Cəmiyyət 

Əmanətlər artır, biznes pulları azalır – Bank sektorunda nə baş verir?

Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 337,5 milyon manat olub. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəli ilə müqayisədə 0,9 %, ötən il mayın 1-nə nisbətən isə 0,2 % azdır.

Depozit portfelinin 47,4 %-i, yaxud 19 milyard 608,2 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 15,6 % azdır. İl ərzində ev təsərrüfatlarının əmanətləri 18,8 % artaraq 17 milyard 641,9 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 22 % artaraq 4 milyard 87,4 milyon manata çatıb. Hesabat dövründə cəmi depozitlərin 22 milyard 169,3 milyon manatı (1 il əvvələ nisbətən 4,1 % az) qısamüddətli, 19 milyard 168,1 milyon manatı (4,7 % çox) isə uzunmüddətli olub.

Depozitlərin azalma səbəbi faizlərin azlığı, yoxsa vətəndaşlarda yetərli vəsaitin olmaması ilə bağlıdır?

Hüquqşünas Əkrəm Həsənov Musavat.com-a bildirib ki, depozit portfeli vətəndaşlarla yanaşı, sahibkarların, şirkətlərin, hətta bankların, yaxud bank olmayan kredit təşkilatlarının bir-birində saxladığı pullardır.

O, şərhində ekspert qeyd edib ki, Azərbaycan banklarındakı 41 milyard 337,5 milyon manatın 17 milyard 600 milyonu vətəndaşların əmanətləridir: “Qalan pullar isə depozitdir, yəni sahibkarların pullarıdır. Onların da bir hissəsi banklarda saxlanmalıdır. Qanunvericiliyə görə, şirkətlərin bir hissəsi ayda 15 min, digərləri isə 30 min manatdan artıq nağd ödəniş edə bilməz. Bu, bankdan pul çıxarılmasının qarşısını almaq üçündür.

Əslində, qanun düzgün tətbiq edilmir. Sahibkarları pulu banklarda saxlamağa məcbur etmək doğru yanaşma deyil. Vətəndaşlara gəldikdə isə, əslində, bank əmanətləri artıb – bu ilin əvvəlinə 17 milyard manata yaxın idisə, artıq 17 milyard 600 milyondan çoxdur. Vətəndaşların əmanətləri ona görə artıb ki, pullarını qoymağa başqa yer yoxdur. Əmanət qoyan yalnız Azərbaycan vətəndaşları deyil, həm də xarici vətəndaşlardır. Bəlkə də öz adlarına deyil, kimlərinsə adına qoyurlar. Onlar arasında Rusiya və Gürcüstanda yaşayan azərbaycanlılar var. Xaricilər bizim banklara ona görə əmanətlər yerləşdirirlər ki, bankda faizlər yüksəkdir – milli valyutada 11-12 faiz, yəni qazanc əldə edirlər”.

Ə.Həsənov hesab edir ki, depozit həcmində azalma vətəndaşların əmanətlərinin deyil, biznesin pulunun azalması ilə bağlıdır. “Bu da onunla bağlıdır ki, iqtisadi aktivlik zəifləyir, sahibkarların pulu getdikdə azalır. Banklarda da pul azalır və bu proses davam edəcək”, – deyə o, qeyd edib.

Nigar Həsənli,
Musavat.com

Daha çox xəbərlər