüşlərdə Vüqar düşmən pulemyotunun açdığı atəş nəticəsində ürəyindən yaralanaraq qəhrəmancasına şəhid olub. 15 oktyabr 2020- ci ildə doğulduğu Qazyan kəndində böyük bir izdihamla torpağa tapşırılıb. Azərbaycan əsgərinin şücaəti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Dövlətimizin başçısının sərəncamı ilə gizir Ələkbərov Vüqar Telman oğlu ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə»medalları ilə təltif edilib.

XTQ-nin şəid giziri Vüqar Ələkbərov əmisi oğlu Kamran Ələkbərovun xatirələrində:

– Vüqarla uşaqlığımız bir keçib.Telman əmimgil təzə ailə qurmuşdular, hələ özlərinin ev – eşikləri yox idi. Birlikdə Məlikməmməd babamgildə yaşayırdıq. Böyük bir ailə idik. Zəmətkeş ailə… Babam kolxozda çalışardı. Nəvələrdən böyüyü mən olduğum üçün məndən kiçiklərə nəzarət etməyi mənə tapşırardılar. Birlikdə oyanayarıdıq, atlanardıq. Kənd uşaqlarının oyunu necə olur, bunu kənddə yaşayanlar bilir… Vüqar qırmızı yanaq, tontuş bir uşaq idi. Mənim etdiklərimi olduğu kimi təkrarlamağı çox sevərdi. Çalışardı ki, məndən geri qalmasın. Bibimin ondan bir yaş böyük oğlu Asiflə onu həmişə güləşdirərdim.Həmişə Vüqar yıxardı. Vüqar uşaqlıqdan qətiyyətli , əzimkar idi. Sonra orta məktəb illəri başladı. Olur da, məktəbdə uşaqlar arasında söz , söhbət, gərginlik yaranır, bəzən dava düşür. Vüqara demişdim ki, bir problemin olsa, qorxma mən buradayam. Bir dəfə də olsun Vüqar mənə demədi ki, nə isə bir çətinliyi var. Elə bil Allah onu bilərəkdən, fərqli, əzimkar, olduqca dəyanətli böyüdürdü. Siniflərinin sevimlisi idi Vüqar. Dərslərini çox gözəl oxuyardı. Sonra biz böyüdük… Ailə, həyat qayğıları hərəmizi bir tərəfə atdı. Gec- gec görüşsək də əlaqəmizi kəsməzdik. Tez- tez telefonla danışar, kiçik bir uğurumuz olanda sevinə-sevinə tez bir- birimizə çatdırırdıq. Müharıbə başlamamışdan oncə Vüqarı XTQ-nin tərkibinə vermişdilər. Mənə zəng vurmuşdu. Elə bil dünyanı buna bağışlamışdılar. Sevinirdi. «Bundan sonara kəşfiyyat qrupunda çalışacam»- deyirdi. Vüqarın sevincini anlaya bilmədiyimi deyəndə «Əmi oğlu, mən hərbçiyəm. Kişi sənətinin seçmişəm. Müharibə olarsa , öndə olacam. O,qansız düşmənə qan udduracam. Hərbçi üçün özəl qüvvətlərdə xidmət etməkdən , XTQ-nin əsgəri olmaqdan böyük nə ola bilər? Məni seçiblər… mənə inanırlar.Mənə ümid edirlər»,dedi. Vüqar ona olan bütün gözləntiləri doğrultdu. Amma o, qədər arzuları var idi ki, hamısı yarımçıq qaldı…

Vüqar işlədiyi yerdə, əsgərləri arasında çox böyük hörmət qazanmışdı. Müharibə vaxtı, Bakıda DQ- nın formasında bir qazi gördüm. Deyəsən o, da məni Vüqara oxşatmışdı. Gözünü məndən çəkmir, mənə baxırdı. Yaxınlaşıb salam verdim. Ucardan olduğumu bildirdim. Sonra Vüqarı tanıyıb , tanımadığını soruşdum. Dərhal Ələkbərov Vüqarı deyirsən , deyə sual etdi. Bəli, əmisi oğluyam, dedim. Vüqarı tanıdığını, Füzulidə döyüşlərdə bir yerdə olduğunu, Vüqarın bir şir kimi vuruşduğunu dedi. Vüqarı soruşdu. Şəhid olduğunu biləndə, doğmasını, əzizini itiribmiş biri kimi hönkürdü. Vüqar, bizim üçün, əzizləri üçün, elə kəndimizin adı üçün də bir dastan yazdı, bir iz qoydu. Hamımızın üzünü ağ etdi.

Kamran Əliyev. XTQ-nin Şəhid giziri Vüqar Ələkbərovun döyüş yoldaşı, uşaqlıq dostu:

– Vüqarla Göyçayda, o, texnikumda oxuyarkən dost olmuşduq. Qonşuluqda kirayə yaşayırdı. Elə onu gördüyüm ilk günlərdən bizim dostluğumuz başladı. Çox gözəl, saf, dürüst bir adam idi. Kənddən gələndə mütləq bizə ayrıca meyvə sovqatı gətirərdi. Hər gün dərsdən sonra nərd oynayardıq. Gözəl nərd oynamağı var idi… Texnikumu bitirən kimi əsgərliyə getdi. Mən bilirdim ki, Vüqar mütləq əsgər olacaq, hərbçi olacaq. Vüqar işin asanına gedən ,yüngül iş dalınca qaçanlardan deyildi. Çətinliklə böyüdüyü üçün bəlkə çətinliklərdən qorxmurdu. Onun daima axtarışda olduğunu, həyatını qurmaq üçün yol axtardığını bilirdim. Bilirdim ki, Vüqar çox vətənpərvərdir. Qarabağdan, ermənilərdən söz düşəndə yumruqlarını elə düyünləyirdi, dişlərini bir birinə elə sıxırdı ki, deyirdin əlinə bir erməni düşsə param-parça edəcək. Əsgərlikdə olanda da, sonradan hərbi qulluğa keçəndə də daima əlaqə saxlayar, imkan düşən kimi görüşərdik. Hərbi formanı Allah elə bil Vüqar üçün yaratmışdı. Boy, buxun, qamət…Bundakı güc… Fərqli idi Vüqar…

