Azərbaycan -Avropa İttifaqı əlaqələri yeni mərhələdə uğurla inkişaf edir
Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, ölkəmizlə əməkdaşlığı Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında qarşılıqlı hörmət və maraq prinsipləri əsasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəldilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Avropa İttifaqı da Azərbaycanın müəyyənləşdirdiyi siyasi mövqeyi dərk edir, mövcud reallıqları qəbul edir, milli maraqlarımızı nəzərə alır. Çünki Azərbaycanla münasibətlərin gücləndirilməsi Avropa İttifaqı üçün regional əlaqələrin genişləndirilməsi baxımından mühüm önəm daşıyır.
Azərbaycan müstəqilliyini bərpa edəndən Avropa ilə əlaqələri genişləndirməyə üstünlük verib
Ölkəmiz üçün bir çox sahələrdə olduğu kimi, Avropa İttifaqı ilə münasibətlərin inkişafı məsələsində də əsas dönüş nöqtəsi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra olmuşdur. Ümummilli Liderimiz Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdir. 1996-cı ildə Azərbaycanla Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. 1999-cu ildə qüvvəyə minən bu saziş siyasi dialoq, sərmayə, qanunvericilik, elm, mədəniyyət, eləcə də ticarət sahələrini əhatə etmiş, münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaratmışdır. Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan bugünkü münasibətlər həmin sazişə əsaslanır. Daha sonrakı mərhələdə iki tərəf arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan, əsas sektorlar üzrə siyasi dialoqu gücləndirmək, eləcə də ticarəti stimullaşdırmaq üçün nəzərdə tutulan yeni proqram üzrə inkişaf prosesi davam etdirilmişdir.
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin qüvvəyə minməsindən bir il əvvəl Avropa İttifaqı ölkəmizə xüsusi elçi təyin etmiş, 2000-ci ildə isə Azərbaycanın Aİ yanında nümayəndəliyi yaradılmışdır. Bu addımlar münasibətlərin inkişafı üçün imzalanan saziş çərçivəsində həyata keçiriləcək layihələrin daha səmərəli şəkildə reallaşması üçün önəmli hadisələrdən hesab edilir. 2004-cü il Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin inkişafı baxımından ikinci dönüş nöqtəsi oldu. Belə ki, həmin il Azərbaycan Avropa İttifaqı Qonşuluq Siyasətinə (AQS) daxil edildi. Qarşılıqlı əlaqələrin inkişafı üçün çox mühüm əhəmiyyəti kəsb edən bu hadisədən sonra Azərbaycanda iqtisadi, siyasi, hüquqi və inzibati sahələr üzrə islahatlar keçirilməsi üçün yeni imkanlar yaranmışdır. Avropa İttifaqı həmin islahatların keçirilməsi üçün ölkəmizə maddi-texniki dəstək göstərmişdir. 2006-cı ildə tərəflər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, təhlükəsizlik və sabitliyin, o cümlədən əhalinin rifah səviyyəsinin dəstəklənməsi baxımından “Avropa İttifaqı–Azərbaycan Fəaliyyət Planı” adlı növbəti sənəd imzalanmışdır. 2009-cu ildə isə respublikamız Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) proqramına daxil edilmişdir.
Əlbəttə ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər ikitərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb. Bu günə kimi tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu və bu kimi digər mühüm sənədlər çoxşaxəli əməkdaşlığın əsaslarını müəyyənləşdirib.
Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması isə tərəflərin qarşılıqlı hörmətə, bərabər səviyyəli əməkdaşlığa əsaslanan əməkdaşlığın inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirmiş oldu. Həmin sənəddə yer alan ən mühüm məqamlardan biri isə tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə olunması idi.
Azərbaycan, həmçinin Avropa İttifaqına üzv ölkələrlə də münasibətlərin inkişafına böyük önəm verir. Azərbaycanın İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması bunun əyani göstəricisidir. İttifaqa üzv ölkələrin üçdəbirinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə malik olması, müxtəlif sahələrdə bərabərsəviyyəli əməkdaşlığın qurulması da ölkəmizin Aİ ilə münasibətlərinin inkişafında mühüm rola malikdir.
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Nəzərə almaq lazımdır ki, hazırda ticarətimizin 40 faizi məhz Avropa İttifaqı ilə aparılır. Eyni zamanda, İttifaqa üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bütün bunlar ikitərəfli iqtisadi əməkdaşlığın miqyasını nümayiş etdirir. Təbii ki, bu, Azərbaycanın əlverişli investisiya və biznes mühitinə malik olduğunun əyani təsdiqidir.
Uzun illərdir ki, məhz Azərbaycan Avropa İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir və Şura bu iki tərəfin rəhbərliyi ilə layihənin uğurla həyata keçirilməsində önəmli rola malik olub. Onu da qeyd etmək lazımdır ki, uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm rola malik Azərbaycanın təşəbbüsü ilə bu layihənin reallığa çevrilməsi şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsi kimi də tarixə düşdü.
Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Azərbaycan Avropa ilə Asiyanı dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini prioritet hesab edən ölkəmiz Asiya ilə Avropanı birləşdirən, iki qitə arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunu bütün maneə və çətinliklərə baxmayaraq uğurla reallaşdırdı.
Avropa İttifaqı ölkəmizin müəllifi olduğu yeni geosiyasi reallığı qəbul edir
Tarixi Zəfərimizdən sonra Avropa İttifaqının yeni müstəvidə ölkəmizlə qurduğu münasibətlər, müharibənin nəticələrinin aradan qaldırılması, bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin postkonflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirələr aparmağa, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə hazır olduğunu bildirməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə üçtərəfli görüşün keçirilməsi və sair kimi mühüm addımlar postmünaqişə dövrünün əsas reallıqlarındandır. Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin Şarl Mişellə ikitərəfli, həmçinin onun da iştirakı ilə Ermənistanın baş naziri ilə ikinci dəfə üçtərəfli formatda görüşü keçirilib. Xatırladaq ki, İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də olmuşdu. Bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları baş tutub.
Aprelin 6-da baş tutmuş görüşün nəticəsi olaraq Şarl Mişelin verdiyi bəyanatda təsbit edildi ki, Ermənistanla Azərbaycan arasında Sülh müqaviləsi üzrə danışıqlar başlayır. İki ölkənin Xarici İşlər nazirliklərinə uyğun təlimatlar verildi. Bu, məhz Azərbaycan Respublikasının irəli sürdüyü məlum 5 maddəlik təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasını ifadə edir. Və sənəddə bizim üçün ən əsas məqam ölkəmizin ərazi bütövlüyü, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi də razılaşmada öz əksini tapıb. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və qurulması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb. Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və haqlı olaraq “keçmişin qalığı” sayılan “Minsk qrupu həmsədrlik institutu”na birmənalı istinad yoxdur.
Qarabağın təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunan görüşdə ölkəmizin suveren hüquqlarının təsbit olunması siyasətinin əsas prinsipləri növbəti dəfə rəsmiləşdi. Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan Brüssel görüşü bölgədə sülh və təhlükəsizliyin yaranmasında mühüm platforma kimi dəyərləndirildi.
Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır. Həmçinin münaqişə həll olunduğuna görə artıq Minsk qrupu lazımsız təsisata çevrilib, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.
Ümumiyyətlə, Aİ ilə Azərbaycan arasında mövcud olan münasibətlərin davamlı surətdə inkişaf etməsi, gündəlikdə duran məsələlərin həlli baxımından ortaq maraqların birləşdirilməsi onu deməyə əsas verir ki, əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək və müttəfiqlik səviyyəsinə yüksələcək.

