Enerjidən səmərəli istifadə üçün qanun nələri dəyişəcək – açıqlama
Nazirlik rəsmisi: “Enerji effektivliyi tələblərinə cavab verməyən binaların tikintisinə icazə verilməyəcək”
Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun tətbiqinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti doqquz ay müddətində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini, qanuna həmin qanuna uyğun olaraq, enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasının, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasının layihəsini hazırlayıb Prezidentə təqdim etməlidir.
Qurum həmçinin enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının formasını, verilməsi qaydasını, onun qüvvədə olma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını, enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasını və formasını, enerji idarəçisinə (menecerinə) dair tələbləri, habelə onların attestasiyadan keçirilməsi qaydasını, binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarları təsdiq edib ölkə Prezidentinə məlumat verməlidir
Bundan əlavə, Nazirlər Kabineti binalar üçün minimum enerji effektivliyi normalarını, enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydalarını, enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələblərini təsdiq edib Prezidenti məlumatlandırmalı, Energetika Nazirliyinin təklifləri əsasında enerji effektivliyi fondunun yaradılması ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb ona təqdim etməlidir.
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna görə, enerji auditi könüllü aparılır, məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısı rəsmən təsdiqlənir. Məcburi enerji auditi 3 ildən bir keçirilir.
Sənədə əsasən, illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində və tikinti ərazisi ən azı 10000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında enerji idarəçisi (meneceri) təyin edilməlidir.

Enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz etməyə məsuldur.
Sənəddə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri göstərilib, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. Layihədə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə, beynəlxalq əməkdaşlıq, dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalar ehtiva olunub.
Sənəddə qeyd edilib ki, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcəklər.
Həmçinin enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edəcəklər.
Ağıllı sayğac – istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazıdır.
Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir. Bu sənədin hazırlanmasını zəruri edən hansı amillər var? Qanunun tətbiqi Azərbaycanda enerji istehsalı və istehlakı sahəsində mövcud olan qeyri-səmərəliliyi, yüksək itki faizlərini aradan qaldırmağa imkan verəcəkmi?

Ələsgər Həsənov
“Yeni Müsavat”ın bu və digər suallarını cavablandıran Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənovun dediyinə görə, hazırda dünyada enerji keçidi prosesi gedir: “Bu prosesdə iki əsas istiqamət var. Bunlardan birincisi, bərpa olunan enerjidən istifadə, ikincisi isə enerji səmərəliliyinin təmin olunmasıdır. Birinci istiqamətlə bağlı Azərbaycanda qanun təzə qəbul olunub. İkinci istiqamətlə bağlı qanun isə əvvəldən var – ”Enerji resurslarından istifadə haqqında” Qanun. Lakin bu qanun enerji səmərəliliyini təmin edən müasir alətləri özündə ehtiva etmir. Biz qanuna çoxsaylı əlavələr etməkdənsə, beynəlxalq konvensiya və sənədlərin tələblərinə uyğun yenisini işləmək qərarına gəldik. Avropa Enerji Xartiyasının dəstəyi ilə qanun layihəsini işləyib hazırladıq. Sənədin hazırlanması prosesində Avropa İttifaqının direktivlərini, Qazaxıstan, Ukrayna, Moldova, ən çox da Türkiyənin təcrübəsindən faydalanmışıq”.
Qeyd edək ki, Azərbaycanda enerji istehsalında səmərəlilik uzun illərdir qarşıda duran ciddi problemlərdən biridir. Yeni qanun bu sahədə vəziyyəti dəyişməyə gətirib çıxaracaqmı? Belə mexanizmlər müəyyənləşdirilibmi? Ə.Həsənovun sözlərinə görə, enerji istehsalı və istehlakı sahəsində səmərəliliyi təmin etmək üçün bir sıra addımlar atılacaq: “Əvvəla, istehsal və ötürülmə, həmçinin istehlak sahəsində enerji effektivliyi üçün bir sıra alətlər tətbiq olunacaq. Burada istehsalçı və ötürücü üçün ilk növdədə enerji effektivliyi potensialını müəyyənləşdirmək üçün qaydalar hazırlanacaq. Onların hər birinin səmərəlilik imkanlarını qiymətləndirmək üçün audit keçiriləcək. Daha sonra səmərəliliyin təmin olunması üçün konkret hədəflər müəyyən olunacaq və işlərə başlanacaq. Bilirsiniz, hazırda dünyada əsas diqqət istehlakda səmərəliliyin təmin olunmasına yönəlib. Çünki əksər ölkələrdə enerji istehsalı və ötürülməsi özəl şirkətlərin əlindədir, onlar səmərəliliyi maksimum təmin edirlər. Ona görə də diqqəti istehlaka yönəldirlər və bu mərhələdə səmərəliliyi təmin etmək üçün müxtəlif alətlərdən istifadə olunur: həm məhdudlaşdırıcı, həm də stimullaşdırıcı alətlərdən. Məsələn, binaların enerji effektivliyi əmsalı üzrə pasportlaşdırılması məhdudlaşdırıcı alətdir. Hansı binada enerjidən səmərəli istifadə olunmursa, onları tikən şirkətlərə yeni bina tikməyə icazə verilmir”.
