Cəmiyyət 

Olkədə yoluxucu xəstəliklər, o cümlədən quş qripi virusu qeydə alınmayıb

ARANTV.AZ xəbər verir ki, Qida təhlükəsizliyi sahəsində ölkədə vəziyyət qənaətbəxşdir və  yoluxucu xəstəliklər, o cümlədən quş qripi virusu qeydə alınmayıb. Qida məhsullarının ixracı istiqamətində ən böyük üstünlük isə bitki məhsullarının payına düşür.

Qida məhsullarının təhlükəsizliyi sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir və ötən ilin son 6 ayında fitosanitariya nəzarət tədbirləri nəticəsində 461 karantin və xüsusi təhlükəli zərərli orqanizmlər aşkarlanıb və onların istifadəsinin qarşısı alınıb. Şübhəli qida məhsullarının ölkəyə daxil olmasının qarşısının alınması tədbirləri nəticəsində isə 17 nəqliyyat vasitəsi geri qaytarılıb. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında bu barədə məlumat verdi. Azərbaycanın bir çox ərzaq və qida məhsular ilə özünü təmin etdiyini bildirən Qoşqar Təhməzli  xüsusən ət və ət məhsulları, toyuq və toyuq məhsulları, yumurta ilə təminatda  Azərbaycan istehsalçılarının mühüm uğurlara nail olduqlarını vurğuladı. Qida sektorunun əsas zəncirindən olan ictimai-iaşə sahəsində qeyri-qanuni məşğulluğun qarşısının alınması istiqmətində də  addımlar atılır. O da bildirildi ki, bəzən kustar şəkildə hazırlanan spirtli içkilər bahalı şüşələrə yığılıb istehlakçı şirkətə baha qiymətə satılır. Həmin içkilər də ictimai iaşə müəssisələrinə satılaraq insanların sağlamlığına zərər vurur.

Qida təhlükəsizliyi sahəsində verilən icazə sənədlərinin sayı isə ötən il 5 min 586 olub. İdxal üçün 5186, ixrac üçün isə 400 sertifikat verilib. Azərbaycandan ixrac olunan qida məhsullarının 71 faizi bitki mənşəli məhsulların payına düşüb.

Daha çox xəbərlər