Region Xəbərləri 

Novruz – dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır.

Azərbaycan xalqının qədim bayramlarından olan Novruz həmrəylik, dostluq, qardaşlıq bayramıdır. Ölkəmizin hər yerində dövlət səviyyəsində və böyük təntənə ilə qeyd olunan Novruz bayramı Azərbayacnla yanaşı bütün Şərqdə qeyd olunur. Ulu Öndər Heydər Əliyevin dövründən başlayaraq xüsusi təntənə ilə qeyd olunan bu bayram zamanı Ümummilli Liderimiz hər zaman öz çıxışlarında qeyd edirdi ki, “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır.” Tarix sübut etdi ki, dahi şəxsiyyət, Azərbaycan xalqının uzaqgörən rəhbərinin dediyi kimi də oldu və onun siyasi kursunun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini uğurla yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi və bu gün həmin torpaqlarımızda böyük təntənə ilə Novruz bayramı qeyd olunur.
Novruz milli və tarixi bayramımız olduğu kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri ilə artıq bu bayram beynəlxalq səviyyədə qeyd olunur və UNESCO tərəfindən Qeyri-Maddi İrs üzrə Reprezentativ siyahısına əlavə edilib. Belə ki, 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. 2016-ci ildə isə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşuldu. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olundu.
Ölkənin hər yerində xüsusi təntənə ilə qeyd olunan Novruz bayramında Azərbaycan xalqının milli adət-ənənəsinə görə küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Ulu Öndər Heydər Əliyevin öz çıxışlarından birində də vurğuladığı kimi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramı həm də özünəməxsus adətləri var. Belə ki, “papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bütün evlərdə bayram masasının mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul – səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə olmalıdır:. Bayram süfrəsinin əsas bəzəyi isə şah plovdur. Novruz bayramının tarixi ənənələrindən biri də 4 ünsürü özündə ehtiva edən 4 çərşənbənin – Su, Od, Yel və Torpaq çərşənbələrinin də xalqımız tərəfindən ölkənin hər yerində qeyd olunmasıdır.
Tarixi bayram olan Novruz bayramı ölkədə bütün sahələrə, o cümlədən siyasətə və incəsənətə də öz təsrini göstərmişdir. Ölkəmizdə siyasətdə bayramlaşma təcrübəsi vardır. Belə ki, Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir. Novruzun incəsənətimizə təsirini isə Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarların müxtəlif mahnılarında, həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmlərində görə bilərik.
Novruz bütün ölkə ərazisində, o cümlədən Tovuz rayonunda aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri ilə keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda qışı simvolizə edən kosa və yazı simvolizə edən keçəlin iştirakı ilə şən və yumoristik tamaşalar göstərilir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, 2020-ci ildə qazanılan Böyük qələbədən sonra bütün bayramları olduğu kimi, Novruzu da Qalib və Müzəffər xalq olaraq qeyd edir və işğaldan azad olunmuş ərazilərində də bu bayramı böyük coşqu ilə qarşılayır.

Daha çox xəbərlər