Tələbə gənclər Xocalı Soyqırımının ildönümü ilə bağlı silsilə tədbirlər keçiriblər – FOTO
Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 21-26 fevral tarixlərində “Xocalıya Ədalət” həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib. Həyata keçirilən müxtəlif səpkili tədbirlərdə mənfur düşmənin etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımının qurbanlarının xatirəsi ehtiramla yad edilib.
“Hədəf 10%” proqramı çərçivəsində Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qərbi Kaspi Universiteti, Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci və digər təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə faciə şahidləri ilə görüşlər təşkil olunub, qısametrajlı filmlər izlənilib, tələbələr arasında rəsm, inşa müsabiqələri keçirilib, Soyqırımı muzeyinə ekskursiya təşkil edilib. “ÇƏTİR” proqramı çərçivəsində isə Vətənpərvərlik klubları şəbəkəsinin təşkilatçılığı ilə “Erməni Zindanında 8 Gün” adlı görüş keçirilib.
Həftə çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən keçirilən “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ali təhsil müəssisələrində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbirlər təşkil olunub. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və ADA Universitetində baş tutan tədbirlərdə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində atılan addımlar, hazırlanan müxtəlif nəşr, video və digər təbliğat vasitələri barədə məlumat verilib.
Bununla yanaşı, tələbə gənclər “Ədalət Marafonu”na qoşularaq dünya ölkələrinin Xocalı Soyqırımını rəsmən tanıması, məhz azərbaycanlı olduqlarına görə Xocalının dinc sakinlərinə qarşı törədilən soyqırımına beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi istiqamətində səfərbər olublar. Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib xalq olmağın qürurunu yaşayan müasir Azərbaycan gəncliyi anlayır ki, Xocalı soyqırımını törədən mənfur düşmənin cinayətkar əməllərinin pislənilməsində, faciə barədə beynəlxalq ictimaiyyətin dolğun və düzgün məlumatlandırılmasında hər birimiz fəal olmalı, bunun üçün əlimizdən gələni əsirgəməməliyik.

