Prezident İlham Əliyevin Brüssel səfəri
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib. Keçirilən təkbətək görüşdə İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirib və 2021-ci ilin dekabrında olan üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan prezidenti Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə keçirilən üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvar olduğunu ifadə edib. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətinə toxunub, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirib. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edilib və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olunub.Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional təhlükəsizliyə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan və Ermənistan liderləri Brüsseldə bu ayın sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiya yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşıblar.
Sülh müqaviləsinin Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılmasına razılaşıblar. Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin növbəti həftəlik iclasında Brüssel görüşündən danışaraq deyib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə gələcək sülh sazişi ilə bağlı hazırlıq işlərinə başlamaq, danışıqlar aparmaq və təmaslar yaratmaq tapşırığı verilib. 4 saat davam etmiş görüşdən sonra o, jurnalistlərə bildirib ki, Cənubi Qafqazda “sabitlik, təhlükəsizlik, rifah Avropa İttifaqı üçün son dərəcə mühümdür”, ona görə bütün səyləri, etimad yaratma tətbirlərini dəstəkləyirlər: “Bu görüşdən irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başalamağa və mümkün sülh sazişini hazırlamağa, bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik”
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra bölgədə yeni reallıqlar yaradıb. Son proseslər göstərir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Təsadüfi deyil ki, Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Digər tərəfdən, bəyanatda Fərrux kəndi ətrafında proseslərə də toxunulmaması göstərir ki, Avropa İttifaqı artıq qoşunların dislokasiya yerlərinin dəyişməsinə də Azərbaycanın daxili işi kimi yanaşır.
Görüşdə qarşılıqlı etimad mühitinin yaradılması, humanitar addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi ilə bağlı müsbət yanaşmalar ortaya qoyulub. Ümumiyyətlə, Brüssel görüşü Prezident İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha nümayiş etdirdi.
Nazim İsrafilov–Masallı rayon Həsənli kəndi

