Gündəm 

Kommunikasiyaların açılması: Ermənistan üçün yeni imkanlar

Zaman itirmək məğlub ölkənin növbəti faciələrinin müqəddiməsi ola bilər

İkinci Qarabağ müharibəsi təkcə Azərbaycan torpaqlarının təxminən 30 illik işğaldan qurtulması ilə nəticələnmədi, bu, həm də bütün qonşu ölkələrin inkişafına ciddi təsir edə biləcək bir çox siyasi, xüsusən də iqtisadi düyünlərin çözülməsi üçün şərait yaratmış oldu. Belə ki, işğalçı və məğlub tərəf olan Ermənistan təxminən 30 ildən sonra, nəhayət, yeni nəqliyyat qovşaqları vasitəsilə dünya iqtisadi sisteminə yenidən daxil olmaq, xarici investisiyalar cəlb etmək və hətta yardım istəmək, onu əldə etmək şansı qazanıb. Bu yaxınlarda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan jurnalistlərə açıqlamasında Ermənistan, Türkiyə və Azərbaycan arasında nəqliyyat əlaqələrinin bərpasının onların təşəbbüslərinin imkanlarını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını söyləyib. Onun sözlərinə görə, Dünya Bankı, Asiya İnkişaf Bankı və Ermənistan hökumətinin hesablamalarına görə, üç ölkə arasında nəqliyyat əlaqələrinin bərpası hətta pandemiya fonunda belə Ermənistan ÜDM-in artımını təmin edə bilər. Bunun ardınca Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib ki, əlaqələrin bərpa olunması bütün sahələrə müsbət təsir göstərəcək, lakin bunun nəticəsində ölkələr arasında ticarətin dəqiq nə qədər artacağını proqnozlaşdırmaq hələ tezdir.

Bu gün Ermənistan hökuməti gözlənilən ÜDM artımını, demək olar, iki rəqəmlə ifadə edərək ilk dəfə optimist proqnozlar verir. Əslində bu ölkənin iqtisadiyyatına sözün əsl mənasında “küldən yaranmaq” lazım olacaq – bir çox sahələri sıfırdan qurmaq, investorları ölkə daxilindəki siyasi vəziyyətin sabitliyinə inandırmaq üçün uzun müddət çalışmaq, “beynəlxalq təşkilatlar”dan yeni borclar istəmək lazımdır. Ölkənin praktiki olaraq heç bir ehtiyatı da yoxdur: valyuta ehtiyatları 3,1 milyard ABŞ dollardırsa, dövlət borcları bundan üçqat çoxdur – 9 milyard ABŞ dolları. Müqayisə üçün qeyd edək ki, sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanın valyuta ehtiyatları 53 milyard ABŞ dollarını keçib, dövlətin xarici borcu isə 7,8 milyard ABŞ dolları təşkil edir.

Ermənistan Statistika Komitəsi 2021-ci ilin yanvar-iyul ayları üzrə rəsmi məlumatları açıqlayıb və ona əsasən, yeddi ay ərzində iqtisadi aktivliyin 5,2 faiz artmasına baxmayaraq, iyul ayında bu göstərici cəmi 0,2 faiz artıb. Bu isə o deməkdir ki, əslində iqtisadi aktivliyin artım tempi bir neçə dəfə azalıb. Erməni iqtisadçı Suren Parsyanın fikrincə, belə azalma templəri fonunda iqtisadiyyat nazirinin ikirəqəmli iqtisadi artım təminetməylə bağlı “proqnozu” insanların diqqətini çəkmək üçün atılmış növbəti marketinq addımıdır. “Yalnız müsbət gözləntilər yaratmaqla ikirəqəmli artıma nail olmaq mümkün deyil”, – deyə o, bildirib.

İqtisadçı əmindir ki, belə şəraitdə investisiya axını və dinamik inkişaf edən iqtisadiyyat axtarmağın mənası yoxdur, çünki bütün bunların hamısı yalandır: “Reallıq isə budur ki, iqtisadiyyatımız hazırda ətalət vəziyyətindədir. 5,2 faizlik artım isə yalnız keçən ilin zəif göstəriciləri və dağ-mədən sferası sayəsində təmin edilib.”

Beləliklə, Ermənistan iqtisadiyyatının vəziyyəti acınacaqlıdır. Vəziyyəti düzəltmək şansları varmı? Əlbəttə ki, var. Bu, regionda kommunikasiyaların bərpa edilməsi, o cümlədən bütün region ölkələrinə fayda verəcək Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi özündə təkcə dəmir yolu xəttini deyil, həm də avtomobil əlaqəsini ehtiva edir. Dəmir yolu xəttindən danışdıqda söhbət Horadiz-Ağbənd dəmir yolu xəttindən, 44 km uzunluğa malik Zəngəzur (Mehri) hissəsindən, Ermənistan sərhədi-Ordubad (11 km) və Ordubad-Naxçıvan-İrəvan, İrəvan-Gümrü-Qars xətlərindən gedir.

Bir sözlə, Azərbaycana yönəlmiş hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atmış oldu. Əgər İrəvan bölgədə yeni reallıqlar yaradan Azərbaycanın əməkdaşlıq çağırışına mənfi reaksiya verərsə, əvvəlki qaydada özünə qapanıb, düşmənçilik siyasəti sərgiləyərsə, bu növbəti 30 ilin perspektivsiz gələcək olacağı anlamına gələcək. Bundan sonra zaman itirmək isə məğlub ölkənin növbəti faciələrinin müqəddiməsi ola bilər.

Daha çox xəbərlər