Qırğızıstan portalı Şuşa şəhərində Zəfər Qurultayının keçirilməsi ilə bağlı material yayıb
Qırğızıstanın “turktoday.info” portalı öz səhifəsində Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayının işə başlaması ilə bağlı AZƏRTAC-ın rus dilində yaydığı geniş materialı tam olaraq yerləşdirib.
Materialda qeyd edilib ki, Vətən uğrunda canından keçən, qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev nitqinə bu sözlərlə başlayıb: “Biz şəhidlərimizin qanını döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün təsəlli verir”.
Dövlət başçısı öz geniş və əhatəli nitqində vurğulayıb ki, tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir.
44 günlük Vətən müharibəsindən danışan dövlət başçısı deyib: “Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”.
Sonra Prezident İlham Əliyev 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən birinci qurultay, 30 il davam edən mənasız danışıqlar, ən nəhayət, Azərbaycan ordusunun əks hücumları, 44 gün ərzində 300-dən çox şəhər və kəndin döyüş meydanında azad olunması, bu müddət ərzində Ermənistan ordusunun tamamilə məhv edilməsi və digər məsələlər haqqında söhbət açıb.

