Türk Şurasının mənəvi silahı: Azərbaycan – Türkiyə Media Platforması
İki qardaş dövlətin müştərək informasiya mənbəyi olan bu qurum bütünlükdə türk birliyinin ideoloji tribunasıdır
2009-cu ildə imzalanan Naxçıvan Sazişi ilə qardaşlıq, birlik, həmrəylik yoluna çıxan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) əsas fəaliyyət prinsiplərindən olan ortaq dəyərlərə sadiqlik, İslam ölkələri arasında genişlənən əməkdaşlıq siyasi, iqtisadi, beynəlxalq münasibətləri də genişləndirir, şaxələndirir. İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə Prezident İlham Əliyevin Türkiyənin «Haber Global», «Haber Türk», «A-Haber», “Haber NTV” televiziya kanallarına müsahibələri Media Platformasının fəaliyyətdə olduğunu göstərdi. Tam əminliklə demək olar ki, Türkiyə-Azərbaycan Media Platforması iki qardaş ölkənin informasiya təhlükəsizliyini təmin edən mənəvi, ideoloji silahdır.
Soykökü, tarixi, milli adət-ənənələri oxşar olan Türkiyə- Azərbaycan birliyinin son illərdə daha da möhkəmlənən tərəfdaşlığının dünya siyasətinə təsiri bütün istiqamətlərdə hiss olunur. Türk dövlətləri arasında həmrəyliyin möhkəmlənməsinə töhfə verən bu əməkdaşlıq Qərbin formalaşdırdığı islamofobiyanın qarşısının alınmasında yenilməz qüvvədir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) yaradılması ilə müsəlmanlar, İslam dini haqqında aparılan təxribat kampaniyasının, formalaşdırılan zərərli yanaşmaların qarşısı türk xalqlarının birliyi nəticəsində alınır. Beynəlxalq tədbirlərdə, hər iki dövləti təmsil edən diaspor təşkilatlarının eyni mövqedən çıxış etməsi bu birliyin təzahürüdür. Reallaşan qlobal enerji, nəqliyyat layihələrinin istismarı nəticəsində hər iki dövlətin iqtisadiyyatının inkişafına Türkiyə-Azərbaycan qardaşlığı baxımından yanaşılması əməkdaşlığı daha da möhkəmləndirir. Humanitar sahədə əməkdaşlığın daha bir nümunəsi olan Azərbaycan –Türkiyə Media Platforması iki qardaş dövlət arasında mənəvi körpü, informasiya mənbəyi olmaqla “Bir millət, iki dövlət!” aforizminin reallığıdır.
Bu günlərdə İstanbulda Türkiyəni, Azərbaycanı, Qazaxıstanı, Özbəkistanı, müşahidəçi ölkə kimi Macarıstanı, Qırğızıstanı, Şimali Kipr Türk Cümhuriyyətini təmsil edən media mənsublarının, tanınmış elm adamlarının iştirakı ilə keçirilən Türk Şurasının mediaforumunda əlaqələrin daha da genişlənməsi üçün prioritetlər geniş müzakirə olunub. İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan üzərində Azərbaycanın tarixi Zəfəri ilə bağlı çıxışlar daha çox diqqəti cəlb edib. 44 gün davam edən Vətən müharibəsində xüsusilə qardaş Türkiyə başda olmaqla türkdilli dövlətlərin daim Azərbaycanın yanında olması mənəvi, siyasi dəstək kmi dəyərləndirilib. Vurğulanıb ki, Qarabağ müharibəsinin davam etdiyi o ağır günlərdə Türkiyə mediasında çalışan jurnalistlər azərbaycanlı həmkarları ilə çiyin-çiyinə fəaliyyət göstərmiş, əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlarını səfər etmişlər. Mediaforuma videomüraciətində türkdilli ölkələrin müstəqil informasiya sisteminin yaradılmasının vacibliyindən söz açan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıda duran vəzifələri də diqqətə çatdırıb.