Müharibə vaxtı Füzulidə rastlaşdıq. Bir -birimizi görəndə çox sevindik. Yanımızdakılar bizim münasibətimizə təəccübləndilər. Ayrıla bilmirdik bir-birimizdən. Elə hey deyirdi ki, Kamran özünü qoru. Mənə nişanlandığını, tezliklə toy edəcəyini dedi. «Qoy düşməni yerində otuzduraq. Səninlə bir nərd oynamağım olacaq, sənə mars verəcəm», dedi. Kənddə, ata evində «palatka»toyu edəcəyini, bəy tərifi olacağından danışdı. Düz edirsən, aşıqlar sənin qəhrəmanlığına dastan qoşsa o da azdır, dedim. Heyif… Çox heyif! Müharibədən gələn kimi Vüqargilə getdim. Telman dayını Şaina ananın belini bükük, gözlərini yaşlı, ürəklərini dağlı gördüm. İnanın sağ qaldığıma, yaşadığıma utandım… Vüqar mənim də belim qırıb, məni də tək qoyub getdi.

Könül Ələkbərova. XTQ-nin Şəhid giziri Vüqar Ələkbərovun qohumu:

-Vüqarla tələbə olanda tanış olmuşduq. Özünü görməmişdim. Sosial şəbəkə üzərindən nişanlım Kamran tanış etmişdi. Kamran Vüqarı çox istəyirdi. Həmişə ondan danışar, mərd ,qohumcanlı olduğunu deyərdi. Sonra bizim toyumuz oldu, Vüqarın ailəsini, valideyinlərini tanıdım. Çox gözəl mehriban, halal admlardılar. Onları görəndən sonra Vüqarda bu qədər gözəlliyin, insanlığın haradan olduğunu anladım. Vüqarın anası dağıstanlıdır. O qədər sadə, gözəl insandıır ki… hamı onun xətrini əziz tutur. Məncə, Vüqar da daha çox anasına çəkib. Vüqar çox zarafatçıl, şən deyib-gülən, gələcəyə ümidlə baxan, planları olan bir gənc idi. Mənim qohumum Jalə ilə nişanlı idi. İlahi nə qədər gözəl arzuları, xəyalları vardı. Sentyabrın 21- də zəng vurmuşdu. Kamrana zarafatla dedi ki, mən Könülün qohumuyam, telefonu ver Könüllə də danışım. Qızımızı soruşdu. Toylarından söz açdı. Müharibə olacağı haqqında heç nə demədi. Vüqar çox ağzı bərk adam idi. İşini çox sevirdi. Hərbiçi olduğu üçün fərəhlənirdi. Müharibənin başlanmasını eşidəndə çox sarsıldım. İlk ağlıma gələn Vüqar oldu. Açıq deyəcəm, mən müharibənin olmasını istəmirdim. İstədiyim o idi ki, torpaqlarımız sülh yolu ilə qaytarılsın. Qan, qırğın olmasın. Analar gözü yaşlı,nişanlı qızlar boynu bükük qalmasın.

Vüqarla hər gün əlaqə saxlayıb vəziyyətin necə olduğunu öyrənməyə çalışırdıq. Oktyabrın 12-si yoldaşım Kamrana dedim ki, yaman darıxıram, Vüqara zəng vur. Vüqarın bacısı yoxdur. Məni özünə bacı bilirdi. Qardaşım idi. Əziz idi. Doğma idi Vüqar… Onu tanımayan onun necə adam olduğunu bilə bilməz. Kamran dedi ki, nə qədər zəng vururam zəng çatmır. Kəşfiyyatdadır. Yəqin düşmənin içinə sızdığ üçün telefonunu söndürüb. Ona görə də zəng çatmır.

Telman dayıya zəng vurub onunla danışdıq. Dedi ki, Vüqar yaxşıdır. Gözəl xəbərləri var. Narahat olmayın. Ordumuz sürətlə irəliləyir. İnşallah tezliklə müharibə bitər, Vüqar da sağ salamat qayıdar evimizə. Telman dayı bizi sakitləşdirməyə, təsəlli etməyə çalışdı… Sən demə Vüqar artıq cənnətdəymiş. Bizi göylərdən seyr edirmiş. Oktyabrın 15- də doğulduğu doğma Qazyan kəndində böyük bir izdihamla dəfn olundu, Qəhrəmanımız. Vüqarın qəbrə sığışa biləcəyinə inanmırdım. Vüqar bir dünya, arzu idi..sevgi idi…xəyal idi… O,qədər yaşamaq həvəsi, gələcəyi xoşbəxt görən bir insanın ora necə sığıdığını təssəvvür etmək çox çətindir. Vüqar bayaqdan tək ailəsinin, qohumlarının Vüqarı idisə, indi bütün Azərbaycanın vüqar yeri oldu.

