14 iyul 1969-cu il: Azərbaycanın dünyaya təqdimatının başlanğıc tarixi
Liderliyin qanunauyğunluqları: müdriklik, cəsarət, vaxtı qabaqlamaq qabiliyyəti
Bu keyfiyyətləri şəxsiyyətində formalaşdıran və müasirlərinə nümunə olan, hakimiyyətə gəlişi ilə ölkəmizi dünyada tanıdan ulu öndər Heydər Əliyev Azərbaycan adlı qüdrətli dövlətin qurucusu və xilaskarı oldu
…1969- cu ilin isti yay günləri idi. 10 il Azərbaycanda KP MK-nın birinci katibi işləmiş Vəli Axundovun səhhətində yaranan ciddi problemə görə vəzifədən getməsi ilə bağlı yayılan söz- söhbət ciddiləşirdi. Yeni katibin kimliyi ilə bağlı ictimai rəy müxtəlif olsa da sual dəyişilməz idi: Birinci katibi kim əvəz edəcək? O dövrdə Azərbaycandakı vəziyyət barədə təsəvvür yaratmaq üçün Nikolay Zenkoviçin « Heydər Əliyev: Tale yolları» kitabına nəzər salaq.
… Sovet ideologiyasının illərdən bəri qorunan kadr siyasəti belə idi ki, vəzifəni təhvil verən şəxsdən potensial imkanlara malik xələfi ilə bağlı fikir, rər öyrənilir, nəzərə alınmasa belə yeni kadr barədə müəyyən qənaət yaranırdı. Kremldə söhbət zamanı Moskvanın Azərbaycana rəhbərliyə o zaman respublikanın Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri Heydər Əliyev üzərində dayanmasına Vəli Axundov münasibətini bu sözlərlə bildirmişdi: «Yoldaş Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yaxşı birinci katib olmaq üçün bütün keyfiyyətlərə- həm siyasi, həm də işgüzar keyfiyyətlərə malikdir.»
Bu seçim təsadüfi deyildi. O dövrdə İttifaqda DTK böyük nüfuza malik idi. DTK-nın sədri Heydər Əliyevin dediyinə görə bu xəbər onun üçün gözlənilməz olmuş və münasibətini bu sözlərlə bildirmişdi: «Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olmaq asan iş deyil. Ona görə də istəmirəm.»
Sonradan bu görüşün təfərrüatlarını xatırlayan Heydər Əliyev danışırdı ki, Sov İKP MK-nın Baş katibi Leonid İliç Brejnev onun etirazlarını qəbul etməmişdir: « Hiss olunurdu ki, o özü üçün artıq qərar qəbul edib. Siyasi Büro da mənim namizədliyimi müzakirə edərək vahid rəyə gəlmişdi ki, respublikanın indiki vəziyyətində ən münasib namizəd Əliyev olar…Yəqin ki, mənim üstünlüyüm DTK-da işləməyim, şəxsi işimin təmizliyi, qazandığım etimad, azərbaycanlıların sevgisi idi.»
Beləliklə, 14 iyul 1969-cu ildə keçirilən plenumda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçildi. Sonralar Ulu Öndər həmin tarixi «Mənim Bastiliyanın alınması günüm» adlandırırdı.
Məhz həmin gün respublikanın yeni rəhbəri kimi Azərbaycanın inkişafı və canından artıq sevdiyi xalqı üçün məsuliyyəti öz üzərinə götürən Heydər Əliyev bilirdi ki, məxfi xidmət orqanının başçısı olmağın məsuliyyətindən fərqli olan dövlət qulluğunda çalışmaq ikiqat çətindir. Respublikaya başçılıq, ölkəni siyasi, iqtisadi cəhətdən inkişaf etdirmək, xalqın maraqlarını qorumaq üçün dövlətçilik təcrübəsi lazım idi. İttifaq miqyasında geridə qalan respublika olan Azərbaycanı iqtisadi gerilikdən, böhrandan çıxarmaq səriştə, dövlətçilik təcrübəsi tələb edirdi. Amma Vətənə bağlılıq, işinə məsuliyyət , vətəndaşlıq borcu bütün çətinlikləri geridə qoydu. Ulu Öndər Heydər Əliyevin xidmətlərinə verilən ən dəyərli qiymət isə tanınmış siyasətçilərin bu sözləri oldu: Azərbaycan xalqının bəxti onda gətirdi ki, XX əsrin ikinci yarısında bu millətin lideri, Azərbaycanın siyasi simasının parlaq ulduzu Heydər Əlirza oğlu Əliyev oldu. İlk gündən illərdən bəri yığılmış problemləri həll edən respublikanın rəhbəri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti başçılarına müyəssər olmayan nailiyyətlərə də imza atdı.
