Siyasət 

Siyasi sabitlik adası

Hazırda dünyada cərəyan edən hadisələrə nəzər yetirəndə bir daha əmin oluruq ki, Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri də məhz siyasi sabitlikdir.

Bəs nədir siyasi sabitlik? Cəmiyyətin siyasi sistemi demokratik olmaqla yanaşı, həm bütün vətəndaşlara siyasi həyatda iştirak etmək üçün bərabər imkanlar təmin etməli, həm də sabit olmalıdır. Qeyd etdiyimiz kimi, son dövrlərdə siyasi sabitlik məsələsi dünyada neqativ ictimai-siyasi hadisələrin sayının nəzərəçarpacaq dərəcədə artması səbəbindən xüsusilə aktualdır. Çoxsaylı siyasi təlatümlər, inqilablar, terror təhlükəsi, beynəlxalq gərginlik nəzərə alınmaqla “sabitlik” problemi müasir politologiyada da əhəmiyyətinə görə ilk yerlərdən birini tutur.

Siyasi sabitliyin təmin edilməsi siyasi rejimdən, ölkənin sosial-iqtisadi səviyyəsindən, strukturundan asılı olmayaraq bütün dövlətlər üçün ən ümdə vəzifədir. Politoloqların fikrincə, siyasi sabitliyə nail olmaq üçün bir sıra daxili siyasi faktorlar mövcud olmalıdır. Bu faktorlardan ən başlıcası da iqtisadi və siyasi sabitliyin sıx əlaqəsidir. İqtisadi səmərəlilik, onun hesabına milli gəlirin artırılması, əhalinin daha yüksək həyat səviyyəsinin təmin edilməsi, vergilərin azaldılması və s. vacib siyasi arqumentlərdən birinə çevrilir.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada siyasi sabitlik, tərəqqi, qlobal təşəbbüslər, güclü, dayanıqlı iqtisadiyyatı olan və tolerantlıq ölkəsi kimi tanınır. Dövlət başçısının milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasi kursu sayəsində böyük nüfuz qazanan Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır.

Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsi ilə Prezident seçilən İlham Əliyev müasir dövlət quruculuğunu daxili siyasətinin prioriteti elan etdi. Dövlət başçısı ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə məharətlə və əsaslı şəkildə uyğunlaşdıraraq, praktikada uğurla həyata keçirdi. Azərbaycanın bütün iqtisadi sistemi yenidən quruldu.

Əlbəttə, ötən illərin hər bir günü ölkəmiz və bölgəmiz üçün həlledici idi. Xüsusilə də son illərdə  respublikanın həyatında bir çox vacib hadisələr baş verdi. Təbii ki, bunların arasında ən möhtəşəmi 30 illik həsrətə son qoyularaq düşmən tapdağı altındakı torpaqlarımızın xilas edilərək ərazi bütövlüyümüzün bərpa edilməsi oldu.  Vətən müharibəsində qazanılan parlaq Qələbə tarixi ədaləti bərpa etdi.

Xalqın Prezidentinə olan birmənalı dəstəyi ilə Ali Baş Komandanın rəhbərliyi  altında rəşadətli ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı 44 gündə işğaldan azad etdi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi Qələbə ilə başa çatdı. Bu Zəfər şəhidlərimizin ruhunu şad etdi. Bu Qələbə Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytardı.

Xalq ona görə Prezident İlham Əliyevi sevir, ona etimad göstərir ki, o, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltdi. İndi hər bir azərbaycanlı dövlət başçısının əzmini, peşəkarlığını, qətiyyətini, humanizmini, xeyirxahlığını yüksək qiymətləndirərək, Prezident İlham Əliyevlə fəxr və qürur hissi keçirir, böyük Sərkərdəyə sonsuz inam bəsləyirlər.

Dünyada və regionda cərəyan edən proseslər, təlatümlər, yeni-yeni gərginlik ocaqlarının yaranması göstərir ki, Azərbaycanın tutduğu yol ölkənin milli maraqlarına hesablanıb. Hazırda Prezident İlham Əliyevin qarşılıqlı maraqlara və bərabərhüquqlu münasibətlərə söykənən xarici siyasət kursunun məntiqi nəticəsi olaraq indi Azərbaycan regionun ən sabit və ən inkişaf edən ölkəsidir.

Bu gün Azərbaycanda həm təhlükəsizlik, həm də sabitlik təmin edilir. Milli maraqları hər şeydən üstün tutaraq, siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidirlər.

Daha çox xəbərlər