İnternetdən avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu üsulla aldadıla bilərsiniz – VİDEO
Bakıda avtomobil almaq istəyən şəxs həm pulundan olub, həm də arzusunda olduğu maşından. Paytaxt sakini iddia edir ki, satış saytından bəyəndiyi avtomobilin sahibinə ilkin ödəniş edib. Tərəflər qalan məbləği də aylıq ödəniş etməklə razılaşıblar. Bir neçə gün avtomobil normal işləsə də, nəqliyyat vasitəsində sonradan ciddi nasazlıq olduğundan onu sahibinə qaytarıb. İndi nə pulunu geri ala bilir, nə də nasaz avtomobili.
İlkin ödəniş etməklə avtomobil alan şəxs aldadıldığını iddia edir.
Paytaxt sakini Pərviz Süleymanov ”Xəzər Xəbər”ə müraciət edərək bildirib ki, 8 ay əvvəl avtomobil satış saytlarından birində minik avtomobili bəyənib. O, iddia edir ki, avtomobilin Çingiz adlı sahibinə zəng vuraraq maşını almaq istədiyini deyib.
Bundan sonra tərəflər notarius təsdiqli etibarnamə ilə avtomobilin alqı-satqısını həyata keçiriblər. Pərviz Süleymanovun sözlərinə görə, avtomobili 4-5 gün idarə etdikdən sonra nəqliyyat vasitəsində yanacaq sərfiyyatının yüksək olduğunu görüb və maşını sahibinə qaytarmaq istəyib.
Pərviz Süleymanov və qardaşı dəfələrlə bu işdə adı hallanan Çingizə zəng vursalar da, o, telefonu açmayıb. Zərərçəkmiş iddia edir ki, telefonu açanda da müxtəlif bəhanələr gətirirərək avtomobili yaxın günlərdə onlara saz vəziyyətdə təhvil verəcəyini bildirib. “Xəzər Xəbər” olaraq, biz də dəfələrlə həmin şəxslə əlaqə saxlamağa çalışsaq da, o, telefona cavab vermədi.
Zərərçəkmiş Pərviz Süleymanov deyir ki, həmin şəxs onlara dəymiş zərəri geri qaytarmasa, ərazi üzrə polisə məlumat verəcək.