Ələkbərova Gülyaz. Şəhid gizir Vüqar Ələkbərovun müəllimi:

– Vüqar haqqında danışmaq , düşünmək belə, mənim üçün çox ağırdı. Sakit, ağırtəbiət, az danışıb çox iş görəməyi sevən, çalışqan bir uşaq idi, Vüqar. Elə bil yanındakı adamdan çox özü ilə, ürəyi ilə danışmağı, götür qoy etməyi sevərdi. Uşaqın ürəyi arzu ilə dolu idi.

Bütün fənlərdən yaxşı qiymət alırdı, fərqlənirdi. 9-cu sinfi bitirəndə məktəbdən çıxmaq istədiyini, Göyçaya kollecə getmək niyyətində olduğunu dedi. Dedim ki, Vüqar sən yaxşı oxuyursan. Universitetlərdən birinə mütləq qəbul ola bilərsən. Nədən məktəbi yarımçıq qoyub, kollecə gedirsən ki? Dedi ki, müəllimə valideyinlərim çox əziyyət çəkir. Övlad nədən ötrüdür? Böyüsün, onu dünyaya gətirənlərə kömək olsun. Texnikuma daxil olacam. Bir ixtisas alıb anama, atama kömək olmaq istəyirəm. Vüqar valdeynlərinə çox bağlı bir insan idi.  Onlarla nəfəs alırdı. Ürəyi onlarla döyünürdü. Tez böyüməyə can atırdı. Məktəbi bitirən kimi tez  əsgərliyə getdi.  Əsgərlikdə olanda yaxşı xidmət etdiyi üçün məzuniyyətə buraxmışdılar.  Gələndə mənimlə gəlib görüşdü.  Dedi ki, məni hərbidə saxlamaq istəyirlər. Sevinirdi. Uçmağa qanadı yox idi.  Dedim ki, Vüqar hər adamı hərbidə saxlamazlar.Görünür sən komandanlığın diqqətin çəkən çox böyük işlər görməyi bacarmısan.  Vüqar vətənini, Azərbaycanımızı, canından çox sevərdi… Allah onu fərqlənmək üçün yartmışdı. Vuqarın xarakterini, bacarığını, gücünü dil ilə ifadə etmək mümükün deyil. Güc deyəndə mən fiziki gücü nəzərdə tutmuram. Vüqar inanmağı, inandırmağı, sevməyi bacaran və sevgisi yolunda özünü qurban verməyi bacaran bir oğul idi. Müharibə başlayanda Vüqarın XTQ-nin kəşfiyyat bölüyündə olduğunu bilirdim. İlk ağlıma gələn bu oldu ki, Vüqar qəhrəman olacaq…Vüqar şəhid olacaq. Çünki Vüqarı tanıyırdım. Bilirdim ki, belə insanları Allah valdeyinlərindən çox , torpaq, millət, Vətən üçün yaradıb.

Jalə Əsgərova, XTQ-nin Şəhid giziri Vüqar Ələkbərovun nişanlısı:

– İcazə verin özümü Vüqarın Jaləsi adlandırım. Mənim üçün indi bu ad belə gözəldir. Mənə, Vüqarın Jaləsi, deyəndə yaşadığımı hiss edirəm…Vüqarla bir olduğumu düşünürəm. Vüqarlı günlərimi xatırlayıram. Bəxtəvər oluram, bəxtəvər… Mən əvvəlcə Vüqarın sevdiyi qız , sonra isə onun nişanlısı oldum. Əvvəllər sevgiyə inanmazdım, sevginin nağıllarda, dastanlarda olduğunu düşünərdim. Vüqarı tanıyandan, onu sevəndən sonra sevgini anlamağa, həyatımda yaşamağa başladım. Vüqar bir sevgi dolu zirvə idi. Vüqar bir ucalıq idi. Əslinə qalsa Vüqar bir məqam idi. Onu tanıyıb, onu bilib sevməmək mümükün deyildi. Qəti peşiman deyiləm. Heç bəxti qara sözündən də qorxmuram. Vüqar mənə elə gözəl günlər yaşadıb ki, bu dünyam üçün bu yetərlidir. Deyirlər sevənlər bu dünyada deyil, haqq dünyasında qovuşurlar. İndi mən o haqq dünyasını düşünür, Vüqarımla qovuşacağım günü gözləyirəm. Həyat kaşkilərlə, keşkələrlə doludur. Deyirəm ki, kaş ki Vüqarım bir də çıxa qarşıma. Bir də məni sevdiyini, qovuşmayıb gedəcəyini deyə…Oturub gözləyərəm… Gözləyəcəm də… Vüqarı bəxtimə çıxaran Allahıma gündə min yol şükür edirəm… Bu dünyaya doğulub yenə gəlsəm yenə də Vüqarı sevərəm… Həyatımı onunla bağlayaram… Gedərkən əllərimdən tutmuşdu… Yanvarda toyumuz olacaqdı. Dedi ki, məni gözlə gələcəm. Gəlmədi… Məni yox canından çox sevdiyi vətəni… yox Vətən onu bağrına basdı…Sevdiyi, inandığı Allahına qovuşdu Vüqarım

Gələndə Vüqarın solmuş yanaqlarında , gözlərində özümü gördüm. Dodaqlarına baxdım, adımı demək istədiyini duydum… Mələk ürəkli Vüqarım mələkləşmişdi. Nur tökülürdü üzündən. Əmin etdim, dedim ki, Vüqarım, get gələcəm. Mütləq gələcəm… Sənin bir Mələk olduğuna, cənnətdə məni gözləyəcəyinə inanıram . Sən mənə inamı, sevməyi öyrətdin. Söz verdim Vüqarıma ki, yanına gedəcəm… Gedəcəm də!!!

