“Söhbətin ardı qaldı…”
Qarşımda çox maraqlı bir kitab var. Bu kitab həmişə görməyə, haqqında rəy yazmağa alışdığımız kitablardan, monoqrafiyalardan çox fərqlidir. Onu vərəqlədikcə, onunla tanış olduqca gözlərimizin önündə 1950-1970-ci illərin Naxçıvanı canlanır. O dövrdəki ictimai-siyasi, iqtisadi-mədəni həyat, bir sözlə bütün sahələrdə gedən inkişaf, yaşanan problemlər, çatışmazlıqlar təsəvvürümüzdə aydın şəkildə əks olunur. Bu əsər “Şərq qapısı” qəzetinin xüsusi müxbiri Məmməd Rzayevin qəzetdə çap olunmuş yazılarının toplusudur. “Şərq qapısı” qəzetinin 100 illiyi və anadan olmasının 110 illiyi münasibətilə Məmməd Rzayevin nəvəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayeva tərəfindən tərtib olunan kitab tərtibçinin öz babası haqqında maraqlı ön sözü ilə başlayır. Burada qeyd olunur ki, Məmməd Rzayev öz ömrünün 26 ilini “Şərq qapısı” qəzetinə həsr etmişdir. 1950-ci ildən 1976-cı ilə qədər qəzetin xüsusi müxbiri kimi çalışmış, öz peşəsini sevən, məhsuldar, gördüyü işə həvəslə və məsuliyyətlə yanaşan bir jurnalist kimi tanınmışdır.
“Söhbətin ardı qaldı…” kitabında onun publisistik fəaliyyətinin ‒ felyetonlarının və məqalələrinin bir hissəsi toplanmışdır. Əsərin ön sözündə qeyd edildiyi kimi, onun fəaliyyəti çoxşaxəlidir. Ona görə də bu yaradıcılığı bütünlüklə bir kitabda əhatə etmək qeyri-mümkündür. Onun yaradıcılığı ilə tanış olduqca görürük ki, Məmməd Rzayev ömrünü doğulduğu torpağa həsr etmiş, vətənini, xalqını sevən və qəlbi onlar üçün döyünən bir jurnalistdir. Ona görə də o, gördüklərinə biganə yanaşa bilmir və daima yazılarında dövrünün hadisələrinə öz ziyalı münasibətini bildirir. Məmməd Rzayevin yaradıcılığını izləyərkən biz həmçinin “Şərq qapısı” qəzetinin o dövrdəki fəaliyyəti ilə tanış olur, muxtar respublikamızın həyatının güzgüsü olan bu qəzetin zamanın nəbzini necə tutduğunun, bu gün artıq tarixə çevrilmiş hər bir səhifəsinin zəngin və dəyərli bir mənbə olduğunun şahidi oluruq.
Məmməd Rzayev öz felyeton və məqalələrində dövrünün hadisələrinə öz münasibətini bildirərkən cəmiyyətdə gördüyü çatışmazlıqları sadə və yığcam bir dillə oxucusuna çatdırmağa nail olur. Xüsusən onun “Yeni məhəbbət dastanı”, “Dərviş səfərə çıxır”, “Azarkeşlər”, “Toydan sonra nağara”, “Ərəfsə çempionatı” felyetonlarında əsas tənqid hədəfləri cəhalət, gerilik, paxıllıqdır. “Pirlərin cəfası, həkimlərin səfası” felyetonunda xəstələnən arvadı Sahabı qonşuların məsləhəti ilə uzun müddət pirləri gəzdirən və heç bir nəticə görməyən Qoşunəlinin başına gələnlər təsvir olunur. Nəhayət, Qoşunəli “pirlərin cəfasını” çəkəndən sonra öz arvadını həkimə aparır və bir neçə gün içərisində o sağalaraq evinə qayıdır. Felyeton müəllifin “Qoşunəlinin pullarını pirlərdəki lotular yedi. Özü və arvadı xeyli cəfa çəkdilər. Lakin xəstənin şəfasını həkimlər verdi” sözləri ilə bitir. M.Rzayevin hər bir yazısında bu felyetonda olduğu kimi, dövrün mənzərəsi canlanır. Quruculuq illəri kimi xarakterizə olunan həmin dövrdə Naxçıvan Muxtar Respublikasında gedən inkişaf, bu inkişafa mane olmağa çalışan ünsürlər tənqid atəşinə tutulur. Bu zaman müəllif bəzən obrazlı dilldən istifadə edərək demək istədiklərini dolayı yolla oxucusuna çatdırır. Bəzən isə birbaşa, açıq şəkildə, konkret şəxslərin adlarını çəkərək öz fikirlərini ifadə edir.
