Vaksinasiya prosesində könüllü iştirak edək, sağlam həyatımızı qoruyaq!
Vaksinlərin əlçatanlıq əsasında bölgüsünü ədalət prinsipinə sadiqlik kimi dəyərləndirən ölkə Prezidenti İlham Əliyevin bərabərlik çağırışları beynəlxalq səviyyədə dəstəklənir
İki ilə yaxındır ki, dünyanı cənginə alan, inkişaf etmiş ölkələri belə yaratdığı ciddi təhlükələrlə «nə etməli» sualı qarşısında aciz duruma salmaqla yanaşı, milyonlarla insanın həyatına son qoyan COVID-19 pandemiyası davam etməkdədir. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı gündən «Azərbaycan modeli» təqdir edilir, əksər dövlətlər ilkin mərhələdə ölkəmizin təcrübəsini tətbiq etməklə yoluxma sayının qismən də olsa azalmasına müvəffəq oldular. İlk vaxtlar əksər dövlətlər özünə qapanaraq vəziyyətdən çıxış yolu axtarmaqda çətinlik çəksələr də, Azərbaycanın qlobal problemlərə qarşı birgə səylərin göstərilməsi ilə bağlı çağırışları mövcud vəziyyəti dəyişdi. Azərbaycan irəli sürdüyü təşəbbüsləri ilə dünyanın bir-birinə əks qütblərini belə pandemiyaya qarşı birgə mübarizədə bir araya gətirdi.
İnsanların sağlamlığına təhdid olan pandemiya ölkələrin iqtisadiyyatında da böyük durğunluğa səbəb oldu. Əksər ölkələrin koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin ilk günlərində iqtisadiyyatın dayanıqlığını təmin etməyə daha çox diqqət yetirməsi yoluxmaların, həmçinin ölüm hallarının artmasına səbəb olmuşdur. Azərbaycanın eyni vaxtda həm insanların saglamlığının qorunmasına, həm də dayanıqlı inkişafın təmin edilməsinə yönələn addımları dünya dövlətləri, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təqdir edildi və ilk gündən bu proqnozlar səsləndirildi ki, Azərbaycan COVID-19-la mübarizədən az itki ilə çıxacaq. Ölkəmiz mübarizənin birinci mərhələsindən uğurla çıxdı. Pandemiyadan zərər çəkən ölkələr hələ də sarsıntı içərisində qalmaqla iqtisadiyyatlarını normallaşdırmaq üçün yollar axtarırlar.
Azərbaycan 2008-ci ildə dünyanı bürüyən və nəticələri hələ də bu günədək gəlib çatan iqtisadi və maliyyə böhranından da uğurla çıxmışdı. Həmin illərdə də ölkəmiz iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Buna əsas verən yenə də iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması idi. Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı gündən «İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır» tezisini irəli sürərək iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılıb və bu gün də davam edir.
Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi, vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirildi. Qısa zamanda 13 modul tipli səhiyyə ocaqları, «Yeni klinika» kimi unikal xəstəxana inşa edildi, tibb müəssisələrində çarpayıların sayı 10 mini ötdü. COVID-19-un mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi hazırlandı. Pandemiyadan qorunmağın ən başlıca şərti olan maskaların, tibb işçilərinin istifadəsi üçün nəzərdə tutulan xüsusi qoruyucu geyimlərin istehsalına başlanıldı. Yeni yoluxmuş xəstələrin həyatlarını ilk mərhələdən etibarən qorumaq üçün hər cür imkana malik, müasir avadanlıqlarla təmin olunmuş təcili yardım maşınları Azərbaycana gətirildi. Dünya ölkələrindən təcrübəli həkimlər ölkəmizə dəvət edildi. Dövlət tərəfindən elan olunan karantin rejimlərinin, məhdudiyyətlərin tətbiqi ilə pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların birgə fəaliyyəti təşkil olundu. Pandemiyanın ikinci, üçüncü dalğası, müxtəlif ölkələrdə fərqli ştammlar haqqındakı xəbərlərin yayıldığı zamanlarda belə virusun fəsadlarına qarşı mübarizəni sərtləşdirən Azərbaycan həkimlərinin səyi, dövlətin dəstəyi ilə ümumi bəlaya qarşı mübarizə metodlarının tətbiqinə diqqət artırıldı. Vaksinlərin əlçatanlıq əsasında bölgüsünü ədalət prinsipinə sadiqlik adlandıran Prezident İlham Əliyevin bərabərlik çağırışları beynəlxalq səviyyədə dəstəkləndi.
Ötən müddətdə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərən, Ümumdünya Səhiyyə Təşkilatına – 5 milyonu qurumun ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə yardım üçün nəzərdə tutulan 10 milyon dollar məbləğində könüllü ianə ayıran Azərbaycanın tətbiq etdiyi modelin ÜST tərəfindən nümunə kimi təqdim olunması ölkəmizin humanitar siyasətinə beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür.
Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Bütün bu addımlara dünya dövlətlərindən verilən dəstək Azərbaycanın, dövlət başçısı İlham Əliyevin nüfuzunun göstəricisidir. BMT İnsan Haqları Şurasının 46-cı sessiyası çərçivəsində Prezident İlham Əliyevin daha bir qlobal təşəbbüsü ilə bağlı «COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi» adlı qətnamənin qəbulu da Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin təqdimatı oldu.
Ölkəmizdə «Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası»na uyğun proseslərdə könüllülərin sayının artması müsbət nəticəsini verir. Respublikamızda əhali arasında, təşkilatlarda kütləvi həyata keçirilən vaksinasiyanın davam etdirilməsi pandemiyaya qarşı ən təsirli mübarizə vasitəsidir. Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının «Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması» mövzusuna həsr edilmiş 74-cü sessiyasında, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısına videoformatda qatılan dövlət başçısı İlham Əliyev bir daha bildirmişdir ki, COVID-19 pandemiyası dünya üçün misilsiz çağırışlar yaradıb. «Biz bir daha inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə zəruri maliyyə yardımı göstərməyə çağırırıq» söyləyən ölkə Prezidenti bir daha bildirmişdir ki, davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur.
COVID-19-la mübarizə tədbirlərini gücləndirməklə, ən əsası zəruri addımları atmaqla virusa yoluxmanın sayını azaltmaq mümkündür. Karantin qaydalarının zaman-zaman statistikaya uyğun olaraq yumşaldılması, yaxud sərtləşdirilməsi hədəflərə lazımi səviyyədə nail olmağa əsas verir. Son zamanlar yoluxmanın statistikasında artımlar həyəcan təbilini çalmaqdadır. Əvvəlki xoşbəxt, rahat həyata qayıtmaq istəyiriksə, tələblərə lazımi səviyyədə əməl edək, vaksinasiya prosesində könüllü iştirak edək, sağlam həyatımızı qoruyaq!

