Cəmiyyət 

Sadə toylara qayıtmaq problemi – Kulturoloqdan fərqli BAXIŞ: “Kim dəbdəbə istəyirsə…”

“Son vaxtlar Azərbaycanda toylar öz mahiyyətindən uzaqlaşıb, daha çox dəbdəbə və şouya çevrilib. Bu isə həm maddi, həm mənəvi, həm də psixoloji baxımdan insanlara və cəmiyyətə mənfi təsir göstərir. Dünyanın bir çox sivil ölkəsində toylar 50–60 nəfərin iştirakı ilə sadə formada keçirilir”.

Bunu Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı toyların dəbdəbəli keçirilməsi barədə danışarkən deyib (Axar.az).

Onun sözlərinə görə, toyun mahiyyəti ailə qurulmasının qeyd olunmasıdır: “Toy şou və ya konsert deyil, dəbdəbə və zənginlik nümayişi və ya insanları borc və kreditə salan mərasim də olmamalıdır. Gənclər yüksək toy xərclərini ödəyə bilmədikləri üçün evliliyi təxirə salmaq məcburiyyətində qalır. Buna görə də sadə və az xərcli toylar keçirilməlidir, çünki toy mənəvi dəyərlər üzərində qurulmalıdır. Bu mərasim pul xərcləmə yarışı və ya göstərişə çevrilməməlidir, əks halda bu yanaşma həm ailələrin qurulmasında, həm də maddi vəziyyətdə ciddi problemlər yaradır. Bu səbəbdən toylar yalnız nikahın rəsmiləşməsi və ailə qurulmasının qeyd olunması kimi, ən yaxın insanların iştirakı ilə – oğlan və qız tərəfdən ümumilikdə 50–60 nəfərdən çox olmamaq şərti ilə keçirilməlidir”.

Sosioloq vurğulayıb ki, yaxın qohumların, bir neçə dostun, qonşunun və iş yoldaşının iştirakı ilə sadə toyların keçirilməsi daha məqsədəuyğun olar. Belə mərasimlərdə artıq və lazımsız xərclər, “şou” və pul tələləri yığışdırılmalı, nikahın rəsmiləşməsi, təbriklər, sadə süfrə və bir az musiqi-rəqs kifayət etməlidir, çünki toya yazılan pullar da çox vaxt yeni ailəyə dəstək yox, müxtəlif xidmət sahiblərinin qazancına çevrilir.

Elçin Bayramlı qeyd edib ki, Azərbaycan toylarının ənənəvi forması əslində sadə olub: “Ailənin qurulması yaxın insanların iştirakı ilə keçirilən bir mərasim idi, buna görə də son 20–30 ildə formalaşan bu şou və biznes xarakterli modeldən imtina edərək ənənəvi və sadə qaydalara qayıtmaq daha düzgün olar”.

Amma buna necə nail olmalı ki, gənclər də evlənməyi təxirə salmasınlar? Dövlət bu işdə hansı köməyi göstərə bilər?

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov Musavat.com-a danışıb. Kulturoloq sosioloqun fikirləri ilə müəyyən mənada razılaşmadığını deyib: “Azərbaycan toyları şübhəsiz ki, milli sivilizasiya yolumuzda, ümumiyyətlə, Azərbaycanın genetik şifrəsində özünə yer etmiş çox böyük bir hadisədir. Vaxtilə insanları birləşdirən, onları sosiallaşdıran, bir-birinə kömək və yardımlaşma kimi məsələləri biz məhz toy və yas mərasimlərində olub.

Sovet dövründə insanlar iclaslarda, tədbirlərdə, iməciliklərdə, məhsul bayramlarında və digər dövlət tədbirlərində bir araya gəlirdi. Üstəlik, valideyn iclasları və buna bənzər toplantılar da mövcud idi. İndi isə bunların əksəriyyəti artıq yoxdur. Bütün bunları özündə müəyyən mənada birləşdirən, geniş cəmiyyəti əhatə edən məhz toy mərasimləri, eyni zamanda yaslarla bağlı mərasim və tədbirlərdir. Azərbaycan insanı toyda bir-biri ilə tanış olur, müəyyən yarışmalarda iştirak edir, sevinir, öz gələcək subay övladı üçün tərəf müqabili axtarır. Eyni zamanda, yeni tanışlıqlar, dostluq əlaqələri yaranır. Biz insanların internetdə, sosial şəbəkələrdə və smartfonlarda həbs edilməsinə qarşı toy və toy mərasimlərini qoymalıyıq.

