Milli Məclisin payız sessiyası başladı – hansı qərarlar verildi?
Sessiyanın ilk günü deputatlar daha çox şəhidlər və şəhid ailələrindən bəhs etdilər; qanunlara mühüm dəyişikliklər edildi
Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclası spiker Sahibə Qafarovanın rəhbərliyi ilə keçirildi. Sədrin təklifi ilə Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında həlak olmuş hərbçilərimizin, həmçinin qətlə yetirilmiş dinc sakinlərin xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi.
Milli Məclisin komitə sədri Musa Quliyev YAŞAT Fondunun gördüyü işləri yüksək qiymətləndirdi.
M.Quliyev ölkədəki dərman problemlərinə də toxundu: “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər edilməsini təklif edirəm. Pandemiya da göstərir ki, bizim qanunvericilikdə dərmanların qeydiyyatı qəlizdir və sərtdir. Bu, yeni dərmanların ölkəyə gətirilməsinə əngəl yaradır”. Komitə sədri qeyd etdi ki, buna görə də dünyanın aparıcı dərman şirkətləri Azərbaycana dərman satışını bağladılar: “Ona görə də biz bu dərmanları ala bilmirik. Bundan əlavə, biz dərmanların qeydiyyat sistemində dəyişiklik etməliyik. İstehsalçı şirkətlər əhalisi az olan ölkələrdə buna maraqlı deyillər. Qeydiyyatda tanınma rejiminə keçsək, bu yaxşı olar. Türkiyədə qeydiyyatdan keçən dərmanları niyə avtomatik qeydə almayaq və eyni qiymətə satmayaq? Müharibə dövründə gördük ki, elə dərman vasitələri var ki, ona hər gün ehtiyac var”.
Komitə sədri Əhliman Əmiraslanov deputat həmkarı Musa Quliyevin dərman preparatları ilə bağlı təklifinə qarşı çıxdı. “Musa müəllimin fikri ilə mən tamamilə razı deyiləm ki, hər hansı ölkədə qeydiyyatdan keçən dərman preparatı avtomatik olaraq ölkəmizdə qeydiyyata alınmalıdır. Ölkəyə gətirilən dərman preparatları çox ciddi şəkildə ölkəyə gətirilməli və qeydiyyatdan keçirilməlidir. Keyfiyyətli dərmanların ölkəyə gətirilməsi böyük problemdir”, komitə sədri bildirdi. Ə.Əmiraslanov dedi ki, hər hansı ölkədə qeydiyyatdan keçmiş dərman preparatlarının qeyd-şərtsiz ölkəyə gətirilməsi və satışa çıxarılması təhlükəli məsələdir: “Hər bir ölkənin özünün dərman siyasəti var. İcra hakimiyyətinin icazə vermədiyi dərman preparatlarının ölkəyə gətirilməsi çox təhlükəli vəziyyət yaradar. Bu işdə çox ehtiyatlı, təmkinli olmalıyıq. Götür-qoy edib bu məsələnin həllini tapmalıyıq”.

Deputat Əli Məsimli Milli Məclisin iclasındakı çıxışında Qarabağ qazilərinin üzləşdikləri çətinliklər, onları narahat edən problemlərdən danışdı. Bildirdi ki, Qarabağ qazilərinin əsasən, pensiya, müalicə məsələləri ilə bağlı problemlər var. Amma onların bəzi problemlərinin qısa müddətdə həlli mümkündür: “İnanın, elə problemlər var ki, onları hətta iclas başa çatanadək həll etmək mümkündür”.
Deputat Aydın Mirzəzadə şəhidlərimiz və şəhid ailələri ilə bağlı məsələlərə diqqət çəkdi. Bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş igidlərimizin bəziləri ali məktəb tələbələridir. A.Mirzəzadə dedi ki, onların bəzilərinin kəsirləri olduğu üçün diplomlarını ala bilməyiblər. Deputat təklif etdi ki, Prezidentin yüksək orden və medallarla təltif etdiyi şəhidlərimizin bir neçə fənndən kəsirlərinin olması nəzərə alınsın və onların diplomları ailələrinə təqdim olunsun.
Komitə sədri Zahid Oruc təklif etdi ki, MM-də xüsusi komissiya yaradılsın-istər qanunlarda və beynəlxalq aktlarda, eləcə də Böyük Qayıdışın gerçəkləşməsi zamanı 100 minlərlə insanın hüquqların təminatı sahəsində yeni sənədlərin hazırlanmasında aktiv iştirak etsin.
