Pandemiya dönəmində Qurban bayramı: Qurbanlıq heyvanları satışı və kəsimi necə həyata keçiriləcək?
Qarşıdan müsəlmanların müqəddəs bayramlarından biri olan Qurban bayramı gəlir. Bayrama sayılı günlər qalır və insanlar artıq qurbanlıqlarını almağa başlayıblar. Vətəndaşların çoxu qurbanı bayramın ilk günündə kəsməyin tərəfdarıdır.
İyunun 26-da Nazirlər Kabineti yanında Operativ Qərargahın müzakirə etdiyi mövzulardan biri də Qurban bayramının pandemiya dövründə necə keçirilməsi ilə bağlı olub. Bildirildi ki, builki Qurban bayramı öncəkilərdən fərqli olacaq. Hər il qurbanlıq almaq üçün yaranan növbələrə, insan sıxlığına imkan verilməyəcək. Qubanlıqların satışı və qurban kəsimi onlayn növbə ilə təyin olunacaq.
Bayram namazı evdə də qılına bilər
“İki sahil”ə açıqlama verən Bibiheybət məscidinin axundu Rahib Babayev bildirdi ki, Qafqaz Müsəlmanlar İdarəsinin bu barədə tövsiyələri var: “Biz bu il müqəddəs Qurban bayramını Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalar çərçivəsində keçirəcəyik. İnsanlar qurbanlıqlarını onlayn növbə ilə almalı, kəsimini də müəyyən olunmuş məntəqələrdə onlayn növbə götürməklə həyata keçirməlidirlər. Məqsəd sıxlığın qarşısını almaqla özümüzü və digər insanları koronavirusdan qorumaqdır. Onlayn növbə sistemi pandemiyadan öncə də var idi. İnsanlar onlayn satışla qurbanlığını alıb istər kəsim məntəqəsində, istərsə də həyətyanı sahələrində kəsdirə bilirdilər. Sadəcə, indi bu sistem məcburidir. Şəriət və kəsilmə qaydalarını bilən qəssablarımız qurban sahibi ilə təmasda olmadan qurbanlıqları kəsib sahiblərinə təhvil verə bilərlər. Dinimizin bizdən tələb etdiklərini sağlamlığımızı qoruyaraq etməliyik. Bayram namazı da Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi şərtlər əsasında qılınacaq.
Pandemiya şəraitində insanlar sağlamlıqlarını qorumaq üçün bayram namazını evlərində də qıla bilərlər. Virusun yayıldığı bir dövrdə kütləvi toplaşma olmamalıdır.”
88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “İki sahil”ə verilən məlumatda bildirilir ki, iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq: “Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.”
“Kənddən şəhərə”: Onlayn satış yarmarkası
Agentlikdən bildirdilər ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq: “Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər. Qurbanlıqların onlayn sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.”
AQTA-dan bildirdilər ki, soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub: “Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək. Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində səhər saat 08:00-dan axşam 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan ətinin əldə etməyi tövsiyə edirlər. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etməsinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcək.”