Vüqar Ələkbərovun komandirinin dedikləri:

-Gizir Vüqar Ələkbərov 2017-ci il fevral ayının 11-dən xüsusi təyinatlı dəstənin atəş təminatı qrupunda iriçaplı pulemyot yarımqrupunun komandiri vəzifəsində xidmət edirdi. Çox nizam-intizamlı, işgüzar və bacarıqlı hərbi qulluqçu idi. Həmişə rəhbərlik etdiyi yarımqrupun döyüş hazırlığını yüksək səviyyədə saxlamağa çalışırdı. Tabeçiliyində olan şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığının düzgün təşkilinə və həyata keçirilməsinə ciddi nəzarət edir, şəxsi heyətin məşqlərə düzgün hazırlığına və məşğələlərin keyfiyyətli keçirilməsi üçün var qüvvəsi ilə çalışırdı. Vüqar, qısa bir müddətdə quluq etdiyi hissədə özünü qorxmaz və cəsur bir hərbi qulluqçu kimi tanıda bilmişdi. Vətən müharibəsi başlandığı gündən torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə bir komandir kimi üzərinə düşən vəzifələri tam və laiqincə yerinə yetirirdi. Tabeçiliyində olan hərbi qulluqçularla bir yerdə vuruşurdu, onların qayğısına qalırdı. Murovdağın Ömər yüksəkliyində , Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin, Xocavənd rayonunun 8 kəndinin, Füzuli rayonunun bir neçə kəndinin və Füzuli rayonunun işğaldan azad olunmasında qəhrəmancasına döyüşüb, düşmənə qan udduran igidlərimizdən biri də Vüqar olub. Düşmənin xeyli sayda canlı qüvvəsini, müdafiə postlarını və artileriya heyətinin məhv edilməsində xüsusi döyüş sücaəti göstərərək özünün bir qəhrəman döyüşçü olduğunu təsdiq edən hərbçi idi, Vüqar. Döyüşlərdə gizir Ələkbərov Vüqar ilə çiyin-çiyinə döyüşən yoldaşları onun daim irəli getmək, torpaqlarımızı düşmənlərdən təmizləmək istəyini və bunun üçün heç bir çətinliyə baxmadan rəşadətlə vuruşduğunu söyləyirlər. Çox təssüf ki , qəhrəmanımız 12.10.2020- ci il tarixində Füzuli rayonunun işğaldan azad olunmasında gedən döyüş əməliyyatlarında aldiği güllə yarasından qəhrəmancasına şəhid oldu. Azərbaycan ordusu Vüqar Ələkbərovun timsalında bir qəhrəman oğlunu,Vətənsevər bir igidini, təkrarolunmaz cəsur bir döyüşçüsünü itirdi.

Baş leytenat Xəqani Məmmədov, Vüqar Ələkbərovun qrup komandiri.

-Vüqar Ələkbərov 2016-cı ilin sonlarından mənim komandiri olduğum qrupda xidmət etməyə başladı. Gəldiyi ilk gündən də özünü, cəsur bir döyüşçü, mərd bir insan, əsl kişi kimi təsdiq etmiş oldu. Vüqar çox bacarıqlı hərbçi idi. Biz də onun qabiliyyətini, hərb sənətini mükəmməl mənimsədiyini görüb yarım qrup komandiri vəzifəsinə təyin edilməsi barədə təklif verdik. Beləliklə Vüqar Ələkbərov bundan sonra fəaliyyətini «Kord» iriçaplı pulemyotçularının yarımqrup komandiri kimi davam etdirdi. Vüqar, qrupu ilə məşqlər keçir, özünün və qrupunun döyüş qabiliyyətini yüksəltmək üçün əlindən gələni edir, peşəkarlığını daha da artırırdı. Hərbi təlimlərdə həmişə fərqlənirdi. Respublikada «əlbəyaxa döyüş» növü üzürə keçirilən təlim məşq yarışlarında 3-cü yeri tutmuşdu. Vüqarın komandiri olduğu yarımqrup onun bacarığı, çalışqanlığı sahəsində nümunəvi bir yarımqrup ola bilmişdi. Vüqar sıradan bir hərbçi, döyüşçü deyildi. Belə deyək ki, o bir qisasçı, torpaqlarımızı geri almaq uğrunda canını fəda etməyə hazır olan bir fədai, ürəyi intiqm hissi ilə alışıb yanan bir yurdsevər idi. Hamımız gözəl bilirdik ki,Vüqar döyüşmək, düşmənə qan uddurmaq üçün fürsət gözləyən bir canavardır. İnanın ki, o, bir şir kimi, düşmən qarşısından qaçmayan bir qurd kimi döyüşürdü. Çətinlik nədir, qorxu nədir bilməz bir qəhrəman idi. İlk döyüşlərimiz Murovdağ silsiləsində oldu. Camışdağ, Ömər postu kimi keçilməz aşırımlarda, Cəbrayılda, Hadrutda gedən döyüşlərdə bir qəhrəmanlıq nümunəsi göstərdi igidim.