Komitə sədri Qənirə Paşayeva şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı danışdı. Bildirdi ki, təkcə Tovuz rayonu Vətən müharibəsində 70-dən artıq şəhid verib, ancaq onların adlarının əbədiləşdirilməsi məsələsi həllini tapmayıb. Bildirdi ki, Tovuz Rayon İcra Hakimiyyətindən də şəhid adlarının əbədiləşdirilməsi məsələsi ilə bağlı Nazirlər Kabinetinə müraciət ünvanlanıb: “Çox xahiş edərdik ki, Zəfər gününə qədər o müraciətlərə baxılsın. Zəfər gününədək bu müraciətlərə baxılması çox yaxşı olar”.
Deputat Azər Badamov Ali Baş Komandan İlham Əliyevin ali orden və ali rütbə ilə təltif edilməsilə bağlı təşəbbüslə çıxış etdi. O, bu məsələyə Milli Məclis tərəfindən baxılmasını təklif etdi: “Təklif edirəm ki, bununla bağlı qanun layihəsi hazırlansın və payız sessiyasının qanunvericilik işləri planına salınsın”.
Deputat Sahib Alıyev də bu təşəbbüsü dəstəklədi.
Təqribən iki saatlıq müzakirələrdən sonra Azərbaycan Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işlər planı təsdiqləndi.
Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar bəyanat qəbul etdi. Deputat Nizami Səfərovun təqdim etdiyi bəyanatda deyilir: “Xüsusi narahatlıq doğuran cəhət budur ki, bəzi dövlətlər öz maraqlarını həyata keçirmək vasitəsinə çevirdikləri münaqişəyə son qoyulması ilə barışmaq istəmirlər. Bu dövlətlər öz bəyanatları və hərəkətləri ilə regionda sülh və sabitliyin bərqərar edilməsinə, əslində, mane olurlar. ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyətinin bərpa edilməsinə cəhdlər göstərilir, Qarabağda 20-30 min erməninin yaşadığı əraziyə ayrıca status verilməsi barədə iddialar irəli sürülür”.

Deputat Razi Nurullayev müharibə iştirakçılarının sosial vəziyyəti barədə danışdı və işsizlik problemi nəzərə alınmaqla onların sosial güzəranının yaxşılaşdırılmasına yönəlik əlavə tədbirlər görməyə çağırdı. R.Nurullayev qeyd etdi ki, yeganə çarə onlara peşəyə və təhsilə cəlb etməkdir: “Müharibə iştirakçılarına cavab vermək olmur, hamısı iş istəyir, çörək istəyir. Yaralı müharibə iştirakçılarının çoxu əliilik dərəcəsi almaq istəyir. Əgər onlara yüksək maaşlı iş təklif olunsa, inanıram ki, əllillik dərəcəsi almaq üzərində bu cür savaş başlamaz. Çıxış yolu isə dövlət proqramı vasitəsilə onların əksəriyyətinin peşəyə və təhsilə cəlb edilməsidir”.
Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə olundu. Qanun layihəsini komitə sədri Ziyafət Əsgərov təqdim etdi.
Deputat Fəzail Ağamalı “Bir millət, iki dövlət”in əməkdaşlığının perspektivlərindən bəhs etdi. Qeyd etdi ki, torpaqlarımızın işğaldan azad edilməsində qardaş Türkiyənin çox mühüm rolu olub. F.Ağamalının sözlərinə görə, Türkiyə Prezidenti R.T.Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin 44 gün ərzində Azərbaycanla bir yerdə olması qələbəmizdə müstəsna rol oynayıb. “Uzun illər ərzində ermənilərin yanında olan və işğalçı ölkəyə yardım edən ölkələr qələbəmizi həzm edə bilmir”, – deyə deputat bildirid. F.Ağamalı dedi ki, xüsusilə “İran beynəlxalq hüquq qaydalarını pozaraq, erməni tör-töküntülərə yardımlar etdiyini, bunu riyakarlıqla ört-basdır etməyə çalışır, hətta bizə hədə-qorxu gəlməkdən çəkinmir”.
Milli Məclisdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrində edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihəsi müzakirə olundu.

Qanun layihələrini komitə sədri Musa Quliyev təqdim etdi. Komitə rəhbəri dövlətin şəhid ailələrinə diqqət və qayğı istiqamətində atdığı addımlar, görülən işlərdən bəhs etdi. Bildirdi ki, qanunvericiliyə əsasən, şəhid ailələrinə ayrılan vəsait 300 manatdan 500 manatadək artırılıb. Eyni zamanda sosial iş yerləri ilə bağlı da şəhid ailələrinə xüsusi imtiyaz tanınır. Komitə sədri dedi ki, şəhid ailələrinə verilən aylıq 21 manat kommunal pulu 200 manat artırılan təqaüdlə əvəz olunub. Deputat qeyd edib ki, valideyn himayəsindən məhrum olan uşaqlara verilən 5 manat məbləğində vəsait valideynə verilən 200 manatlıq və 80 manatlıq aylıq təminatla əvəzlənir: “Hər iki qanun layihəsi sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial müdafiəsini dəstəkləmək mahiyyəti daşıyır”.