Enerji effektivliyini bina tikən şirkətlər necə təmin edə bilərlər? Nazirlik rəsmisi bildirir ki, burada bir çox tələblərə cavab verilməsi lazım gəlir: “Binaların divarları istiliyi nə qədər saxlayır, qapı-pəncərələr buna imkan verirmi? Dünyada binalara tikilməzdən əvvəl enerji effektivliyi pasportu alınır – əgər enerji səmərəliliyi A+-dan aşağı olursa, tikintiyə icazə verilmir. Bizdə də bu qaydanın tətbiqi nəzərdə tutulur. Siz yəqin ki, məlumatlısınız, bir çox məişət və sair elektik cihazlarının üzərində enerjiyə qənaət imkanını göstərən hərflər yazılır: A, A+, A++, B, D və sair. Enerjiyə ən yüksək qənaət A və A+-lar qeyd olunan cihazlardadır. Dünyanın bir çox ölkələrində A-dan aşağı effektivliyə malik elektrik cihazlarının idxalı və satışı qadağan olunub. Eyni zamanda elektrik lampaları iki çür olur: közərmə və led lampalar. Bir çox ölkələr enerji sərfinin yüksək olduğunu nəzərə alaraq közərmə lampalardan istifadəni qadağan ediblər. Azərbaycanda da ilkin mərhələdə enerjiyə qənaət etməyən cihazların ölkəyə idxalı, daha sonra istehsalı qadağan oluna bilər. Yaxud ilkin mərhələdə yüksək gərginlikli közərmə lampalarının, daha sonra orta və aşağı gərginlikli lampaların idxalı, satışı dayandırıla bilər”.
Qeyd olunanların hamısı məhdudlaşdırıcı tədbirlərdir. Bəs dövlət stimullaşdırıcı tədbirlər də tətbiq edə bilərmi? Ə.Həsənov bildirir ki, müəyyən müddətdən sonra belə tədbirlərə də gedilə bilər: “Əlbəttə, mən dəqiq nəsə demək istəmirəm, amma dünyada bir çox stimullaşdırıcı alətlərdən istifadə olunur və biz də gələcəkdə onlardan faydalana bilərik. Düşünürəm ki, vətəndaşların davranış dəyişikliyinə də ehtiyac var. İnsanlar özləri də enerjidən qənaətlə istifadədə maraqlı olmalı, bunun üçün zəruri davranışlara malik olmalıdılar”.
Onu da bildirək ki, qanun layihəsi Milli Məclisdə müzakirə olunarkən orada istehlakçılara ağıllı sayğacların quraşdırılmasını nəzərdə tutan müddəalar xeyli müzakirələrə səbəb olmuşdu. Belə sayğaclar Azərbaycanda varmı? Nazirlik rəsmisi bildirir ki, var: “Qanunun tətbiqinə başlandıqdan, hətta indidən sıradan çıxan bütün sayğacların yerinə ağıllı sayğaclar quraşdırılacaq. Həm ”Azəriqaz”da, həm də “Azərişıq”da ağıllı sayğaclar və onların sistemləri var. Yəni bunun üçün imkanlar var. Bizim əsas demək istədiyimiz budur ki, bu gün istehlaka yararsız vəziyyətə düşən sayğaclar mütləq qaydada ağıllı sayğaclarla əvəz olunmalıdır. Amma işlək sayğacların hamısını kütləvi şəkildə ağıllı sayğaclarla əvəzləmək kimi bir plan yoxdur, çünki bu, iqtisadi baxımdan əlverişli olmaz. Biz çalışmalıyıq ki, bütün prosesləri səmərililik göstəricisinə uyğun həyata keçirək. Ağıllı sayğaca keçid prosesi də belədir, kütləvi şəkildə tətbiqi iqtisadi baxımdan səmərəli olmayacaq. Buna görə də tədricən həyata keçiriləcək”.
Dünya SAKİT,
“Yeni Müsavat”

