Əsas səhifə 

Şuşa yenidən dünyaya səs salacaq

TÜRKSOY-un Şuşanı 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan etməsi Türk-İslam dünyası­nın Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin daha bir təzahürüdür

Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan Şuşa  şərqlilərə məxsus arxitekturası ilə fərqlənib. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Hər biri əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası, Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair-rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, “Gəncə darvazaları”, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları, memarlıq üslubu ilə inşa olunan digər tikililər şəhərə gələn qonaqları valeh edirdi. Dəniz səviyyəsindən 1403 metr hündürlükdə salınan bu şəhər Turşsu mədən suyu ilə də məşhur olub, kurort kimi qonaqların ən çox istirahət və müalicə olunduqları məkana çevrilib.

Şuşa həm də bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir. Qarabağın bu dilbər guşəsi Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər bəxş edib. “Şərqin konservatoriyası”, muğamımızın beşiyi adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyli, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimlərinin vətəni olub. Məşhur müğənniləri dinləmək və ya ifaçılıq dərsi almaq üçün hər yerdən bura musiqi həvəskarları axışıb gəlirdilər. Lakin bu şəhər təkcə musiqiçiləri ilə şöhrət qazanmamışdır. Əsrarəngiz təbiət amili, saf, dupduru bulaqlar bu yerlərin şöhrətini daha da artırırdı. Bu diyarın ən məşhur bulağı olan İsa bulağını isə çoxları Şuşanın rəmzi hesab edirlər.

Xarıbülbülün vətəni olan Şuşa bütün gözəlliyi ilə fərqləndiyindən tarixboyu yağıların göz dikdiyi məkana çevrilib. 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Molla Pənah Vaqifin məqbərəsini dağıdıb, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyini, Dövlət Qarabağ Tarixi Muzeyini, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıb, nadir sənət incilərini talayıb və məhv ediblər. Şəhərin Tarix Muzeyinin 5 minədək əşyası, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacibəylinin, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib. 28 ildən sonra Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Prezident İlham Əliyev azadlığına qovuşan, 270 illik tarixi olan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün böyük işlər görür.

Şuşanın bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi demək olacaq. Bu həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır. Bu mənada Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi olduqca mühüm qərardır. Dövlət başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Lakin artıq Şuşa təkcə Azərbaycanın deyil, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” da seçilib. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub. Bu da təsadüfi deyil. Belə ki, Şuşa bütün Türk dünyasının əsas ünvanlarından biri kimi diqqəti cəlb edir. Tarixən siyasi, hərbi, strateji, tarixi-mədəni əhəmiyyətinə görə Şuşa Qafqazda və Türk dünyasında öncül şəhərlərdən biri olub. İslam-türk mədəniyyətinin əsas özəklərindən olan bu şəhərdə mədəniyyətin bütün istiqamətləri yüksək səviyyədə inkişaf edib və bu inkişaf Şuşanı ən önəmli şəhərlər sırasına daxil edib. Türk dünyasının əsas qapılarından olan Şuşadan bütün dünyaya çıxış var və Şuşa dünya mədəniyyətlərinin birləşdiyi vacib ünvanlardan biridir. Ekspertlər qeyd edirlər ki, bu il Azərbaycan mədəniyyətinin paytaxtına çevrilən Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı olmağa kifayət qədər haqqı çatır. Bu gün Şuşa öz ənənəvi ruhuna, ritminə uyğun şəkildə bərpa edilir, məscidləri, karvansaraları, tarixi binaları, abidələri bu şəkildə bərpa edilir. Şuşa təpədən dırnağa türk identikliyini, ruhunu yaşadan və qoruyan şəhərdir ki, oranın Türk dünyasının mədəniyyət paytaxtı olması üçün kifayət qədər əsas var. Bu baxımdan TÜRKSOY-un Şuşanı 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” elan etməsi Türk-İslam dünyası­nın Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin daha bir göstəricisidir.

Daha çox xəbərlər