Səmərəli və konstruktiv əməkdaşlıq.
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri iqtisadi, siyasi, həmçinin infrastrukturun inkişafı və s. sahələrdə inkişaf etdirməkdədir. Xüsusilə 2004-cü ildə Azərbaycanın “Avropa Qonşuluq Siyasəti” proqramına daxil edilməsi bu əlaqələrdə yeni bir mərhələnin başlanğıcını qoydu. Sonrakı illərdə dövlətimizin “Şərq tərəfdaşlığı” proqramına qoşulması Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşmasına gətirib çıxardı. Son illər ərzində isə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi nəticəsində Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu daha da artmaqdadır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar bir sıra istiqamətlərdə xüsusilə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına əhəmiyyətli təsir etməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 aprel 2022- ci il tarixində Brüsselə səfəri xüsusi əhəmiyyətli olmuşdur. Bu səfər çərçivəsində əldə olunmuş nəticələr onu göstərir ki, dövlət başçısımız dünyada böyük nüfuz sahibidir.
Görüşdə dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirmiş və ötən ilin dekabrında keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğulamışdır.
Aprelin 6-da baş tutmuş görüş Cənubi Qafqazda təhlükəsizliyin yaradılması istiqamətində sülh prosesinin başlanğıcı hesab oluna bilər. Görüşün yekun Bəyanatı bir daha göstərdi ki, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif qəbul edilir və postmünaqişə dövründə danışıqlar əslində Azərbaycanın müəyyənləşdirdiyi gündəlik əsasında aparılır.
Bu görüş və əldə edilmiş razılaşmalar Azərbaycan xarici siyasətinin parlaq qələbəsi olmaqla yanaşı Avropa İttifaqının 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığda ölkəmizin və Prezident İlham Əliyevin regional liderliyini qəbul etməsidir. İnanırıq ki, Azərbaycanla Avropa İttifaqı arasında mövcud münasibətlərin inkişafı Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm rol oynayacaqdlr.
Şahin Səfərov-Gilgilçay stansiya tam orta məktəbin direktoru.