Deputat Fazil Mustafa çıxışında bildirdi ki, müavinətlərin 300 manatdan 500 manata qədər artırılması mühüm addımdır. Ardınca deputat qeyd etdi ki, sosial iş yerlərində təklif olunan müavinətlərin məbləği aşağıdır. F.Mustafa şəhid ailələrinə dəstək tədbirləri olaraq diqqəti daha çox özəl sektora yönəltməyi zəruri saydı.
F.Mustafa digər məsələyə də diqqət çəkdi: “Bizim küçədə hər hansı bir uşaq qalmamalıdır. Onlar ya valideynlərini itirmiş, ya da hansısa bandalar tərəfindən küçələrə salınmış uşaqlardır”, deyən F.Mustafa sahibsiz uşaqlarla bağlı da tədbirlər görməyə çağırdı. Deputat bildirdi ki, uşaqlara diqqət göstərən və nəzarət edən xüsusi mexanizm qurulmalıdır: “Küçədə hər hansı bir şəkildə sahibsiz uşağın olması anlayışı yığışdırılmalıdır. Bu faktlar varsa, deməli, hansısa qurumlar öz işlərini düzgün icra etmirlər. Sabah bu uşaqlar insan alveri qurbanlarına çevrilə bilərlər”.
Deputat Etibar Əliyev Milli Məclisin müzakirəsinə çıxarılan qanun layihəsində təhsillə bağlı güzəştlərdən danışdı. Şəhidlərimizin əksəriyyəti məktəb yaşındadır: “Ona görə də ali təhsillə yanaşı, özəl orta məktəblərdə də şəhid ailələrinə güzəştlər nəzərdə tutulmalıdır. Hamı bilir ki, bu məktəblər məmurlara, yaxud da keçmiş məmurlara məxsusdir. Bu məktəblərdə təhsil haqqı 7 mindən 20 min manata qədərdir. Hesab edirəm ki, şəhid övladlarının burada təhsil alması həmin şəxslərin büdcəsinə o qədər də təsir etməz”. E.Əliyev digər vacib məsələyə də toxundu: “Şəhid ailələrinin ən böyük arzusu onların övladlarının adlarının əbədiləşdirilməsidir”. Deputat seçildiyi dairədə də bununla bağlı çoxsaylı müraciətlərin olduğunu dedi. Həmçinin E.Əliyev Milli Məclisin İşlər İdarəsinə qazi ailələrdən birinin nümayəndəsinin işə götürülməsinə görə parlament sədrinə təşəkkürünü bildirdi. Spiker Sahibə Qafarova dedi ki, qazinin özü işə götürülüb və bu istiqamətdə işlər davam etdiriləcək.
Deputat Qənirə Paşayeva da güzəşt kateqoriyasına özəl məktəblərin də aid edilməsini zəruri saydı, bu istiqamətdə addımların atılmasını xahiş etdi.
Deputat Vahid Əhmədov dövlətin şəhid ailələrinə göstərdiyi həssas münasibət və atılan addımlarla bağlı məmnuniyyətini ifadə etdi. Bildirdi ki, bunlar çox mühüm addımlardır. “Ancaq Birinci Qarabağ müharibəsində də bizim kifayət qədər şəhidlərimiz var. Bir misal çəkmək istəyirəm: Birinci Qarabağ müharibəsində Quba rayonundan 235 şəhidimiz var. İkinci Qarabağ müharibəsində isə 49 şəhidimiz var. Hörmətli Sədr, xahiş edirəm bu məsələlər müzakirə olunanda Birinci Qarabağ müharibəsinin şəhidlərinin ailələrinin də müraciətlərinə baxılsın və nəzərə alınsın. Çünki həmin ailələrdən də çoxlu müraciətlər var”.
Komitə sədri Musa Quliyev bildirdi ki, qanunvericilik aktlarında Birinci, ya İkinci Qarabağ müharibəsi ifadələri yoxdur. Onların hər birinə eyni yanaşmalar var. Ancaq komitə sədri təsdiqlədi ki, xüsusilə mənzil məsələləri ilə bağlı onların problemləri var.
Elşad PAŞASOY,
“Yeni Müsavat”