Məmməd Rzayevin publisistikasında müxtəlif peşə sahiblərinin öz işinə vicdanla yanaşması təqdir olunur, bəzən isə əksinə, işinin öhdəsindən layiqincə gələ bilməyən kadrlar tənqid obyektinə çevrilir. Bu cəhətdən onun “Belə də bağça olar?”, “Hakim qəlblərə yol tapanda”, “Saray nağılı”, “Gözlər gülür, ürək sevinir”, “Əldən qalan” məqalələri ayrı-ayrı məşğuliyyət sahələrinə, orada çalışan insanların əməyinə həsr olunmuşdur.
Məmməd Rzayevin məqalələrinin bir hissəsini də muxtar respublika əhalisinin əsas məşğuliyyət sahələri, onların inkişafı üçün qarşıya qoyulan tələblər, bu sahələrə göstərilən diqqət və qayğıya həsr etdiyi yazıları təşkil edir. “Qurdlar qayğı tələb edir”, “Havaya bulud gələndə”, “Gələn ilin bol məhsulu üçün”, “Vaxt keçir, taxıl vağamlayır”, “Qənaətcillik əsasdır” adlı məqalələrdə o, həm jurnalist, həm də vətəndaş mövqeyindən çıxış edərək, qarşıda duran vəzifələrdən söhbət açır. Bəzən müəllifin “Təşəbbüs yaxşıdır, amma…”, “Vaxt gözləmir”, “Əkini ləngitmək olmaz”, “Tələsmək lazımdır”, “Torpağı qoruyaq!” kimi hər bir əsərinin adı şüara çevrilərək bu vəzifələri aid şəxslərə çatdırır.
Məmməd Rzayevin yaradıcılığında Naxçıvanın füsunkar və təkrarolunmaz təbiətinin təsviri də xüsusi yer tutur. Belə yazılarında o, bölgəmizin keçmişini özündə yaşadan, xalqımızın şanlı mübarizə tarxindən xəbər verən qədim yurd yerlərimizin təsvirini yaradır. “Son bunkerlər” adl məqaləsində yazır: “Dan yeri sökülər-sökülməz bu yerlərdə insan səsi, maşın səsi, bir də kəndlərin ətəyindən axan Əlincə çayının zümzüməsi bir-birinə qarışır. Səslər vüqarla dayanan Haçadağda, hər daşında, qayasında neçə-neçə ox nişanı olan Əlincə qalasında əks-səda yaradır”. Onun məqalələrində Naxçıvanın təbiət mənzərələri, mil illərlə tarixi olan yer-yurd adlarımız, bulaqlarımızın, kəhrizlərimizin adları çəkilir, onlar haqqında qəzet oxucularına məlumatlar verilir. Təkcə “Kəhrizlər qorunmur” adlı məqalədə Culfa rayonunda olan “Gülüstan”, “Qaragöl”, “Seyidlər”, “Qarağanlıq kəhrizi”, “Şahabbas kəhrizi”, “Çay kəhrizi”, “Kənd kəhrizi” kimi bir neçə kəhrizi sadalayaraq o dövrdə onların yararsız vəziyyətindən narahatlığını dilə gətirir.
Məmməd Rzayevin məqalələri ilə tanış olduqca bir çox tənqidi yazılarının davamı olduğunu görürük ki, burada o, haqqında danışdığı əvvəlki vəziyyətlə sonrakı vəziyyəti qarşılaşdırır. “Xidmət yaxşılaşır”, “Tapşırıqlar yerinə yetirilir” məqalələri ilə tanış olarkən müxtəlif təşkilatların öz ünvanlarına deyilən tənqiddən nəticə çıxardığı və müəyyən tədbirlərin görüldüyü qənaətinə gəlirik. Ümumiyyətlə, apardığı müşahidələrə, ətrafında gördüklərinə tənqidi mövqe heç də bütün qələm sahiblərində olmur. Lakin Məmməd Rzayev, doğurdan da, əsl jurnalist kimi gerilikləri görür və onu əks etdirməkdən də çəkinmir.
Məmməd Rzayevin həyatında, yaradıcılığında “Şərq qapısı” qəzetinin xüsusi yeri və rolu var. Onun fəaliyyətini izləyərkən qədim tarixi olan bu mətbuat orqanının Naxçıvanın güzgüsü olduğunu bir daha görürük. Bu baxımdan bu gün də bu qəzet muxtar respublikada gedən ciddi quruculuq, inkişaf proseslərini özündə əks etdirir. Deməli, uzun illər sonra qəzetin bugünkü nömrələri də tarixə çevriləcək, gələcək nəsillərə dövrümüzlə bağlı məlumatlar çatdıracaqdır. Onun ərsəyə gəlməsində əməyi olan Məmməd Rzayev kimi təcrübəli, peşəkar jurnalistlər isə bu gün də öz yazıları ilə yaşayır, onlar vasitəsilə günümüzə boylanır, öz oxucuları ünsiyyət qururlar. Bu da belə yaradıcı qələm sahiblərini insan həyatının zaman baxımından məhdud çərçivəsindən çıxarır, ölümsüzləşdirir.
Nuray Əliyeva,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı

