Əsas səhifə 

Sülhə, qarşılıqlı əməkdaşlığa xidmət edən xarici siyasətimiz dəyişilməz və birmənalıdır

Prezident İlham Əliyevin  sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkəmizin siyasi, iqtisadi uğurları ilə yanaşı, diplomatiyada qazanılan uğurlardan bəhs edən dövlət başçımızın vurğuladığı kimi,  beynəlxalq ictimaiyyətin Azərbaycanın bölgədə yaratdığı  reallıqları dəstəkləməsi ölkəmizə artan  marağın, inam və etimadın ifadəsidir

Ümummilli lider  Heydər Əliyevin «Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» sözlərini 18 illik fəaliyyəti ilə doğruldan, dövlət quruculuğu və idarəçilik sahəsində Azərbaycanın tarixinə yeniliklər gətirən, ilk dəfə Prezident seçilərkən söylədiyi «Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» vədini  «Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm”» sözləri ilə  reallaşdıran Prezident  İlham Əliyev  regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı Dövlət proqramlarının hazırlanıb həyata keçirilməsi ilə dinamik inkişafı sürətləndirdi. Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyevin seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə dövlət başçısı seçilməsi Azərbaycanda xalq-iqtidar birliyinin,  milli həmrəyliyin nümunəsi olmaqla ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik nümunəsi idi.
Ölkəmizdə bütün istiqamətlər üzrə davamlı inkişaf üçün lazımi konturlar müdrikcəsinə  müəyyənləşdirildi, nəzərəçarpacaq nailiyyətlər qazanıldı. Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən müstəqil xarici siyasət kursu beynəlxalq qanunların tələblərinə uyğun formalaşdırıldı, diplomatik səylər artırıldı. Azərbaycanın dünya  iqtisadiyyatına , Avropa  strukturlarına  inteqrasiyanın intensivləşməsi ilə islahatlar paketi zənginləşdirildi.

Düşünülmüş daxili və xarici siyasət sayəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində belə analoqu olmayan, sistemli və davamlı xarakter alan inkişaf tempini qorudu. Bütün sahələr üzrə  inkişafın keyfiyyətcə yeni mərhələsinin startı verilən  Azərbaycanın gələcəyə yolunun bələdçisi «Tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma» prinsipini əks etdirən təkamül oldu. 18 ildə həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin etməklə milli dövlətçilik maraqlarına uyğun ikitərəfli  və çoxtərəfli əməkdaşlıq formatının müəllifi olan ölkəmizin xarici siyasəti  qarşıdakı on illər üçün nəzərdə tutulan prioritetlər əsasında  fomalaşdırıldı.  Dövlət başçıları arasında böyük nüfuz qazanan Prezident İlham Əliyev   beynəlxalq siyasətin aktoru statusuna yüksəldi.
Ölkə daxilində sabitlik yaratmaqla böyük iqtisadi uğurlara nail olan dövlət başçımız  xarici siyasət kursunu dünyada baş verən hadisələr fonunda  formalaşdırmaqla daha da təkmilləşdirdi. Zəngin dövlətçilik təcrübəsi,  hadisələrin təhlili və araşdırılması baxımından həmkarlarından fərqlənən  Prezident İlham Əliyev   şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayan lider imicini gərgin fəaliyyəti ilə  qazandı. Milli maraqları əks etdirən, zərgər dəqiqliyi ilə müəyyənləşdirilən, addım-addım irəliyə doğru istiqamətlənən   diplomatik uğurları ilə  Azərbaycana böyük nüfuz qazandıran cənab İlham Əliyevin dövlətçilik təcrübəsinin nəticəsidir ki, dünya siyasətinin ən qlobal, beynəlxalq əhəmiyyətli məsələlərinin müzakirəsi, mühüm simpoziumlar  Azərbaycanda keçirilir.  Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində  çoxkombinasiyalı siyasi gedişlərin yaratdığı  reallığı görən qitə dövlətləri  ölkəmizə  alternativi olmayan enerji mənbəyi kimi üstünlük verir.  Ölkəmizdə mövcud olan daxili sabitlik,  artan iqtisadi gücümüz, beynəlxalq sferada möhkəmlənən mövqeyimiz, davam etdirilən  prinsipial xarici siyasətimiz bütünlükdə  Azərbaycanın qüdrətli dövlət kimi tanınmasının məntiqi nəticəsidir. Ən böyük uğurumuz isə məqsədyönlü  xarici siyasətimiz sayəsində 30 il Ermənistanın işğalı altında qalan ərazilərimizin azad edilməsidir.

Bu günlərdə Prezident İlham Əliyevin  sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkəmizin siyasi, iqtisadi uğurları ilə birgə diplomatiyada qazanılan uğurlardan da ətraflı danışıldı.

Vətən müharibəsini Zəfərlə başa çatdıran Azərbaycanla  əlaqələrin möhkəmlənməsi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində iştirakla bağlı  Türkiyə, İsrail  və digər başqa dövlətlər tərəfindən müraciətlərin artması xarici siyasətində qarşılıqlı etimada böyük dəyər verən respublikamızın  vədinə sadiq ölkə kimi tanınmasıdır.

