Xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix
Azərbaycan ilə Qırğızıstanın münasibətləri qədim tarixə malikdir. Azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Bu iki xalq arasında münasibətlər tarixi dövrü əhatə edir. Postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da yüksələn xətlə inkişaf etməyə başlayıb. Müstəqil siyasət yürüdən Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. İki dövlət arasında sıx əlaqələrin yaradılması Ulu Öndər Heydər Əliyevin səyləri ilə baş tutub. Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsinə töhfələr verir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər bu münasibətlərin daha da dərinləşməsinə səbəb olub.
Qırğızıstanın və Azərbaycanın dövlət başçılarının şəxsi görüşləri ikitərəfli qarşılıqlı əlaqələrin inkişafına təkan verib. İkitərəfli münasibətlərin inkişafının ümumi dinamikası beynəlxalq məkanlarda, o cümlədən BMT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı dəstəyi hesabına daha da möhkəmlənir. Bu halda beynəlxalq gündəliyin aktual məsələləri barədə Qırğızıstanın və Azərbaycanın mövqeləri uyğun gəlir.
Bütövlükdə, beynəlxalq təşkilatların fəaliyyəti çərçivəsində Qırğızıstanın və Azərbaycanın əməkdaşlığı durmadan inkişaf edir, iqtisadi, mədəni-humanitar və hüquq-mühafizə sahələrində qarşılıqlı əlaqələr dərinləşir. Yeni təhdidlərə və təhlükələrə qarşı mübarizə də əməkdaşlığın mühüm istiqamətidir. Son zamanlar Qırğızıstanla Azərbaycan nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərini birləşdirir. Azərbaycanda yüklərin müxtəlif istiqamətlərdə daşınmasına imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb və bu imkanlardan Qırğızıstan istifadə edə biləcəkdir. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Bu təcrübədən Qırğızıstan iqtisadiyyatının enerji sektorunda Azərbaycan şirkətləri tərəfindən istifadə edilə bilər. Həmçinin, kənd təsərrüfatı sahəsində perspektiv əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcək, bu sahənin mütəxəssisləri yaxın vaxtlarda Qırğızıstana səfər edəcəklər.
Sirr deyil ki, eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malik olan, dini və milli mənsubiyyət eyniliyi Azərbaycan və Qırğızıstan xalqlarının, dövlətlərinin əlaqələrinin inkişafına təsir göstərən mühüm faktorlardandır. Bu səbəbdəndir ki, Azərbaycan-Qırğızıstan münasibətləri bu gün yüksələn xətlə inkişaf edir, hətta strateji tərəfdaşlıq səviyyəsinə belə çatıb. Keyfiyyətcə yeni səviyyəyə çatan Azərbaycan-Qırğızıstan münasibətləri ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulub və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf edir.
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dəvəti və aprelin 20-də baş tutmuş rəsmi səfər iki ölkə arasında olan münasibətləri daha bir üst səviyyəyə daşımaq məqsədi daşıyırdı. Yüksək səviyyəli görüşlərdə qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə ətraflı müzakirələr aparılmış və müxtəlif sahələr üzrə sənədlər imzalanmışdır. İmzalanmış sənədlər özündə müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarını ehtiva edir və heç şübhəsiz ki, bu səfər münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Dövlət başçılarının görüşü bir daha göstərdi ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir.
Alıhüseyn Hüseynov,
Salyan rayon Marışlı bələdiyyəsinin sədri

