Sosial 

Şərqi Zəngəzur və Qarabağda bərpa-quruculuq işləri sürətlə davam edir

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu ermənilərin illərlə qurub yaratdıqları mifi 44 günə darmadağın etdi. Erməni ordusunun “yenilməz ordu”, erməni əsgərinin “cəsur” olması və saxta erməni “sərkərdələri” haqqında xəstə təfəkkürün məhsulu olan mifologiya əsil vətənpərvərlik nümunəsi sərgiləyən Azərbaycan əsgəri tərəfindən məhv edildi. Eyni zamanda özlərini dünyaya fağır, mədəni, müsəlmanlar tərəfindən əzilmiş xalq olaraq təqdim edən ermənilərin əsil xislətini bütün dünya gördü. Həm ermənilər, həm də bütün dünya Azərbaycan xalqının vətən sevgisini, qəhrəman oğullarımızın vətənpərvərlik dolu intiqam hissininin qarşısını heç bir “ohanyan səddi” kəsə bilməz. Bizi Qələbəyə aparan yoldan heç bir qüvvə döndərə bilməzdi. Xocalı cəlladları olan “sərkərdələr” əliyalın insanlara hücum etməyə alışqandırlar. Onların Azərbaycan əsgərinin qarşısından biabırçı şəkildə qaçmağı təəcüb doğurmur.

Azad edilmiş ərazilərimizdə qarşılaşdığımız dəhşətli mənzərələr isə yalnız erməni faşizminin əməllərinin nəticəsi ola bilərdi. Bildiyimiz kimi Vətən Müharibəsi nəticəsində Füzuli şəhəri və 61 kəndimiz işğaldan azad edildi. İllərlə həsrətində olduğumuz, 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımıza ilk qədəm qoyanda rastlaşdığımız mənzərə dağıdılmış və talan edilmiş qəbirlər, təhqir olunmuş məscidlər, yandırılmış və ya sonuncu daşlarına qədər oğurlanmış evlər, məhv edilmiş yaşıllıqlar oldu. Rayonumuzun tarixi memarlıq abidələri, ziyarətgahları və o cümlədən 17 məscidimiz erməni vandalizminin qurbanına çevrilib.

Bu gun artıq erməni faşizminin məhv edilməsi regionda yeni reallıqlar yaradıb. Ərazilərimizin işğaldan azad edilməsi tarixi torpaqlarımıza öz adlarını və öz sakinlərini qaytarmaqla yanaşı, geniş bərpa-quruculuq işlərinin aparılması imkanı yaratdı. Dövlətimiz tərəfindən dərhal geniş miqyaslı bərpa-quruculuq işlərinə başlandı. Hazırda da bu işlər sürətlə davam edir. Prezident İlham Əliyevin sözləri ilə desək, cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda iri infrastruktur layihələrin icrası uğurla davam etməkdədir. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Füzuli rayonunda da vacib addımlar atılmışdır. Prezident İlham Əliyev tərəfindən rayonumuzda “Füzuli” yarımstansiyasının açılışı artıq reallaşdırılmışdır. Bu yarımstansiya 3 ay ərzində inşa edilib. Yarımstansiya Füzuli rayonunu, rayondakı strateji obyekləri, hava limanı və digər böyük obyektləri, o cümlədən Füzuli-Şuşa yolunu, eləcə də əhali və qeyri-əhali abonentlərini elektrik enerjisi ilə təmin edəcək. Rayonumuzun ərazisində 110/35/10 kV-luq Şükürbəyli yarımstansiyasının da açılışı olub. Sistem əhəmiyyətli olan bu stansiya çox önəmlidir. Çünki Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan yarımstansiyaları Şükürbəyli stansiyası vasitəsilə ilə qidalanacaq.

Yol nəqliyyat infrastrukturunun qurulması istiqamətində də mühüm işlər görülməkdədir. Hazırda Füzuli-Şuşa yolu, Zəfər yolu, Horadiz-Zəngilan, Füzuli-Hadrud, Füzuli-Cəbrayıl avtomobil yollarının tikintisi sürətlə davam edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır.

Füzulidə Beynəlxalq Hava Limanının tikilməsi təkcə rayonumuzun deyil, ümumilikdə bölgənin gələcək inkişafında vacib amildir. Azad edilmiş ərazilərdə üç yerdə- Zəngilan, Laçın, Füzulidə hava limanlarının tikintisi nəzərdə tutulur. Bu hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Hava limanları sərnişin, yükdaşımaları və hərbi məqsədlər üçün istifadə ediləcək. Bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də bu hava limanlarına enə biləcək. Beləliklə, azad edilmiş bölgələrin – Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq.

Füzuli Beynəlxalq Hava Limanının bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara hazır olacağı gözlənilir. Əminik ki, bu hava limanı gələcəkdə rayonumuzun turizm və ticarət əhəmiyyətini daha da artıracaq.

Prezident İlham Əliyevin sözləri ilə desək, indiki mərhələdə əsas vəzifə müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir.

Dövlət başçımızın işğaldan azad edilmiş ərazilərə tez-tez səfərlər etməsi, qətiyyətli çıxışları, görülən işlərlə yerindəcə tanış olması və ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli bərpa –quruculuq işləri bölgənin uğurlu gələcəyindən xəbər verir.

Rəqiyyə Hüseynova,

Müəllim

Daha çox xəbərlər