Ötən il bu vaxt yaralılara qulluq edən sanitar: “Onları saxlaya bilmirdik, döyüşə can atırdılar”
Zülfiyyə Həsənova həm birinci, həm də ikinci Qarabağ müharibəsinə şahidlik edib. O, 1993-cü ildə çaşqın, üzgün vəziyyətdə doğma yurdunu, doğulub-böyüdüyü evi tərk etməli olub, ötən il isə cəbhə bölgəsinə yaxın yerləşən xəstəxanada Vətən müharibəsinin iştirakçılarına qulluq edib. Z.Həsənova ilə ötən il bu günlərdə baş verənlər barədə söhbətləşdik.
– Vətən müharibəsinin birinci ildönümündə o günləri necə xatırlayırsınız?
– Mən Füzuli rayonundan məcburi köçkün düşmüşəm. Yuxarı Əbdürrəhmanlı kəndində doğulub böyümüşəm. İllərlə Sabirabad rayonunda çadır şəhərciyində yaşamışıq. 2007-ci ilin dekabr ayından isə Füzuli rayonunda salınmış 2-ci Zobucuq qəsəbəsində məskunlaşmışam. 6 ildir Füzuli rayon mərkəzi xəstəxanasında cərrahiyə şöbəsində xidmətçi işləyirəm. Bu 6 ildə xəstəxanada çox hadisələrin şahidi olmuşam, amma Vətən müharibəsində gördüklərim tamam başqa idi. 44 gündə gördüklərimi həyatım boyu unutmayacağam.
– Cəbhə xəttinə yaxın ərazidə yaşayırsınız. Atışma səslərinə öyrəşmişsiniz. Lakin ötən ilin 27 sentyabrında eşidilən atəş səsləri başqa cür oldu. Müharibə başlamışdı…
-Səhəri atışma səsləri ilə açdıq. Toplardan atəş açılırdı. Həmin gün birbaşa işə getdik. Artıq yaralıları gətirirdilər. Onlara qulluq edirdik. İlk gün yaralıların sayı o qədər də çox deyildi, ən çoxu 10-15 nəfər. Hərbi hospital da var idi. Bu səbəbdən ilk günlər bizə çox yaralı daxil olmurdu. Günlər keçdikcə vəziyyət dəyişməyə başladı.
-Xəstəxananın şəraiti necə idi?
-Bizim xəstəxanada cəmi 2 cərrahiyyə otağı var idi. Bakıdan, Sumqayıtdan könüllü həkimlər, tibb bacıları gəlmişdi. Öz həkimlərimiz də canla-başla işləyirdilər. Özləri üçün aldıqları şirniyyatları belə yaralılara verirdilər. Bütün xəstəxana heyəti gecə-gündüz yatmırdı. Sarğı otaqlarında da şərait gərgin idi. Xırda qəlpələri o otaqlarda çıxarırdılar. Hərbçilərimizin ayaqlarını yuyurduq, qanını silirdik, palçıqlı geyimlərini təmizləyirdik. Yaralılar bir gün yatıb,növbəti gün başqa yerə göndərilirdi. Bizim gücümüz yalnız ilk yardıma çatırdı. Müalicə üçün başqa xəstəxanalara göndərməyə məcbur idik.
Xüsusilə, son günlər üçmərtəbəli xəstəxanamız tam dolu idi. Yer çatışmırdı,yaralıları dəhlizlərdə yatırdırdıq. Foyelərdə divan,kreslo düzüb,orda da şərait yaradırdıq. Paltarlarını dəyişirdik,isti yemək,isti çay verirdik ki, canları qızsın. Günlərlə soyuq havada, dağlıq ərazilərdən donmuş vəziyyətdə gətirilənlər var idi. Ayaqlarını isti suya qoyurduq ki, donu açılsın. İş bölgüsü yox idi. Yorulmurduq. Yemədən, içmədən, yuxusuz işləyirdik. Yadımıza da düşmürdü. Aclıq,yorğunluq bilmirdik. Evə də getmirdik. Çox ağır yaralıları isə Füzuli diaqnostika mərkəzinə aparırdılar. Bakıdan beyin cərrahı, plastik əməlliyyatlar edən cərrah gəlmişdi. Orada əməliyyat daha çox olurdu, çünki 4 cərrahiyyə otağı vardı.
– Bir çox tibb işçiləri danışırlar ki, hərbçilər yaralı olmalarına baxmayaraq, döyüşə qayıtmaq istəyirdilər. Elə epizodların şahidi olmusunuz?
– Bəli. Yaralı əsgərlər ilk müayinə zamanı deyirdilər ki, yaram təhlükəli deyilsə, tez sarıyın, gedim, döyüşüm. Cərrahi əməliyyatdan sonra özünə gələn kimi hərbçilərin tez sağalmağa can atırdılar. Bir çoxunui saxlamaq olmurdu, qayıdıb döyüş yoldaşlarına qoşulmaq istəyirdilər. Söz-söhbətləri yalnız Qarabağı qaytarmaq idi. Can verəndə son sözləri də Qarabağ olurdu. Qucağımızda şəhid olan əsgərlər hər zaman gözümüzün önündədir.
-Xəstəxanaya yardım edənlər olurdu?
-Hər kəs əlindən gələni əsirgəmirdi. Xəstəxanaya xörək bişirmək üçün ət gətirən kim, ərzaq gətirən kim,yorğan-döşək gətirən kim…Yorğan-döşəyi foyeyə döşəyirdik… Bütün xalq ayağa qalxmışdı. Şükür ki, qalib gəldik.
***
Müsahibəni yekunlaşdırıb qəsəbəni tərk edəndə təpəlikdə səngərlər qazıldığını müşahidə etdim. Müharibə dövründə qəsəbənin kişiləri səngərlər qazıb, gecə-gündüz keşik çəkiblər.
Zobucuq qəsəbəsinin girişində yol kənarında şəhidlərin xatirəsini əbədiləşdirmək üçün lövhə vurulub. Vətən müharibəsi şəhidləri arasında Zobucuq qəsəbə sakinləri də olub: Elgün Paşayev, Əli Cəfərli, Vüsal Məmmədov…
Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin!
Nigar Həsənli
Fotolar müəllifindir
Musavat.com










