Region Xəbərləri 

Novruz təkcə türk xalqlarının deyil, bəşəriyyətin mənəvi dəyəridir

Qədim tarixə və zəngin adətlərə malik olan və illərdir nəsillərdən-nəsillərə ötürülərək qeyd edilən Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı Ələddin Zeynalov bildirib. O qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çıxışlarında qətiyyətlə vurğulayardı: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Həmin günlər artıq reallaşıb. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü zamanı Azərbaycanın əzəli və tarixi torpaqlarını erməni işğalından azad etməklə həmin ərazilərə Novruz ab-havasını geri qaytardı. İki ildir ki, həmin ərazilərdə Novruzun gəlişi təmtəraqla qeyd edilir, bahar bayramını Azərbaycan torpaqları öz adəti ilə qarşılayır.

Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır. 2000-ci il martın 21-də Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən ulu öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır.

“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazıblar.

Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərinin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda Kosa və Keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, Keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovkən oyunu keçirilir.

Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

Daha çox xəbərlər