Ulu öndər Heydər Əliyev iki dəfə Azərbaycana rəhbərlik etmişdir: 1969- 1982, 1993- 2003-cü illərdə. Birinci mərhələdə respublikada aparılan inkişaf sürətinə görə «Azərbaycan iri addımlarla irəliləyir!» şüarının həyatımızın bütün sahələrinə şamil olunması ulu öndər Heydər Əliyev qətiyyətinin nəticəsi idi. Bütün respublikaların eyni mərkəzdən, Kremlin göstərişlərinə uyğun planlı iqtisadiyyat üzrə idarə olunduğu bir məqamda sərbəst adi qərarın belə qəbulunun cəsarət tələb etdirildiyi bir zamanda Ulu Öndərin Azərbaycanın gələcəyi naminə apardığı siyasət qarşıdakı onilliklərə hesablanırdı. Heç bir müttəfiq respublika rəhbərinin adi təşəbbüs qaldırmağa imkanının olmadığı o illərdə Azərbaycanın dotasiyasız yaşayan respublika olduğunu, ölkənin istehlakdan artıq məhsul istehsal etdiyini səbəb kimi irəli sürən təcrübəli dövlət başçısı Heydər Əliyev ən kiçik imkandan istifadə etməklə qüdrətli Azərbaycanın müstəqilliyi üçün zəmin yaradırdı. Respublikaya rəhbərliyə başladıqdan sonra xalq təsərrüfatının bütün sahələrində gedən prosesləri sürətləndirən, milli gəlirdən istifadəni düşünülmüş şəkildə tənzimləyən, neft, yanacaq- energetika sahəsinin diqqət mərkəzində saxlanıldığı Azərbaycanda sənayenin inkişafı naminə kompleks proqramlar həyata keçirildi, strateji istiqamətlər qabaqcıl beynəlxalq təcrübəyə əsasən təkmilləşdirildi. Yenilikləri liderlik təfəkkürü, bacarığı ilə təsdiqləyən Ulu Öndərin təşəbbüsü ilə o zamanlarda nəinki Qafqazda, Rusiyanın ən iri şəhərlərində belə olmayan məişət kondionerləri zavodunun inşası Azərbaycan üçün böyük nailiyyət idi. Sonralar «Bilirsiniz, mən xoşbəxtəm ki, bizim zavodun tikintisində əməyim olub. Həmin zavod artıq on beş ildir işləyir, çoxdan öz xərcini çıxarıb, respublikaya mənfəət gətirir. Bir dəfə Afrikanın lap cənubuna, Mozambikə səfər etmişdim və orada Azərbaycan kondisionerlərini gördüm. Sonralar Bakı markası ilə kondisionerlər planetimizin ən müxtəlif nöqtələrində- Koreyada, Vyetnamda, Anqolada rastıma çıxırdı və mən gördüyümüz işə görə həqiqətən, iftixar hissi duyurdum» söyləyən Ulu Öndər Azərbaycanı dünyada tanıdan xarici əlaqələrin əsasını qoydu. Bu baxımdan Azərbaycanın tarixində «Əliyev dövrü ən məhsuldar illər olub» deyimində həqiqət vardır. Respublikaya yenilik ruhu ilə rəhbərlik edən, ölkənin sosial-iqtisadi, mədəni həyatının bütün sahələrində müasir texnologiyaların tətbiqinə çalışan Ulu Öndər Azərbaycan iqtisadiyyatının ən önəmli sahəsi olan neft sənayesini inkişaf etdirdi. Ölkəyə başçılıq etdiyi birinci mərhələdə yanacaq-energetika kompleksinin inkişafını diqqətdə saxlamaqla, bu sahəyə əsaslı vəsait qoyuluşunu artırmaqla aqrar ölkə kimi tanınan Azərbaycanı sənaye ölkəsinə çevirdi. Neft sənayesi, neftmaşınqayırma, elektronika sahəsi inkişaf etdirildi. 1970-ci ildən başlayaraq xalqın ümumi sərvəti olan neft sənayesinin inkişafı, yeni yataqların kəşfi, müasir qazma metod və üsullarının Azərbaycanda tətbiqi ümummilli lider Heydər Əliyevin təşəbbüskarlığı və müəllifliyi ilə tərtib olunan « Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması» planı əsasında həyata keçirildi. Onun xidmətləri sayəsində Xəzər dənizində perspektivli yataqların kəşfi istiqamətində aparılan tədqiqat işləri sürətləndi, üzən qazma qurğuları alındı, «Şelf» seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün oldu. Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. 1993-cü ildə müstəqil Azərbaycanda Hakimiyyətə qayıdışı ilə «Əsrin müqaviləsi»nin imzalanmasına nail olan Ümummilli Liderin neft strategiyasının həyata keçirilməsi ilə xalqlar arasında əməkdaşlıq, dostluq və həmrəylik körpüsü yaradıldı.
Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını diqqətdə saxlayan Ulu Öndəri əbəs yerə türk dünyasının böyük oğlu adlandırmırlar. Azərbaycana rəhbərliyi illərində milli təfəkkürü formalaşdıran, mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün vətəndaşlıq yanğısı ilə xalqına bağlılığını hiss etdirən müdrik siyasətçi Azərbaycana rəhbərliyinin birinci dövründə imperiyanın təsir və təzyiqlərinə baxmayaraq respublikamıza intibah dövrünü yaşatdı.
Sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı bir dövrdə rəhbərliyə gələn ümummilli lider Heydər Əliyev ilk növbədə iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün, xalqın mənəvi-posixoloji vəziyyətinə mənfi təsir göstərən amillərin qarşısını aldı. İdarəetmə strukturlarında çalışan məmurların milli kadrlar hesabına formalaşdırılmasına diqqət artırıldı.
Bütün hallarda Azərbaycanın müstəqil dövlət olacağına inamı tükənməz olan Ulu Öndər Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaqla milli kadrların hazırlanmasına xüsusi diqqətlə yanaşdı. Hazırda Silahlı Qüvvələrimizin elə bir xidmət sahəsi yoxdur ki, orada ulu öndər Heydər Əliyevin daim öyündüyü Cəmşid Naxçıvanski adına məktəbin yetirmələri ləyaqətlə, şərəflə xidmət göstərməsinlər. Bu baxımdan hərbi məktəbin məzunlarının hesabına 44 gınlük Vətən müharibəsindəki Qələbəmizdə ulu öndər Heydər Əliyevin xidmətləri təkzibolunmazdır. Azərbaycanlı gənclərin müxtəlif ixtisaslara yiyələnməsi üçün keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi ilə ölkənin ixtisaslı kadr potensialının əsası qoyuldu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da ilk diqqət yetirdiyi sahə elə nizami ordu quruculuğu olmuşdur.
Totalitar sistemin yaratdığı çətinliyə baxmayaraq qorxmaz, cəsur, möhkəm iradə sahibi olan Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək imkanı yaratdı. Görkəmi ilə nümunə göstərilən mədəniyyət ocaqları inşa olundu, tarixi şəxsiyyətlərimizə hörmət olaraq mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradıldı. Milli məfkurə, azərbaycançılıq ideologiyası formalaşdı. Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilinin təşəbbüskarı da uzaqgrən siyasətçi Heydər Əliyev idi. Onun səyi ilə 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Ana dilimizin idarəçilikdə geniş tətbiqi, klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliği milli dövlətçiliyimizin ideya təməli, dövlətçilik siyasətinin başlıca istiqamətləri kimi diqqətdə saxlanılırdı.
