Sosial 

Yoluxma artır: Səbəb nədir və hansı addımlar atılmalıdır?

Məlum olduğu kimi, son günlər təhsil müəssisələrində koronavirus infeksiyasına yoluxma halları artıb. Demək olar ki, hər gün bir neçə sinif və ya qrupların distant təhsilə keçməsi ilə bağlı qərar verilir. Hazırda Azərbaycanda fəaliyyət göstərən 4435 məktəbdə 85 626 sinif var. Sentyabrın 22-də ənənəvi tədris bərpa olunandan sonra 344-ə yaxın sinif və 9 məktəb COVID-19 yoluxma faktına görə distant təhsilə keçib. Görünür ki, distant təhsilə keçən siniflərin sayı 0.5 faiz ətrafındadır.

Bəs, yoluxmada artım bu cür davam edərsə, məktəblər, universitetlər yenidən bağlana bilərmi?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, son günlər yoluxmanın artmasına səbəb bir çox sahələr üzrə məhdudiyyətlərin tamamilə aradan qaldırılması oldu: “Artıq metroların, şənbə-bazar günləri ictimai nəqliyyatın işləməsi, kinoteatrların açılması, ali və orta məktəblərin əvvəlki qaydada ənənəvi tədrisə qayıtması yoluxmanın artmasına gətirib çıxarıb. Digər bir məsələ isə vətəndaşlarımızın müəyyən olunmuş qaydalara əməl etməmələridir. Yəni, biz bu gün də metroda, ictimai nəqliyyatda, bir sözlə sıxlıq daha çox olan yerlərdə vətəndaşların tibbi maska taxmadıqlarının və gigiyenik qaydalara əməl etmədiklərinin şahidi oluruq. Hətta yoluxmanın azaldığı günlərdə bəzi vətəndaşlarda belə bir fikir yarandı ki, artıq xəstəlik geridə qalıb, bununla da onlar əvvəlki həyatlarına qayıda bilərlər. Sözsüz ki, bütün bunlar yoluxmanın artmasına gətirib çıxardı”.

Deputat onu da qeyd edib ki, yoluxmanın artmasının əsas səbəblərindən biri də məktəblərin açılması oldu: “Əgər yoluxma çox sürətlə artarsa ali və orta məktəblərin yenidən bağlanması qaçılmazdır. Bildiyimiz kimi, bütün qərarlar Operativ Qərargah tərəfindən verilir. Əgər hər hansı bir təhlükə hiss olunarsa, yoluxma sürətli şəkildə artarsa məsələyə mütləq baxılacaq və müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Bununla da məktəblərin distant təhsilə keçirilməsi məsələsi də nəzərdən keçirilə bilər. Bütün vətəndaşlara demək istəyirəm ki, biz hələ də virus təhlükəsi ilə üz-üzəyik. Hər birimiz özümüzü, yaxınlarımızı mütləq qorumalıyıq, diqqətli olmalıyıq. Qoyulan bütün qayda-qanunlara hamılıqla riayət etməliyik ki, bu bəladan tezliklə yaxa qurtaraq və əvvəlki normal həyatımıza qayıda bilək”.

Təhsil eksperti Kamran Əsədov isə qəzetimizə açıqlamasında bildirib ki, hal-hazırda payız fəslidir və mövsümi xəstəliklər var. Amma bütün hərarəti olanların, öskürənlərin koronavirus infeksiyasına yoluxması qənaətinə gəlmək düzgün deyil: “2019-cu ilin eyni dövrünün rəsmi rəqəmlərinə baxsaq, görərik ki, həmin vaxt 33897 azyaşlı uşaqlarda qrip, yuxarı nəfəs yollarının infeksiyası, angina, sətəlcəm, bakterial dizinteriya və s xəstəliklər müşahidə edilib. Çox təəssüflər olsun ki, 2019-cu ildə bu və ya digər xəstəliklərdən vəfat etmiş məktəblilər də olub. Bəli, hər kəs haqlı olaraq narahatdır. Hər kəs təşviş içindədir. Hər kəs arqumentində haqlıdır. Amma mövcud vəziyyətdən sui-istifadə etmək cəhdləri daha çoxdur. Xüsusilə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri buna cəhd edirlər”.

