Cəmiyyət 

Güclü külək zamanı ictimai təhlükəsizlik: Hansı davranışlar həlledicidir?

Ekspert: Zəruri ehtiyac yoxdursa, səfərlər və açıq havada planlaşdırılan fəaliyyətlər təxirə salınmalıdır

İqlim dəyişikliklərinin təsiri nəticəsində son illərdə dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinin sayı və intensivliyi artmaqdadır. Güclü küləklər, leysan yağışlar, qasırğalar, daşqınlar və digər təbiət hadisələri artıq təkcə müəyyən coğrafi ərazilər üçün xarakterik hesab edilmir. Bu cür hava şəraiti insanların gündəlik həyatına, iqtisadi fəaliyyətə, nəqliyyat sisteminə və şəhər infrastrukturuna birbaşa təsir göstərən amillərdən birinə çevrilib. Azərbaycan da bu proseslərdən kənarda deyil. Müxtəlif dövrlərdə ölkə ərazisində müşahidə olunan güclü küləklər nəqliyyatın hərəkətində çətinliklər yaradıb, ağacların qırılmasına, dam örtüklərinin qopmasına, elektrik enerjisinin verilişində fasilələrin yaranmasına və digər xoşagəlməz hadisələrə səbəb olub.

Xüsusilə böyük şəhərlərdə və insanların sıx məskunlaşdığı ərazilərdə güclü küləyin yaratdığı risklər daha qabarıq şəkildə hiss olunur. Hündürmərtəbəli yaşayış binalarının, tikinti obyektlərinin, reklam konstruksiyalarının və müxtəlif infrastruktur elementlərinin mövcudluğu təhlükə ehtimalını artırır. Küləyin təsiri ilə qopan tikinti materialları, qırılan ağaclar və ya yerindən çıxan müxtəlif konstruksiyalar həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yarada bilər. Bəzən bir neçə saniyəlik diqqətsizlik və ya təhlükəsizlik qaydalarına əməl edilməməsi insan sağlamlığı üçün ağır nəticələrə gətirib çıxarır.

Təhlükə çox vaxt gözlənilməyən yerdən gəlir

Mütəxəssislərin fikrincə, güclü küləyin yaratdığı təhlükələrə qarşı mübarizədə ən vacib amillərdən biri qabaqlayıcı tədbirlərin görülməsidir. Hava şəraiti ilə bağlı edilən rəsmi xəbərdarlıqların izlənilməsi, risklərin düzgün qiymətləndirilməsi və zəruri hallarda hərəkət planlarının dəyişdirilməsi insanların təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Xüsusilə küləyin sürətinin yüksək olduğu günlərdə açıq məkanlarda davranış qaydalarına diqqət yetirilməsi, təhlükə yarada biləcək obyektlərdən uzaq durulması və nəqliyyat vasitələrinin təhlükəsiz yerlərdə saxlanılması vacib hesab olunur.

Müasir dövrdə təhlükəsizlik anlayışı təkcə hüquq-mühafizə və ya fövqəladə hallar sahəsi ilə məhdudlaşmır. İnsanların təbii hadisələr zamanı düzgün davranış vərdişlərinə malik olması da təhlükəsizlik mədəniyyətinin mühüm tərkib hissəsidir. Bu baxımdan vətəndaşların maarifləndirilməsi, risklər barədə məlumatlandırılması və fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsinin artırılması xüsusi əhəmiyyət daşıyır. Çünki təbiət hadisələrinin qarşısını almaq mümkün olmasa da, onların yarada biləcəyi fəsadları minimuma endirmək və insan həyatını qorumaq düzgün davranışdan və vaxtında görülən tədbirlərdən asılıdır.

Bəs güclü küləkli hava şəraitində vətəndaşlar hansı təhlükəsizlik qaydalarına əməl etməlidirlər? Belə günlərdə hansı risklər daha çox nəzərə alınmalıdır?

Bir qərar bəzən böyük riskin qarşısını alır

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, güclü küləkli və ümumilikdə əlverişsiz hava şəraitində vətəndaşlar təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər ki, hər hansı xoşagəlməz hadisə ilə üzləşməsinlər: “Əgər zəruri ehtiyac yoxdursa, səfərləri və açıq havada planlaşdırılan fəaliyyətləri təxirə salmaq daha məqsədəuyğundur. Lakin hərəkət etmək vacibdirsə, həm piyadalar, həm də sürücülər hava şəraitinin yarada biləcəyi riskləri mütləq nəzərə almalıdırlar.

Xüsusilə çoxmənzilli yaşayış binalarının, tikinti sahələrinin, reklam lövhələrinin və müxtəlif müvəqqəti konstruksiyaların yaxınlığında hərəkət edərkən ehtiyatlı olmaq lazımdır. Güclü külək nəticəsində dam örtüklərinin, üzlük materiallarının, ağac budaqlarının və digər konstruksiya elementlərinin qoparaq insanlara xəsarət yetirməsi ehtimalı mövcuddur. Bu səbəbdən belə ərazilərdən mümkün qədər uzaq durmaq tövsiyə edilir.

Nəqliyyat vasitələrinin park edilməsi zamanı da diqqətli olmaq vacibdir. Avtomobilləri ağacların, köhnə tikililərin, reklam lövhələrinin və ya aşma riski olan digər obyektlərin yaxınlığında saxlamaq məqsədəuyğun deyil. Mümkün olduqda nəqliyyat vasitələri qapalı dayanacaqlarda və ya təhlükəsiz ərazilərdə saxlanılmalıdır”.

Xəbərdarlıqlara laqeyd yanaşmaq olmaz

Ekspert onu da qeyd etdi ki, valideynlər  güclü küləkli hava şəraitində uşaqları nəzarətsiz qoymamalı, onların açıq məkanlarda tək hərəkət etmələrinə imkan verməməlidirlər: “Eyni zamanda, aidiyyəti qurumların hava şəraiti ilə bağlı etdiyi xəbərdarlıqlar və təhlükəsizlik çağırışları diqqətlə izlənilməli, verilən tövsiyələrə əməl olunmalıdır.

Ümumilikdə, hava şəraiti ilə bağlı riskləri düzgün qiymətləndirmək, zəruri olmayan səfərləri təxirə salmaq və elementar təhlükəsizlik qaydalarına riayət etmək mümkün təhlükələrin qarşısını almağa və insanların öz təhlükəsizliyini təmin etməsinə yardımçı olur”.

Nigar Orucova, “İki sahil”

Daha çox xəbərlər