Region Xəbərləri 

8 mart – Beynəlxalq Qadınlar Günü

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, ləyaqət timsalına çevrilmiş, milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuş, müqəddəs ana adını həmişə uca tutmuş qadınlarımız öz mübarizliyi və şücaət ilə tariximizdə unudulmaz izlər qoymuşdur.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumətin ilk sənədlərindən biri qadınlara seçki hüququnun verilməsi ilə qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başladılar. Bu sənəd qadınların cəmiyyətdə rolunun tənzimlənməsi istiqamətində ilk hüquqi dövlət sənədi idi. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra qadınların təxəyyülü, qabiliyyəti, idrakı, istedadı ortaya çıxarılaraq cəmiyyətə inteqrasiyası sürətlə təmin edildi. Ulu öndər Heydər Əliyevin “Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, həyat ola bilməz”, – fikirləri dövlətin daxili siyasətində əhəmiyyətli dərəcədə nəzərə alındı. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Bugün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti də uğurla davam etdirir. Bütün dövlət strukturlarında təmsil olunan qadınlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində fəal iştirak edirlər.
Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, orden və ya medallarla təltif edir.
Bu gün cəmiyyətimizdə Azərbaycan qadınları ən yüksək şərəfli ad olan şəhid anası, şəhid xanımı, şəhid qızı və şəhid bacısı kimi müqəddəs ad daşıyırlar!
Aytac Abbasova
YAP Laçın rayon Təşkilatının 51 saylı ƏPT sədri

Daha çox xəbərlər