Siyasət 

Prezident İlham Əliyevin Beyləqana səfəri Azərbaycanın qazandığı bütün uğurların təməlində xalq-iqtidar birliyinin dayandığını bir daha sübut etdi

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin Beyləqana səfəri Azərbaycanın qazandığı bütün uğurların təməlində xalq-iqtidar birliyinin dayandığını bir daha sübut etdi. Dövlət, dövlət başçısı hər zaman xalqının, hər bir vətəndaşının yanındadır, hər bir vətəndaşına arxa-dayaqdır, xalq isə hər zaman onu dəstəkləyir. Xalq bu dəstəyini ölkə rəhbərinin Beyləqana səfəri zamanı növbəti dəfə nümayiş etdirdi.

Bu gün Azərbaycan bölgənin ən uğurla inkişaf edən ölkəsidir. Onun sürətli və hərtərəfli tərəqqisinə, qazandığı davamlı uğurlara hətta dünyanın inkişaf etmiş ölkələri belə həsəd apara bilər. Bu, reallıqdır. Bu reallığı yaradan və şərtləndirən əsas səbəblər isə qətiyyətli lider, müdrik rəhbər və xalq-iqtidar birliyidir. Siyasi kursunun əsasında Azərbaycan vətəndaşı dayanan, “Mən öz xalqımın xidmətçisiyəm deyən” Prezident İlham Əliyev özü də dəfələrlə bəyan edir ki, bizim uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır. Dövlət xalqa xidmət edir, onun həyatının, rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl islahatlar aparır, davamlı tədbirlər görür, xalq isə ona xidmət edən dövlətini dəstəkləyir. Prezident İlham Əliyevin bölgələrə davamlı səfərləri, bu səfərlər zamanı daha çox sadə vətəndaşlarla görüşləri, onlarla səmimi təmasları, insanların problemlərini, qayğılarını, məhz onların özlərindən öyrənməsi, bu problemlərin həlli yolunda yerində və zamanında tapşırıqlar verməsi və sonra problemlərin həlli ilə maraqlanması onu xalqının inanılmış liderinə, sevimlisinə çevirib. Dövlət başçısının Beyləqan rayonuna səfəri bunu bir daha sübut etdi. Xalq öz rəhbərini böyük coşğu və sevgi ilə qarşıladı.

Bu dəfə də öz məramına sadiq qalan dövlət başçısı sadə sakinlərlə görüşə üstünlük verdi. Bu görüş isə sakinlər üçün əsl bayrama çevrildi. Prezidentin onlarla birgə “Azərbaycan” mahnısını oxuması bu görüşün ən unudulmaz anına çevrildi.

Prezident bir sıra obyektlərin açılışında iştitak etdi. Bu obyektlər bundan sonra sakinlərin ixtiyarında olacaq, onların rifahının yaxşılaşmasına xidmət edəcək. Olimpiya İdman Kompleksi, xüsusilə gənclərin həyatına yeniliklər gətirəcək, onların məşğulluğunda mühüm rol oynayacaq. Dövlət başçısı səfəri çərçivəsində bu gün dünyanın ən qüdrətli orduları sırasında olan Azərbaycan Ordusunun əsgərini də unutmadı, onların xidməti ilə maraqlandı, Ali Baş Komandanın əsgərlərlə birgə nahar etməsi isə Prezidentin öz əsgərini əzizləməsinin, ona məxsusi diqqət və qayğısının nümunəsinə çevrildi…

Beləliklə, Prezident İlham Əliyevin Beyləqan səfəri xalq-iqtidar birliyinin daha bir bariz nümunəsi kimi yadda qaldı və bir daha göstərdi ki, heç bir qüvvə bu sarsılmaz birliyi poza bilməz. Ən bədniyyətli, ən güclü düşmən belə xalqın öz liderinə, öz rəhbərinə, öz prezidentinə bu cür ali sevgisinin qarşısında acizdir…

Daha çox xəbərlər