Ekspert onu da diqqətə çatdırıb ki, 22 sentyabra qədər təhsil naziri Emin Əmirullayevin, Təhsil Nazirliyinin, mənim bütün sosial şəbəkə hesablarıma hər kəs yazırdı ki, ənənəvi qaydada dərslər bərpa edilsin. İndi isə tam əksi baş verir: “Böyük əksəriyyət təhsil alanlar tədrisin onlayn rejimdə davam etməsi ilə bağlı müraciətlər edirlər. Hər birimiz gündəlik həyatda görürük ki, pandemiya dövrünün qaydalarına riayət olunmur. Nə ictimai nəqliyyatda, nə restoran və əyləncə mərkəzlərində, nə küçə və parklarda ara məsafə, dezinfeksiya tədbirləri görülmür. Amma yeganə bu qaydalara riayət olunan təhsil müəssisələrini problem olaraq görürük. Deməli, zoopark açılandan sonra bura günlük onlayn bilet satışı min ədəd nəzərdə tutulub. Zooparkın qarşısındakı sıxlığı görürsünüz? Təkcə şənbə və bazar günləri zooparka gedənlərin sayı 5 min nəfərə çatıb. Bildiyimiz kimi, “İpone 13” mobil telefonu satışa çıxarılıb. Satış mağazalarında olan sıxlığı gördünüz? Həmin mağazalara giriş edənlərin sayı 1200-nəfərdən çox olub. Hər gün iri ticarət və digər istirahət və əyləncə mərkəzlərində sıxlığı görürsünüz? Təkcə şənbə və bazar günləri uşaq əyləncə mərkəzlərinə gedən məktəbyaşlı uşaqların sayı 12 min nəfərdən çox olub. Bu arqument doğru deyil ki, həmin yerlərə gediş könüllü, məktəbə məcburidir. Həmin istirahət və əyləncə mərkəzlərinə övladlarını aparan və heç bir sosial məsafə qaydalarına riayət etməyən valideynlər, məktəblə bağlı narahatlıqlarını bildirirlər”.

Əgər təhsil müəssisələrində dərslər dayandırılıb distant tədrisə keçilsə nə olacaq?

Həmsöhbətimiz onu da qeyd edib ki, 2 milyon insan hər hansı bir yoxlanılmaya cəlb edilmədən rahatlıqla ictimai nəqliyyatda, restoranda, parkda, əyləncə mərkəzlərində gəzəcək ki, bu daha təhlükəlidir: “Təhsil müəssisələri fəaliyyət göstərəndə 1.6 milyon şagird, 250  min tələbə, 180 min müəllim və digər texniki işçilər hər gün yoxlanılmaya cəlb edilir, virusun əlamətləri müşahidə olunan şəxslər cəmiyyətdən təcrid olunur. Bundan başqa, onlayn dərslərə qoşulmaq üçün alətləri olmayan 500 mindən çox şagird və tələbə tədrisdən kənarda qalacaq. Onlayn-distant dərsləri tələb edənlərin böyük əksəriyyəti subyektiv olaraq bunu istəyir. Ya işləyirlər, yada da mövcud vəziyyətdən sui-istifadə etməyə cəhd göstərirlər. Ümumilikdə isə bu bizim üçün virusdan daha təhlükəlidir. Çıxış yolu kimi təklif edirəm ki, aşağıdakı təhsilalma formalarından istifadə olunsun. Birincisi, hal-hazırda olan vəziyyət qalsın. Dərslər davam etsin.  İkincisi, kim istəyirsə, ənənəvi qaydada dərslərdə iştirak etməsin, onlar üçün onlayn-distant dərslər təşkil edilsin. Amma daha “Microsoft Teams” platformasında, kamera və mikrafonun söndürülməsi yolu ilə yox. Daha sərt nəzarət, ciddi şəkildə tədris, heç bir güzəşt olmadan. Ən azı Bakı Dövlət Universitetinin tətbiq etdiyi “BLACKBOARD” proqramı ilə. Belə ki, kamera və mikrafon bağlı olan kimi, avtomatik olaraq iştirakçıya qayıb yazılır. Müəllim də dərsdən 45 dəqiqə orta məktəbdə, 80 dəqiqə universitetdə tez çıxdıqda dərs keçirilməmiş hesab edilir, əməkhaqqı yazılmır. Bizim üçün tədrisin keyfiyyətinin yüksəldilməsi vacibdir. Üçüncüsü isə iştirakçı nə ənənəvi, nə də onlayn-distant dərslərdə iştirak etmir. Özü öyrənmə yolunu seçir, amma 4 həftədən bir keçirilən dərslərdən ciddi şəkildə yoxlanılır. Əlbəttə ki, bu, rüşvətxorluq hallarına yol açmamalıdır. Yoxlamanı anonim şəkildə başqa bir təşkilat yoxlamalıdır”.

Təhsil müəssisəsində kütləvi yoluxma varsa…

K. Əsədov onu da vurğulayıb ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyam: “Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Yəni, hansı məktəbdə, kollecdə, universitetdə yoluxma halları varsa yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır. Bundan başqa, onlayn dərslər şagirdlərə fiziki, psixoloji problemlər yaradır. Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq. Bundan başqa, onların qrafikləri ciddi şəkildə pozulacaq. Beləliklə, məktəb direktorları şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdırlar. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir”.

Daha çox xəbərlər