İkinci Qarabağ müharibəsindən sonra   beynəlxalq təşkilatların nümayəndələrinin, diplomatik korpus təmsilçilərinin, xarici jurnalistlərin ölkəmizə davamlı səfərləri   Azərbaycan diplomatiyasının uğurlarının təzahürüdür.  Vətən müharibəsindən sonra  Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa, Türkiyə-Azərbaycan-Pakistan parlament sədrlərinin imzaladıqları Bakı bəyannamələri, Füzuli Beynəlxalq Hava Limanının, Zəfər yolunun istifadəyə verilməsi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərində İtaliyanın, Türkiyənin tanınmış şirkətlərinin iştirakı  ölkəmizin çoxşaxəli beynəlxalq münasibətlər sistemində özünü doğrultması, əməkdaşlıq coğrafiyasının genişlənməsidir.

«Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. İlk növbədə,  BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir – Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur» söyləyən Prezident İlham Əliyev Azərbaycanın digər aparıcı beynəlxalq təşkilatlardakı fəaliyyətini də diplomatiyada qazanılan uğur adlandırır. BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın quruma üzv dövlətlərin  razılığı və dəstəyi ilə  sədrlik müddətinin  daha  bir il  uzadılması  ölkəmizin özünü doğruldan xarici siyasətinə beynəlxalq səviyyədə göstərilən dəstək və etimaddır.  İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə İslam Əməkdaşlıq Təşkilatının rəsmi olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən  qərar və qətnamələr qəbul etməsi, eyni zamanda,  ölkəmizin multikultural, tolerantlıq dəyərlərə sadiqliyidir.  «Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha bir neçə qətnamə – Azərbaycan mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul etmişdir və təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfərlər etmişlər» söyləyən dövlət başçımız İlham Əliyev  uzun müddət artıq tarixə qovuşan «Dağlıq Qarabağ münaqişəsi»nin  həlli ilə guya  məşğul olmaq görüntüsü formalaşdıran ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı münasibətini açıqlamışdır.  Ən əsası odur ki, 30 ilə yaxın müddətdə  Azərbaycana qarşı ikili stndartlar mövqeyindən yanaşan digər beynəlxalq təşkilatlar kimi,  ATƏT rəsmiləri də  ölkəmizin bölgədə yaratdığı reallıqları qəbul edir. «ATƏT-in Minsk qrupuna gəldikdə, müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi və o görüşlə bağlı mətbuatda kifayət qədər məlumat var, təkrar etmək istəmirəm. Bizim mövqeyimiz həmişə birmənalı olub. Biz müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri, eyni fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur» söyləyən Prezident İlham Əliyev Azərbaycanın illərdən bəri dünya siyasətinin  aktual və qlobal məsələsi olan «Dağlıq Qarabağ münaqişəsi»ni öz gücü, qüdrəti ilə həll etməsini ölkəmizin diplomatik uğuru adlandırır. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandatı faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız hesab edən Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyini dəfələrlə  bildirmişdir. Müşavirədə  söylədiyi  «Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz. Hesab edirəm ki, ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər. Bu yaxınlarda qeyd etdiyim kimi, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında mən bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın» sözləri ilə  hazırda aktual məsələ olan  Ermənistanla Azərbaycan arasında  etibarlı sülhün yaranmasında istənilən beynəlxalq təşkilatın öz töhfəsini verə biləcəyini də diqqətə çatdırır.

Son illərdə  Avropa İttifaqı ilə Azərbaycan arasında möhkəmlənən təmasların müsbət nəticəsi bu günlərdə keçirilən Brüssel görüşündə razılaşdırılan prinsiplər,  Azərbaycana olan isti münasibətlərdir. «Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm. Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə «Dağlıq Qarabağ»” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və «münaqişə»” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur» sözlərinin məntiqi nəticəsi  Azərbaycanın öz gücü ilə ərazi bütövlüyünü bərpa etməsi,  Ermənistana ikitərəfli münasibətlərin tənzimlənməsini təmin edəcək , sülhün yaranmasına  yönələn 5 prinsipdən ibarət təklif verməsidir. «Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir» söyləyən ölkə Prezidenti İlham Əliyev  Aİ-də keçirilən görüşü,  bu günlərdə Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasındakı telefon söhbətini də müsbət hal kimi qiymətləndirir. Sərhədlərin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq, sülh müqaviləsinin hazırlanması ilə məşğul olacaq işçi qruplarının işə başlamasını ölkəmizin diplomatik səylərinin uğurlu nəticələri adlandırır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı quruculuq işlərinin  dəstəklənməsi, beynəlxalq təşkilatlarla ikitərəfli formatda əlaqələrin yeni istiqamətdə formalaşması, Qarabağ və Şərqi Zəngəzurdakı  inkişaf, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi kimi   reallıqlar təsdiqləyir ki, ölkəmiz təkcə regionda deyil, bütün dünyada  söz sahibidir.

Daha çox xəbərlər