Kitabxana işçiləri ilə attestasiya prosesi üzrə ilk məlumatlandırıcı görüş keçirildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərində Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və İnformasiya-resurs şöbələrində çalışan işçilərin peşə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçiriləcək attestasiya ilə bağlı ilk məlumatlandırıcı görüş təşkil olunub.

Musavat.com xəbər verir ki, iyunun 19-da Bakı şəhərində baş tutan görüşdə Attestasiya Komissiyasının üzvləri Bakı və Abşeron-Xızı regionlarında fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları ilə bir araya gəlib. Görüş zamanı attestasiyanın məqsədi, keçirilmə qaydaları və qiymətləndirmə meyarları barədə ətraflı məlumat təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bildirilib ki, attestasiya prosesi kitabxana sahəsində insan resurslarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müasir idarəetmə və rəqəmsal bacarıqların inkişaf etdirilməsi, eləcə də vətəndaşlara göstərilən kitabxana xidmətlərinin keyfiyyətinin daha da artırılmasına xidmət edir.

Qeyd olunub ki, həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası – 2040 sənədində müəyyən edilmiş prioritetlərə uyğun olaraq kitabxana sisteminin müasirləşdirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və kitabxanaların müasir bilik və ictimai ünsiyyət mərkəzləri kimi inkişafının təmin edilməsinə yönəlib.

Görüş zamanı iştirakçıların təklif və təşəbbüsləri də dinlənilib. Vurğulanıb ki, kitabxana işçiləri ilə birbaşa dialoqun gücləndirilməsi, attestasiyaya hazırlıq prosesinin daha səmərəli təşkili və sahədə yaranan məsələlərin operativ həlli məqsədilə bu formatda məlumatlandırıcı görüşlər gələcəkdə də mütəmadi əsasda davam etdiriləcək.