Gizir Pərvin Rəhimli . XTQ-nin Şəhid giziri Vüqar Ələkbərovun döyüş yoldaşı:

– Vüqarla birlikdə 2016 cı ildən eyni taborda birgə xidmət yolu keçmişik. Mən də Vüqar kimi yarımqrup komandiri idim. O, «KORD» yarımqurupunun komandiri idi. Vətən müharibəsi başlamamışdan üç ay öncə bizi Müdfiə Nazirliyinin XTQ-nin tərkibinə vermişdilər. Müharibədən öncə biz birlikdə 2 aya yaxın bir müddətdə İsmayıllı dağlarında xüsusi təlimlər keçmişik. Müharibə başlayanda “052”- nin kəşfiyyat bölüyünün tərkkibində bizim tabordan yalnız ikimiz, Vüqar və mən istirak edirdik. Döyüş vaxtı vəzifələr müəyyənləşəndə bizi qruplara boldülər. Vüqar burada pulemyotçunun köməkçisi oldu.

Vüqar pulemyotdan çox məharətlə istifadə edirdi.İlk döyüş yolumuz Murovdağ silsiləsindən başladı. Yolumuz çox çətin bir yol idi. Vüqara pulemyotçü koməkçisi kimi öz silahından başqa 40 kiloqram da əlavə yük, 2000 pulemyot gülləsi verilmişdi. Deyim ki, həmin tabor əsasən kəşfiyyatçılardan ibarət idi. Burada əməliyyat qrupu demək olar ki yox idi. Bizləri, xüsusi bacarığı olan döyüşçüləri seçib əməliyyat qrupu yaradılımışdı. Biz keçilməz dağlarla, aşırımlarla 20 kilometr məsəfəni qət edərək düşmənin arxasına keçib həmlələr etməli, düşmənin təchizat, təminat bazasını ələ keçirməli və düşmənin arxa ilə rabitəsini kəsməli idik. Vüqar çox dözümlü, bacarıqlı, çətinliyə qalib gəlməyi bacaran bir döyüşçü idi. Əgər həmən döyüşdə pulemyotçuya bir şey olardısa Vüqara onu əvəz etmək tapşırığı verilmişdi. Təsəəsvvür edin o ağırlıda yüklə Vüqar elə əzmlə irəliləyirdi ki… Bu az yol deyildi. Çox çətin bir yer idi. Qayalıqa,bəzən kəndirlə yuxarı qalxmaq lazım gəlird…Biz dayanmadan 53 saat hərəkət etdik. Düşmən yerimizi bilməsin deyə hərəkətdəydik. Mürovdağ silsiləsində düşmənin mövqe tutduğu bir sıra vacib postları aldıq. «Camış orta» dan əməliyyata başlayıb, Camışdağ istiqamatinə hərəkət etdik. «Susuzluq» deyilən ərazilərdə birlikdə düşmən qüvvələrini məhv edib həmən strateji əraziləri nəzarətə götürdük. Bizim vəzifəmiz düşmənə sarsıdıcı zərbə vurub, ərazini təmizləmək idi. Sonra həmin ərazilər quru qoşun qüvvələrinə təhvil verilir, biz isə başqa ərazilərə gedirdik. Təcili yerimizi dəyişmək barədə əmir gəldi. Biz Hadrut istiqamədinə düşmən işğalında olan torpaqlarımızı azad etmək üçün kurs götürdük. Düşmənin Hadrutda bir sıra döyüş eşalonları var idi. Bizə düşmənin istehkamların ələ keçirmək əmr olunmuşdu. Deməli düşmən zəncirvari səngər sisitemi yaratmışdı. Çox keçilməz bir mövqe yarada bilmişdilər. Oranı keçmədən başqa rayaonlara yol açmaq mümün deyildi. Bizim orada çox ağır döyüşlərimiz oldu. Hər iki tərəfdən 50 dən çox tank vurulararq döyüş meydanında qalmışdı. Düşmən çox güclü müqavimət göstərirdi. Bura düşmənin ilkin mövqeyi idi. Biz düşmənin müqavimətini qırıb irəliləməli, təchizat, təminat bazalarını ələ keçirməli idik. Burada 3 gün ağır döyüşlərimiz oldu. Döyüş tapşırığını yeriniə yetirib düşmənin içərisinə doğru irəlləyirdik. Biz adətən gecələr hərəkət edirdik . Gündüzlər hərəkət edən zaman düşmənə görüntü verə biləcəyimizidən ehtiyyat edirdik. Hətta bəzən düşmənlə o qədər yaxın məsafə olurduq ki, səsli danışıq belə olmurdu. Yalnız əli işarələri, bədən dili ilə bir birimizlə danışırdıq. Bizə öyrədilən hərbi işarələrlə bir –birimizi başa salırdıq.

Hadrut istiqamətində düşmənin böyük bir hərbi hissəsi var idi. O hərbi hissəni dağıdıb ərazini təmizləməliydik. Bzi dayanmadan hərəktdə idik. Qarşımızda duran məsələ düşmənin arxasına keçib təchizat anbarlarını, arxa cəbhədə olan yerlərinin, komanda qərərgah məntəqələrinin, minbat batareyalarının yerini tapıb ya özümüz zərərsizləşdirirdik, ya da koordinatını verirdik, topçularımız, pilotsuz uçuş aparatlarımız düşmənin həmin mövqelərini məhv edirdilər. Biz kəşfiyyat qrupu olduğumuz üçün bəzən düşmənin içində, bəzəndə arxasında hərəkət etməli olurduq. Bütün bu zamanda Vüqarla birlikdə çiyin-çiyinə hərəkət edir, çörəyimizi, suyumuzu bölüşürdük. Tuğda, Ağcakəndə düşmənin arama-taramasında birlikdə fəal iştirak edərək düşmənə ağır zərbələr vurmuşuq. Vüqar döyüşlərdə qəzəbli bir şir kimi vuruşurdu.