Azərbaycan toyları, hətta böyük pulların xərclənməsi də daxil olmaqla, Azərbaycan cəmiyyətinin nəhəng bir hadisəsinə çevrilərək onun bütövlüyünün təşkilində mühüm rol oynamağa başlayıb. Toyda insanlar canlı olaraq bir-biri ilə ünsiyyət saxlayır, söhbət edirlər. Toy əslində, əvvəldən də müəyyən mənada dəbdəbəli və şou xarakterli olub. Əgər çadır qurulursa, yeməklər verilirsə, rəqslər edilir, mahnılar oxunursa, insanlar bir-biri ilə hətta mübahisə və dava-dalaş edirsə, deməli, bu artıq şou xarakterli bir hadisədir.

15 il əvvəl mənə Azərbaycan toyları ilə bağlı sual verilsəydi, bəlkə də sosioloq Elçin Bayramov kimi tənqid edər, 300-400 nəfərin toya dəvət edilməsinin qəti əleyhinə olardım. Amma indi fikrim dəyişib. İnsanlar toyda bir-birini görməlidirlər. Real həyatda bir-birini görməyən qohum-əqrəba heç olmasa üzdən tanış olmalıdır. Heç bilirsinizmi ki, indiki uşaqların əksəriyyəti öz yaxın ailə üzvlərindən başqa digər qohumlarını, əqrəbalarını, hətta qonşularını tanımır? Onlarla ünsiyyət saxlamır, sanki soyuq daşa çevriliblər. Bizim gənclərimiz üçün bəzən əmi, xala, bibi, dayı kimi anlayışlar belə zarafat və lağlağı obyektinə çevrilib. Halbuki bunlar insan münasibətlərinin təməlidir”.

Gənclərə "toy tutan" toylarımız: Yüz milyonlar DÖVR EDİR...

Aydın Xan Əbilovun fikrincə, kiminsə imkanı varsa və dəbdəbəli toy etmək istəyirsə, onu tənqid etmək doğru deyil: “Kim buna qadağa qoya bilər? Bizim mentalitet bunu qadağan edə bilməz. Bəli, toylarımızın həddindən artıq dəbdəbə ilə müşayiət olunmasının, 50-100 min manat qonorar alan müğənnilərin dəvət edilməsinin əleyhinəyik. Lakin toy iki gəncin ailə qurmasının həyatdakı ən önəmli hadisələrindən biridir və bu hadisəyə görə insanları tənqid etmək doğru deyil.

Qoy toy olsun, yeməklər verilsin. Toy şou xarakterli təşkil edilmiş bir hadisədir. Orada aşpazlar, musiqiçilər, rəqqaslar öz məharətlərini göstərirlər. Gənclər öz rəqs bacarıqlarını nümayiş etdirir, əylənir, oyunlar qururlar. Xanımlarımız gözəl geyimləri, zinət əşyaları və zövqləri ilə fərqlənməyə çalışırlar. Belə gözəl bir hadisəni biz niyə qadağan etməliyik?

Azərbaycan toyları bizi digər xalqlardan fərqləndirən mühüm mədəniyyət və sivilizasiya hadisəsidir. Bizdə toylar hətta müəyyən mənada konsert xarakteri daşıyır. Müğənnilər canlı ifalar təqdim edir, insanlar rəqs edir. Oturaq həyat tərzinin sağlamlığa mənfi təsir göstərdiyi bir dövrdə insanlar məhz toyda hərəkət etməyə məcbur olurlar. Eyni zamanda, canlı ünsiyyətin, emosiyaların və duyğuların paylaşılması da ən çox toy mərasimlərində baş verir”.

Daha çox xəbərlər