Türk Şurası mediaforumu çərçivəsində keçirilən «Birlikdən doğan Zəfər: Qarabağ» mövzusundakı paneldə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilə Türkiyə arasındakı güclü həmrəyliyin bütün türk dünyasına təsirindən danışılıb, bütün sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub. Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi altında iki qardaş ölkə arasındaki sıx əlaqələrin, münasibətlərin bütün qurumların qarşılıqlı fəaliyyətində özünü göstərməsi birlik və həmrəylik nümunəsi kimi dəyərləndirilib. Qeyd olunub ki, türk dünyasının öndərləri olan Mustafa Kamal Atatürkün və Heydər Əliyevin təməlini qoyduqları qardaşlıq münasibətlərinin Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən özünü həyatda təsdiqləyən siyasi kurs kimi davam etdirilməsi türkdilli dövlətlərin həmrəyliyini də möhkəmləndirib.
Paneldə gələcək üçün planların həyata keçirilməsində vasitə olan Türkiyə-Azərbaycan Ortaq Media Platformasının yaradılması yüksək dəyərləndirilib, eləcə də medianın rolu xüsusi qeyd edilib, türkdilli ölkələr arasında informasiya mübadiləsinin daha da intensivləşdirilməsi istiqamətində təkliflər səsləndirilib. Türkiyə-Azərbaycan Ortaq Media Platformasının strukturu ilə bağlı məsələlərin müzakirə edildiyi tədbirdə «ictimai diplomatiya»”, «beynəlxalq media”», «strateji kommunikasiya”», «təhsil»”, «qanunvericilik və tənzimləmə»”, «rəqəmsallaşma və beynəlmiləlləşmə» ilə bağlı qurumların yaradılması barədə təkliflər dəyərləndirilib, qərar qəbul edilib. Ötən il prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə imzalanan «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu» ilə rəsmiləşdirilən Ortaq Media Platforması iki ölkə arasında son illər daha da inkişaf edən əlaqələrin media və rabitə sahələrində də tətbiqində çox dəyərli addım kimi qiymətləndirilib. Çıxışlarda deyildiyi kimi, dünya siyasətinin güclərin diktəsi ilə idarə olunduğu bir zamanda media, kommunikasiya, xalq diplomatiyası, həmçinin dezinformasiya ilə mübarizənin türkdilli xalqların maraqları naminə işıqlandırılması Ortaq Media Platformasının əsas prinsiplərinni təşkil edir. Eyni zamanda, Türkiyə və Azərbaycan mediasının qarşılıqlı, əlaqəli şəkildə fəaliyyəti iki qardaş ölkənin birgə fəaliyyətinin perspektivlərinin təbliği baxımından da əhəmiyyətlidir.
Azərbaycanın Zəfəri ilə başa çatan Vətən müharibəsi zamanı iki qardaş ölkə arasında kommunikasiya sahəsində formalaşan əməkdaşlıq, hər iki dövlət başçısının birgə səyi ilə ən yüksək səviyyəyə çatan Azərbaycan-Türkiyə münasibətlərinin media vasitəsi ilə dünya ictimaiyyətinə çatdırılması, sosial və beynəlxalq media platformalarında ölkəmizə qarşı aparılan dezinformasiya ilə mübarizədə qardaş ölkənin təcrübəsindən istifadənin müsbət nəticələri özünü doğrultdu.
İki qardaş ölkə KİV-lərinin birgə fəaliyyəti göstərdi ki, Türkiyə ilə Azərbaycan siyasi , iqtisadi, mədəni, hərbi sahədə olduğu kimi, kommunikasiya sahəsində də fərqli, daha nümunəvi münasibətlərə malik qüdrətli dövlətlərdir. Bu münasibətlərin qarşılıqlı, daha geniş miqyasda, sistemli şəkildə davamı Ortaq Media Platformasının əsas prioritetlərindəndir.