Hadrutdan sonra biz komandanlığın müvafiq əmrinə əsasən kənd Horadizdə düşmən mövqelərinin məhv olunmasında, yeni ərazilərin azad olunmasında birlikdə iştirak etdik.

Növbəti ağır döyüşlərimizin biri də Cəbrayılda oldu. Orada bir hərbi hissə var idi. Onun yerini öyrənmək və həmin hərbi hissəni ələ keçirmək tapşırığı almışdıq. Bizim qarşımıza qoyulan əsas vəzifə hərbi hissəyə gələn yolun tutulması, hərbi hissənin silah- sursat, eyni zamanda ərzaq və digər təchizitla təminatının qarşısını almaq, bir sözlə düşmənin təminat yolun tutmaq idi. Bizdən başqa bu döyüşdə digər taborlar da iştirak edirdi. Hərbi hissə təpəliyin arasında yerləşirdi. Düşmən iki yüksək zirvəli dağın arasında mövqe tutmuşdu. Hava olduqca duman idi. Biz hərəkət edərək düşmanın əsas təminat yolunu ələ keçirib komandanlığa məlumat verdik. Ordumuzun digər hissələri də hərbi hissəyə gələn köməkçi yolları , təminat yollarını ələ keçirmişdilər. Biz artıq yüksəklikləri götürmüşdük, hücum etmək olardı. Hərə öz yerini almışdı. Burada 3 saatdan artıq ağr döyüşlər oldu. Biz düşmənin güclü müqavimətini qıraraq briqadasını tamamilə məhv edib böyük bir silah sursat anbarını, təchizat bazasını ələ keçirmişdik. Bu briqadanın çox böyük stratei əhəmiyyəti var idi. Buradan düşmənin Fizuli, Hadrut, Cəbrayılda yerləşən bölmələrinə , ərzaq, texnika, döyüş sursatı, geyim, top ilə təmin edilirdi. Çox stratei əhəmiyyəti olan bir hərbi baza idi. Buranı götürdükdən sonra düşmənə təchizat daha uzaqdan gəlirdi. Bu da düşmənin zəifləməsi, müqavimət gücünün qırılması demək idi. Bu döyüşlərdə bizim də itkilərimiz ,yoldaşlarımızdan şəhid və qazi olanlar oldu. Biz burada düşmənə çox böyük zərbə vura bilmişdik. Silah- sursatından başqa bu döyüşdə düşmənin çox böyük canlı qüvvəsini məhv etmişdik.

Bu döyüşdən sonra biz yenə də tapşırığa əsasən döyüş mövqeyimizi dəyişib Cəbrayılın başqa istiqamətinə hərəkət etməli olduq. Dediyim kimi biz adətən gecələr hərəkət edirdik. Koordinat verilən kimi ərazini götürmək üçün hərəkətdəydik. Gecə görmə cihazları ilə baxanda yaxınlıqda, 200 metr məsafədə işıq yanıb, söndüyünü müşahidə etdik. Elə gümün etdik ki, bizim digər bölmələrimiz həmin mövqeləri bizdən öncə gələrək tutublar. Amma ehtiyatı əldən verməyərək səsiz-səmirsiz bir qədər də irəlilədik. Məsafə 70 metr qədər daralmışdı. Sən demə düşmən bizim gələcəyimizi bilib, bizi pusuya salmaq istəyirmiş. Biz dərhal döyüş mövqeyi tutub ehtiyat tədbirlər görməyə başladıq. Düşmən bizi atəş altında saxlamağa çalışırdı. Bu döyüşdə iki şəhidimiz və yaralılarımız oldu. Biz düşmənə ciddi müqavimət göstərərk, verilən tapşırığı yerinə yetirmək uğrunda ölüm dirim mübarizəsi aparırdıq. Düşmən sayca çox üstün və əlverişli mövqedə idi. Biz komandanlığa məlumat verib, dərhal əlavə qüvvə istədik.Tezliklə bizə kömək gəldi və biz həmən ərazini də düşməndən azad edə bildik.

Döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə yenə yola rəvan olmuşduq. Bizim könə, xarabazarlığa çevrilmiş kəndlərimizdən keçib düşmənin mövqe tutduğu ərazilərə doğru irəlliləyirdik. Taborlarımız biri o birinin ardınca ara məsafəsini saxlamaqla irəlləyirdi. Birdən gözlənilmədən yaxınlıqdan texnika, «Ural»maşınının səsinin, gurultusunu eşitdik. Bildik ki düşman maşınıdır. Ya düşmənə əlavə qüvvə, ya da döyüş sursatı, təchizat, təminat aparır. Bu hadisə bizim qrupumuzun yol keçdiyi ana təsadü etdi. Dərhal biz pusu qurub gözləməyə başladıq. Qəfildən hücum edərək düşmənin yüksək rütbəli zabitini və bortda olan 20 nəfərə yaxın əsgərini məhv etdik. Döyüş düşmən mövqelərinə yaxın ərazidə olduğu üçün ermənilər atışma səsini eşidib, böyük bir qüvvə ilə yoldaşlarına köməyə gəlmişdilər. Bu müddətdə taborumuzun döyüşçüləri əlverişli döyüş mövqeyi tutub düşmənin bütün qüvvənisini darmadağın edə bildi.

