Cəmiyyət 

Rusiyanın “Utro.ru” nəşri: “İrəvan hələ də dinc əhalinin kütləvi qətlə yetirilməsi faktı barədə susur”

Rusiyanın utro.ru saytında Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı məqalə dərc edilib.

Nəşrdə postsovet məkanının tarixində bir xalqın digər xalqa qarşı göstərdiyi dəhşətli qəddarlıqla bağlı çoxlu faciəli səhifələr olduğu deyilib və Xocalıda baş verənlərin onlardan biri olduğu vurğulanıb.

“Fevralın 26-da Qarabağ müharibəsi zamanı baş vermiş qanlı hadisələrin 30-cu ili tamam olur. 1992-ci ildə Xocalı şəhərinin yüzlərlə sakini, o cümlədən qadınlar və uşaqlar öldürülüb, yaralanıb və itkin düşüb”, – deyə məqalədə bildirilib.

Müəllif SSRİ-nin dağılmasından sonra onun xarabalıqlarında çaşqınlıq və xaosun hökm sürdüyünü deyərək, bunun bir sıra regionlarda xalqların qırğınına çevrildiyni xatırladıb.

“Həmin dövrdə bütün Qafqaz alovlandı: 1988-ci ildən isə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ müharibəsi  başladı”, – deyə məqalədə qeyd edilib.

Bundan sonra məqalədə həmin gecə baş verənlər barədə məlumat verilib:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbçiləri azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərini ələ keçirdilər. Onu tamamilə mühasirəyə aldılar – telefon rabitəsi dayandı, elektrik, istilik və krandan su bağlandı. Saat 23:00-da atışma başladı, səhər saat 1-də piyadalar şəhərə girdi və səhər 7-də müdafiəçilərin müqaviməti qırıldı”.

Nəşr erməni mənbələrinin şəhər sakinlərinin gözlənilən hücumla bağlı xəbərdarlıq edildiyi, lakin dinc əhalinin təxliyəsi baş tutmadığı barədə iddialarından da yazıb.

“Hüquq müdafiəçilərinin fikrincə, insanların çıxması ilə bağlı heç bir elan işğalçıların tələbi ilə evlərini və mənzillərini tərk etməkdən imtina edən dinc əhalinin kütləvi qətliamına və öldürülməsinə haqq qazandıra bilməz”.

Məqalə müəlliflərinin sözlərinə görə, Xocalıda baş verənlər beynəlxalq təşkilatların (HRW, “Memorial” və s.) hesabatlarında öz əksini tapıb, həmçinin dünya ölkələrinin bir çox parlamentləri tərəfindən tanınıb.

“Həmin faciənin dəhşətlərini Tomas de Vaal (“Qara bağ”) və Yuri Romanov (“Mən müharibəni çəkirəm”) təsvir edib. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, şəhərin süqutundan sonra dörd gün ərzində təkcə qonşu Ağdama 200-ə yaxın meyit gətirilib ki, onlardan 13-ü uşaq, 51-i qadındır. Onların böyük əksəriyyəti güllə yaraları almış, bəziləri küt əşyalarla vurularaq öldürülmüşdür. Bundan əlavə, ölənlərin cəsədlərinin təhqir edilməsi, o cümlədən baş dərisinin soyulması faktları qeydə alınıb, bir qızın yalnız başı qalıb”.

Müəllif Xocalı faciəsinin dəhşətli rəqəmlərlə yadda qaldığını deyərək o məşum gecədə 613 nəfərin (63 uşaq, 106 qadın, 70 qoca) həlak olduğunu, səkkiz ailənin son qohumuna qədər məhv edildiyini deyib.

“Yaralanan 487 nəfərdən 76-sı uşaq idi, daha 150 nəfər itkin düşüb. 5379 sakin daimi yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldı”.

Nəşrdə dinc əhalinin qətlinə görə hələ də Ermənistanda heç kimin mühakimə olunmadığı qeyd olunub.

“Üstəlik, kütləvi qətliam faktı barədə danışılmır, bəzən isə hətta ölkə rəhbərliyi tərəfindən haqq qazandırılır”, – deyə məqalə müəllifi sözlərini yekunlaşdırıb.

Daha çox xəbərlər