Rektor şəhid ailəsini ziyarət edib
Lerik rayonunun Çayrud kəndində dünyaya göz açan Cavanşir Həmidov 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olmuşdur. Elin igid oğlu Vətənin harayına yetəndə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat fakültəsini təzəcən bitirmişdi. Cavanşır tələbəlik zamanı yüksək savadı, nümunəvi davranışı ilə məktəbdə yaxşı ad qoya bilir. Odur ki, universitetdə onun adı tələbələr, müəllimlər tərəfindən ehtiramla, böyük məhəbbətlə çəkilir.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov, universitetin Sosial məsələlər üzrə prorektoru, şəhid atası, dosent Kamran Kazımov Cavanşirin ailəsində olublar. Şəhid məzunun ailə üzvləri, doğmaları ilə görüşən Natiq İbrahimov bildirib ki, Cavanşir kimi Vətənini canından əziz bilən igid oğullarla bütün Azərbaycan fəxri edir, onlar cismən aramızdan getsələr də, əbədi olaraq xalqın ürəyində yaşayırlar. .
Universitet rəsmiləri şəhidin adını daşıyan ev-muzeyi ilə ətraflı tanışlıqdan sonra onun Çayrud kəndindəki məzarını da ziyarət ediblər.
Şəhidin atası Namiq Həmidov torpaq uğrunda şəhidlik zirvəsinə ucalan oğlunun xatirəsini yad etdikləri üçün universitet rəsmilərinə ailə üzvləri adından minnətdarlığını bildirib. Həm də onunla eyni ağrını yaşayan Kamran müəllimə oğlu Vüsalın şəhid olmasına görə başsağlığı verib, vətənə dar gündə sipər olan oğullarla qürur hissi keçirdiyini söyləyib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