Cəbrayılı düşməndən azad edəndən sonra bizə komanda gəldi ki, Füzulinin düşməndə azad olunmasında iştirak edəksiniz. Füzuli rayonunun Ağcakəndinə getmək, düşmənin dağlar arxasında yerləşən ordumuzun mövqelərini qaynar atəş altında saxlayan topxanasının yerini müəyyənləşdirib məhv etmək tapşırığını almışdıq. Düşmən iki dağın arasında özünə mövqe tutmuşdu. Elə bir yer idi ki, bizim topçularımız həmən koordinatı heç cür vura bilmirdilər. Atılan atəşlər, top mərmiləri dağın zirvəsinə qayalıqlara düşürdü. Burada düşmənin 150 m.metrlik 8 topdan ibarət minbat batareyyası yerləşirdi. Hər topun 10 nəfərdən ibarət şəxsi heyəti olduğunu nəzərə alsaq burada ən azı 80 nəfər düşmən qüvvəsinin olduğu qənaitindəydik. Biz hazırlığımızı görüb həmən istiqamətdə hərəkətə başladıq. 20 kilometrdən bir qədər artıq məsafəni keçilməz dağ yolları ilə hərəkət edib qət etməliydik. Həmən günü Vüqar da mən də evimizlə danışıb valdeynlərimizi arxayın etmişdik. Qarşıda ağır döyüşün olduğunu bilsək də əhval rühiyyəmiz çox yüksək idi. Bilirdik ki, bizə verilən hər döyüş tapşırığı düşmən üzərində bir sarsıdıcı qələbə, yeni əlverişli döyüş mövqeyinin düşməndən azad olması demək idi. Biz düşmənin yerini məyyənləşdirdikdən sonra döyüş planını hazırlayıb əməliyyatı həyata keçirməyə başladıq. Düşmən iki dağın arasında, çox əverişli bir yerdə mövqe tutmuşdu. Təxminən 100 metrlik bir ərazini elə təmizləmişdilər ki, orada mövqelənmək üçün adi bir daş parçası da yox idi. Hücum edən qüvvələr açıqda qalırdı. Düşmən isə çox güclü səngər və istekamla möhkəmlənmişdi. Tapşırığa əsasən bizim bölüyün bir hissəsi dağın yüksəkliyində mövqe tutub, biz hücum edərkən iri çaplı silahlarla şok atəş açmalı, düşmənin diqqətini özlərinə cəlb etməli idilər. Əsas hücumçu qüvvələrimiz, yəni Vüqarla mənim təmsil olunduğumuz qrup himayyə şəkilində irəliləyirdik. Bu elə döyüş növüdür ki, hücumda olanlar iki qrupa bölünüb sep şəkilində düzülərək irəliləməli olur.Bu cür döyüşdə qruplardan biri təxminən 15 metr irəliləyir, arxadakı qrup isə onları sərrast atışla himayyə edir. Arxadakı qrup gəlib irəlidə gedənlə birləşdikdən sonra yenə həmin hərəkət təkrar olur. Dediyim kimi digər qrupumuz yuxardan, pulemyotlarla, snayperlərlə RPK7, QP25 lərdən ŞOK ataşi yağdırıraraq bizə irəliyə düşmənin içinə girmək üçün şərit yaradırdılar. Hava olduqca qaranlıq idi, göz- gözü görmürdü. Biz düşmənin bir neç texnikasını sıradan çıxarıb düşmən səngərinin içinə çatmaq üzrəydik. Vüqar mənim sağımda 10 metrlik məsaədə idi. Vüqardan sağda da başqa bir döyüş yoldaşımız var idi. Qəfildən 10-12 metrlik məsafədə gizlənən düşmən PK pulemyotundan ataş açdı. Bu an mən Vüqarın səsini eşitdim. Biz yerindəcə atəş açan düşməni pulemyotçusunu məhv edib Vüqara yaxınlaşdıq. Vüqarı götürüb 10 metr arxaya çəkilib, mövqe tutuduq.Vüqarın kaskasını və bronojiletini çıxardım. Güllə sinəsindən dəyib, arxadan böyrəyinin üstündən çıxmışdı. İnanın Vüqar gülürdü… Cəmi 5 dəqiqə çəkmədi ki, Vüqar haqqın rəhmətinə qovuşdu. Biz həmin ərazini düşməndən təmizləyib səhərin açılmasını gözlədik. Səhər təxliyyə qrupu gəldi, yaralıları və şəhidlərimizi götürüb geriyə qayıtdılar. Biz isə yeni döyüş tapşırığı alıb irəliyə, yeni mövqelərə, qələbəyə doğru irəlilədik. Vüqar qələbə çalacağımıza əmin idi. Ordumuzun gücünə inanırdı. Çox təssü ki, o, bu gözəl, qələbə dolu, iftixar verici günləri görmədi. Vüqarın timsalında amansız bir döyüşçümüzü, yurdsevər, vətənsevər bir igidimizi itirdik.

Vüqar Ələkbərovun anası Şaina xanım həmin günü belə xatırlayır:

– Oktyabrın 14-ü idi. Axşam saat səkkiz olardı, Telmanın bibisi oğlu, kənd ağsaqqalı Ağaismayıl dayı bizə gəldi. Gəlişindən hərəkətlərindən narahatçılıq hiss olunurdu. Sözlü adama oxşadığını hiss etdim. Dedim Ağasmayıl dayı, bizə deyəcək sözü olan adama oxşayırsan. Göz yaşını saxlaya bilmədi.Uşaq kimi hönkürdü. Dedim dayı, yoxsa başımıza daş düşüb? Allah belimizi qırıb, bizim xəbərimiz yoxdur? Yox, Vüqar bir az yaralanıb, qorxulu bir şeyi yoxdur. Müharibə, qan qada , ölüm deməkdir. Biz hər şeyə hazır olmalıyıq, dedi Ağasmayıl dayı.

