Sosial 

Şəkidə keçirilən toxum sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim edildi – FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir.

Nazirlikdən verilən məlumata görə, budəfəki sərgi-satış yarmarkası Şəki şəhərində təşkil olunub.

Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini Elman İmamverdiyev bu tədbirin Şəki şəhərində keçirilməsini mühüm addım kimi dəyərləndirib.

Qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev çıxışında bildirib ki, Respublikamızın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkası, toxum bazarının formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulmasına yönəlib. Bu gün Şəki şəhərində təşkil edilən yarmarkada 30-dan çox sortun toxumu nümayiş etdirilir.

Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov bildirib ki, Fond olaraq mütamadi fermer və toxumçularla müxtəlif görüşlər keçirilir, birgə müzakirələr aparılır. Toxum sərgi-satış yarmarkalarının keçirilməsi də bu sahənin daha da inkişafına dəstək olacaq.

Sərgi-satış yarmarkası ilə tanışlıqdan sonra məhsullar və toxumla bağlı ətraflı müzakirələr aparılıb. Fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat verilib və informasiya materialları təqdim olunub.

Qeyd edək ki, yarmarkalar ümumilikdə ölkənin 6 bölgəsində təşkil olunur. Növbəti yarmarka sentyabrın 6-da Ağcabədidə, sentyabrın 8-də Saatlıda, sentyabrın 10-da Cəlilabadda, sentyabrın 13-də isə Xaçmazda keçiriləcək.

Qeyd edək ki, yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

 

Daha çox xəbərlər