Onun Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə respublikanın 250-dən çox sənaye müəssisəsində istehsal olunan 350 adda müxtəlif ünvanlı sənaye məhsulları dünyanın 65 ölkəsinə ixrac olunurdu. Ağıl və zəkasından mənəvi silahı kimi istifadə edən, təcrübələri, siyasi bacarıqları, fenomen istedadı ilə fərqlənən tarixi şəxsiyyətlərlə birgə, hətta birincilər sırasında adı çəkilən ümummilli lider Heydər Əliyevin liderlik fəlsəfəsinin təkrarolunmazlığı müasir Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmdə qazandığı nüfuz, siyasət və diplomatiya sahəsində əldə etdiyi misilsiz nailiyyətlərdir.
Kremlin təzyiqlərindən qorxmayaraq fərdi təqaüdçü kimi 20 Yanvar hadisələrinə etirazını Moskvadakı Azərbaycan nümayəndəliyindəki tarixi çıxışı ilə bildirən Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtmaqla müstəqilliyimizin əbədi qarantı kimi tarixə imza atdı, vətəndaşlıq sevgisini, dünya şöhrətli dövlət xadimi olduğunu qətiyyətli islahatları ilə təsdiqlədi. Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı. 1994-1995-ci illərdə dövlətçiliyimizə qarşı törədilən cəhdlərin qarşısını almaqla xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu Öndər Azərbaycanın iqtisadi inkişafı və müstəqilliyinin əbədiliyi üçün başlıca şərt olan və müdrikcəsinə hazırladığı neft starategiyası dünənimizin, bugünümüzün deyil, gələcəyimizin də qarantı olduğunu əməli ilə təsdiqlədi. «Üç dəniz əfsanəsi»nin gerçəkliyinə inanmayanlara, Xəzər neftinin dünya enerji bazarına nəqlini utopiya hesab edənlərə bir daha liderlik, dahilik dərsi verərək Bakı-Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdırmaqla Azərbaycanın dünya birliyində yerini müəyyənləşdiridi.
TANAP, Cənub Qaz Dəhlizi, TAP kimi önəmli layihələrin Azərbaycan və Türkiyənin birgə səyi ilə reallaşması barədə razılığın əldə olunması türk xalqlarını daha da birləşdirir.
Ulu Öndərin siyasi fəaliyyəti, nümunə olan şəxsi həyat ilə bağlı kitablar yazılıb, filmlər çəkilsə də bu dahinin Azərbaycan xalqının xoşbəxtliyi, Vətənimizin müstəqilliyi naminə göstərdiyi fədakarlıqların öyrənilməsinə ehtiyac vardır.
… Sadalananalar və tarixdə özündən sonra iz qoyub, dövlətçilik məktəbi yaradanların təcrübəsindən aydın olur ki, onlar rəhbərliyi şərtləndirən «liderlik kapitalı» və «liderlik şəraiti» tələblərinə uyğun fəaliyyət göstərmişlər. «Liderlik kapitalı»nı özündə birləşdirən perspektivi görmək, müdriklik, cəsarət, inam qazanmaq qabiliyyəti, səmərəli ünsiyyəti yaratmaq bacarığı və dəyərlər sistemi ulu öndər Heydər Əliyev məktəbinin varislik ənənəsidir. Perspektivi görmək və dəyərləri özünün dünyagörüşünə görə qiymətləndirmək fəlsəfəsi Ulu Öndərin simasında özünü təsdiqləyib. Liderlik şansını qazanan müdrikin ən böyük xidməti özündən sonra xalqın etimadını doğruldacaq davamçısını yetişdirməsidir. Ümummilli lider Heydər Əliyev bu sahədə də zəkasına, dövlətçilik təcrübəsinə güvəndi. 2003- cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa ünvanlanmış tarixi müraciəti ilə Azərbaycana vurğunluğunu bildirən, müstəqilliyin əbədi olması üçün göstərdiyi xidmətlərin davamlı olmasını istəyən dahi Heydər Əliyev davamçısı və özü qədər inandığı cənab İlham Əliyev kimi səriştəli, iradəli dövlət başçısını Azərbaycan xalqına bəxş etdi. Müdrik siyasətçi Heydər Əliyev məktəbini layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəmizi dünya birliyində qüdrətli dövlət kimi tanıtmaqla, İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vurmaqla Ulu Öndərin layiqli davamçısı olduğunu təsdiqlədi. Özünün qeyd etdiyi kimi, ata vəsiyyətini yerinə yetirdi.