Gördüm ki, gecə olmasına baxmayaraq  kənd,  rayon camahatı bizə axışıb gəlir. Özümə təsəlli verirdim. Mənim oğlum, igidim ölməz. Mən düşmənə can verən oğul böyütməmişdim. Pəncəsi qanlı bir aslan yetişdirmişdim. Heç mənim oğluma düşmənin gücü çatıb onu yaralaya da bilməz. Vüqarla üz-üzə gəlməyə düşmən cəsarət etməzdi… Sən demə xain düşmən alçaqcasına oğlumu öldürübmüş. Gecə saat 3 olardı Vüqarımın şəhid xəbəri gəldi…

Yaralı olmağın qəbul edə bilmirdim. İndi gəl şəhid olmasına döz, Şaina, dedim. Keşkə bir qolu, bir qıçı olmayaydı, Qazi olaydı, ömrümü balama həsrt edib, ona qulluq edəydim.

Allah dərdi çəkə bilənə verər. Dedim, Şaina sən bir qəhrəman yetişdirmiş anasan, səbrli olmalısan. Hər hərəkətində Vüqarın anası olduğunu sübut etməlisən. Vüqar bayaqdan mənim oğlum, Telmanın oğlu idi. İndi vətənin oğlu oldu.

Qəhrəmanlıq, cəsarət övladlara genlə keçir, qanla gəlir. Tərbiyyə aldığı , böyüyüb boya başa çatdığı mühüt yetişdirir insanı. Haramla, kələklə böyüyənin nə vətəni olar, nə o, ailədən qəhrəman çıxar. Telman, Şaina iki cəsur döyüşçü, qəhrəman, vətəncanlı oğul böyüdüblər. İlk sözləri, son tapşırıqları bu olub övladlarına «Qeyrətli, namuslu olacaqsınız»… Ailənin kiçik övladı Xəyal da başqa bir qoşun növündə Vətənə xidmətdədir…

XTQ-nin Şəhid giziri Vüqar Ələkbərovun atası Telman Ələkbərov:

-Uşaqlarıma çox söz deməzdim,çox öyüd nəsihət etməyi sevməzdim. Deyirdim ki, bir şeyi unutmayın. Siz Məlikməmmədin nəvələrisiniz. Babanızın təkcə adı nağıl qəhrəmanı deyil. Zəhməti ilə, halal çorək, əl qabarı ilə bir ailəni böyüdən, sınmayan, əyilməyən bir kişinin nəvələrisiniz. Namuslu olun. Namussuz insandan, qeyrətsizdən hər cür şərəfsizlik gözləmək olar. Allaha min şükür ki, oğlanlarım üzümü qara etmədilər. Doğulduqları, havasını udduqları qədim Qazyana layiq oğul oldular. Sağ olsun kəndimizin adamlarını. Neçə kilometr yolu oğlumu çiynlərində apardılar. İndi Vüqarın məzarı bir ziyarətgaha çevrilib. Vüqarın doğum günü bütün kənd ora yığışmışdı. Noyabrın 10- da qələbə xəbərini eşidən bütün kənd gül çiçəklə oğlumun məzarı başında idi. Ayrılıq dərdi ağırdır, dözə bilmirəm. Amma şərəfli oğlum olduğu üçün başımı dik tuturam. Hərdən elə düşünürəm ki, elə Vüqarla birlikdə məndə göylərdəyəm. Kim bunu necə başa düşür qoy o,cür qəbul etsin. Həm varam, həm də yoxam.

Oğullarının qəhrəmanlığı ilə fərəhlənib yaşayan,yoxluğunu hiss edəndə yox olan, əziz valideyinlər haqqınız ödənilməzdir. Belə cəsur, vətəni yaşadan, torpağı Vətən edən oğullar böyütdüyünüz üçün bu vətən yaşadıqca, var olduqca borcunuz ödənilməz, haqqınız verilməzdir. Bir zamanlar bəlkə də nə Telmanın, nə də Şaina ananın  yuxusundan keməzdi ki, zaman gələcək onların yetişdirdikləri, tərbiyə edib böytdükləri Vüqar Vətənin bir parçası, doğulub böya- başa çatdığı kəndin mənəvi pasportuna , yetişməkdə olan gənc nəslin qəhramanlıq rəmzinə çevriləcək. Yolun kənarında qərar tutmuş məzarı müqqədəs bir ziyarətgaha dönəcək.  Bu dünayda bəlkə sərvətlə, pulla bütün adları almaq olar.  Hətta adının qabağına istənilən titulu yazdırmaq da mümkündür. Amma şəhid adına sahiblənmək,o zirvəyə ucalmaq hər kəsə nəsib olan zirvə deyil. Bu adı sevdiklərinə , yanında görmək istədiklərinə Allah verir. Bu adın şəhadətnaməsi qanla yazılır. Şəhid gizir Vüqar Ələkbərov da öz adını torpağın  sinəsinə qanla yazan, bu vətən durduqca yaşayan igidlərimizdəndir.

Elşən QƏNİ

Daha çox xəbərlər