“Sosial” sosialsızlaşma…
Sosial şəbəkələrdən asılılıqdan necə xilas olaq?
Həyatımıza, evimizə, cibimizə girən internet əksəriyyətimizi özündən asılı hala salıb, kompüter və noutbuklar, “ağıllı” telefonlar ən yaxın “dostumuza”, “sirdaşımıza” çevrilib. O dərəcədə ki, yemək yeyəndə, hətta zəruri fiziki tələbatımızı ödəyəndə belə ondan qopa, ayrıla bilmirik. Enerjisinin bitməsini faciə kimi qarşıladığımız “ağıllı” telefonlarımıza göstərdiyimiz həssas münasibət ailə üzvlərinə, qohumlara olan sevgimizə də təsirsiz ötüşmür. Bəzən ən yaxınlarımızı real həyatdan daha çox virtual dünyada sevirik. Yanımızda üzbəüz çatdırmadığımız, çatdıra bilmədiyimiz istəyimizi, hisslərimizi sosial şəbəkələrdə böyük bir qismi ilə heç vaxt rastlaşmadığımız “dostlarla” bölüşürük. Sürətlə inkişaf edən texnologiyanın yaratdığı imkanlar bəzi hallarda işimizi asanlaşdırsa da, əksəriyyət internetin virtuallaşma və ya virtuallaşdırma siyasətinin əsirinə çevrilib. “Facebook”, “WatsApp”, “Messenger”, “Instagram”, “Tik Tok”, “Tvitter” və daha neçə sosial şəbəkənin eyni anda fəaliyyətini dayandırdığını düşünmək belə qorxunc görünür, çünki həyatını onlarsız təsəvvür etməyən milyonlarla insan var. Bu asılılıq normaldırmı? Cavabı mütəxəssislərə müraciət etməyəcək qədər sadədir – xeyr. Bəs sosial şəbəkələrin xeyirli tərəfləri nədir? İnternetdən necə və nə qədər istifadə etmək lazımdır? Bu qədər virtuallaşmaqdan qurtulmaq mümkündürmü?
Psixoloq-pedaqoq Zeynəb Əyyubovanın fikrincə, müasir dövrdə sosial şəbəkələrdən istifadə qaçılmazdır və bu vasitələrdən səmərəli məqsədlər üçün istifadə etmək mümkündür: “Bu gün nəinki Azərbaycan, bütün dünya reallığında sosial şəbəkələr çox aparıcı rola sahiblənib. Artıq prezidentlər, siyasətçilər, tanınmış insanlar, iş adamları belə hər hansı mesajlarını dünyaya sosial şəbəkələr vasitəsilə çatdırırlar. Hətta böyük biznes layihələrinin, yaradıcılıq nümunələrinin, bədii filmlərin, kitabların tanıtımı da qeyd olunan üsulla həyata keçirilir. Ancaq təəssüf ki, sosial şəbəkələrdən istifadə xüsusilə yeniyetmələrdə aludəçiliyin yaranmasına səbəb ola bilir”.
Z.Əyyubova yeniyetmələrin sosial şəbəkələrdə çox vaxt keçirməsinin ilk növbədə onların təhsilinə mənfi təsir göstərdiyini, dərslərinə mane olduğunu bildirdi: “Xüsusilə yaşı 14-ə kimi olan yeniyetmələrin valideynləri övladlarına internetdən istifadə üçün vaxt müəyyənləşdirməli, sosial şəbəkələrdə çox vaxt keçirirlərsə, hər gün bu müddəti 15 dəqiqə azaltmalıdırlar. İnternetdən – kompüter və ya mobil telefondan istifadə artıq asılılıq yaradıbsa, psixoloqa müraciət etmələrini tövsiyə edirəm”.
“Eros” Psixologiya Mərkəzinin psixoloqu Aygün Cəfərova da “İki sahil”ə açıqlamasında sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəflərinin olduğunu bildirdi: “Pandemiya dövründə sosial şəbəkələrin həyatımızdakı rolu xüsusilə artıb. Orta və ali məktəblərdə tədrisin onlayn sistemə keçməsi, o cümlədən bir sıra müəssisə və təşkilatlarda işin distant təşkili insanların internet resusrlarından daha çox istifadəsinə səbəb oldu. Bunun müsbət tərəflərindən biri odur ki, istənilən məzmunlu məlumatı, xəbəri biz internet, sosial şəbəkələr vasitəsilə asanlıqla əldə edə bilirik. Üstəlik, insanlar dünyanın harasında olmasından asılı olmayaraq istənilən tanışı, yaxını və yaxud qohumu ilə rahat şəkildə əlaqə qura bilir, yeni tanışlıqlar, dostluqlar yaranır. Ancaq sosial şəbəkələrdən istifadənin, daha doğrusu, çox istifadənin bir sıra mənfi tərəfləri də vardır – həm fizioloji, həm də psixoloji baxımdan”.
A.Cəfərovanın fikrincə, sosial şəbəkələrdən istifadənin ən mənfi tərəfi asılılığın yaranmasıdır. Bəs bunu necə hiss etmək olar?: “Əgər insan günün bir çox hissəsini sosial şəbəkələrdə keçirirsə, ətrafındakı insanlarla real ünsiyyət onlar üçün artıq maraqsız gəlirsə və qıcıq yaradırsa, aqressiya hiss olunursa, yuxu və qida rejimində pozuntular baş verirsə, demək olar ki, bu, asılılığın ilk göstəriciləridir. Bütün bu əlamətlər uzun müddət davam etdikdə biz artıq bunu asılılıq kimi qiymətləndiririk”.
Asılılıqdan qurtarmağa gəlincə, bunun üçün ilk öncə həmin insan onda asılılıq olduğunu qəbul etməlidir. Yalnız bundan sonra o, müəyyən davranış və maraqlarında dəyişikliklər edə bilər: “Misal üçün, əgər insan sosial şəbəkələrdə gün ərzində 7-8 saat vaxt keçirirsə, bunu mərhələlərlə aşağı salmalıdır. Sonra xoşladığı, ona zövq verən hansısa məşğuliyyətlər tapmalı, onları vərdişə çevirməli, hobbilərini kəşf etməlidir və sağlam həyata daha çox diqqət yetirməlidir. Sağlam həyat dedikdə sağlam qidalanma, normal yuxu rejimi, yararlı vərdişlərdən istifadə nəzərdə tutulur. Onu da qeyd edək ki, sosial şəbəkələrdən asılılıq daha çox uşaqlarda, yeniyetmə və gənclərdə müşahidə olunduğu üçün bu işdə ailənin, valideynlərin üzərinə böyük iş düşür. Valideynlər övladlarının gündəlik rejimlərinin planlaşdırılmasına xüsusi nəzarət etməlidirlər”.
Hər şeyin normadan artığı zərərlidir. Texnologiyanın, internetin imkanlarından zəruri hallarda və zəruri məqsədlər üçün istifadə nə qədər çox xeyir verə bilərsə, lazım olduğundan artıq lazımsız istifadə bizə bir o qədər ziyan vura bilər – bir inci saflığı olan suyun da artıq içiləndə dərd verməsi kimi. Virtual dünya nə qədər cəlbedici olsa da, yenə də ən yaxşısı reallıqla yaşamaqdır…

